Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsiBu gün, 19:48. Yazar: azer |
![]() Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü Azərbaycanın regionla münasibətlərində formalaşan yeni mərhələnin aydın mənzərəsini ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan artıq Mərkəzi Asiya ilə əlaqələrini yalnız siyasi dialoq müstəvisində deyil, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq kimi geniş istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində qurur. Azərbaycanın ötən il bu formata tamhüquqlu üzv qəbul edilməsi həmin münasibətlərin siyasi çəkisinin göstəricisidir. Bu qərarın yekdilliklə dəstəklənməsi ölkəmizə olan yüksək etimadı nümayiş etdirdi. Xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun bu prosesdəki təşəbbüsü qeyd olunmalıdır. Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə sürətlə inkişaf etməsi də həmin etimadın praktik ifadəsidir. Ötən ildən bəri ən yüksək səviyyədə beş qarşılıqlı səfərin baş tutması əlaqələrin dinamikliyini göstərir. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. Deputat qeyd edib ki, bu gün Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın real iqtisadi nəticələri də göz önündədir. Ötən il region ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əlaqələrin dərinləşdiyini göstərir. Lakin qarşıdakı mərhələnin hədəfi yalnız ticarəti artırmaq deyil. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının imkanlarından istifadə etməklə istehsal müəssisələrinin qurulması, birgə investisiyaların artırılması və xarici bazarlara birlikdə çıxış daha böyük iqtisadi imkanlar yarada bilər. O bildirib ki, bu tərəfdaşlığın əsas dayaqlarından biri Xəzər və Orta Dəhlizdir. Azərbaycan son illərdə limanlara, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına yatırdığı sərmayələrlə Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan mühüm nəqliyyat qovşağına çevrilib. Orta Dəhliz üzrə yükdaşımaların artması onun artıq gələcəyin deyil, bu günün işlək və genişlənən marşrutu olduğunu göstərir. “Rəqəmsal İpək Yolu” çərçivəsində Xəzərin dibi ilə fiber-optik xətlərin yaradılması isə bu əməkdaşlığa rəqəmsal ölçü qazandırır. “Energetika sahəsində də eyni mənzərə müşahidə olunur. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinin artması ölkəmizin regionun enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında rolunu gücləndirir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində regional əməkdaşlığın fəal iştirakçısı olduğunu göstərir. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı isə münasibətlərə xüsusi mənəvi məna verir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın Füzulidə məscid tikintisinə dəstək verməsi qardaşlığın konkret nümunələridir. Bu layihələr yalnız bərpa prosesinə töhfə deyil, xalqlarımızın tarixi və mədəni bağlarının da ifadəsidir”, - deyə E.Akimova qeyd edib. Onun fikrincə, bütün bu istiqamətləri birləşdirən əsas amil isə qarşılıqlı etimaddır. Çünki nəqliyyat dəhlizlərinin səmərəli işləməsi, investisiyaların artması, enerji layihələrinin genişlənməsi və uzunmüddətli iqtisadi tərəfdaşlığın qurulması üçün ilk növbədə sabitlik və təhlükəsizlik lazımdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sülh və siyasi-iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Türkmənbaşı görüşündə imzalanan Birgə Bəyanat və Məşvərət formatının fəaliyyətini tənzimləyən sənədlər də əməkdaşlığın institusional əsaslarının möhkəmləndiyini göstərir. Deputat əlavə edib ki, bu mənzərə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. Xəzər üzərindən uzanan nəqliyyat yolları, böyüyən ticarət və investisiyalar, enerji və rəqəmsal layihələr, Qarabağın bərpasında nümayiş etdirilən qardaş dəstəyi vahid strateji xəttin müxtəlif istiqamətləridir. Azərbaycan bu xəttin mühüm halqasıdır. Ölkəmiz Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat və enerji məkanının formalaşmasında fəal rol oynamaqla yanaşı, ortaq tarix və mədəniyyətə söykənən daha sıx regional əməkdaşlığın da təşəbbüskarlarından birinə çevrilir. Geri dön |