Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Azərbaycanın Mərkəzi Asiya siyasətinin mühüm cəhətlərindən biri onun yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasıdır”

Novruzəli Aslanov: “Azərbaycanın Mərkəzi Asiya siyasətinin mühüm cəhətlərindən biri onun yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasıdır”


Bu gün, 19:40. Yazar: azer
Novruzəli Aslanov: “Azərbaycanın Mərkəzi Asiya siyasətinin mühüm cəhətlərindən biri onun yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasıdır”

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində son illərdə müşahidə olunan dinamika təsadüfi proses deyil. Bu əlaqələrin arxasında ardıcıl siyasi dialoq, qarşılıqlı etimad və dövlətlərin bir-birinin milli maraqlarına hörmət prinsipi dayanır. Məhz bu amillər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişlənməsinə və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verib. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirdi. Prezident İlham Əliyevin görüşdə iştirakı Azərbaycanın bu formatda artan rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə verdiyi əhəmiyyətin ifadəsidir. Azərbaycanın 2025-ci ilin noyabrında bu platformaya tamhüquqlu üzv kimi qoşulması isə əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin mühüm xüsusiyyətlərindən biri siyasi məsələlərdə qarşılıqlı dəstəyin mövcudluğudur. Beynəlxalq və regional məsələlərə yanaşmalarda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsipinə hörmət qarşılıqlı münasibətlərin möhkəm dayağıdır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri ilə də tam uyğunluq təşkil edir.”

Milli Məclisin deputatı Novruzəli Aslanov bu fikirləri aia.az-a açıqlamasında səsləndirib.

Millət vəkili bunu da bildirib ki, Azərbaycan və Mərkəzi Asiya xalqları arasında tarixi, mədəni və mənəvi bağlar da əməkdaşlığın sosial əsaslarını möhkəmlənməsində mühüm rol oynayır: “Ortaq türk kimliyi bu əlaqələrə xüsusi məzmun verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətlər arasında siyasi münasibətlərin möhkəmlənməsi xalqlar arasındakı humanitar əlaqələrin daha da genişlənməsinə şərait yaradır. Prezident İlham Əliyevin siyasətində Mərkəzi Asiya istiqamətinin xüsusi yer tutması Azərbaycanın xarici siyasətinin uzaqgörən xarakterini göstərir. Dövlət başçısının region ölkələrinə çoxsaylı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər münasibətlərin şəxsi təmaslardan institusional əməkdaşlığa doğru inkişaf etdiyini göstərir. Bu prosesdə siyasi iradə ilə yanaşı, qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsi də mühüm rol oynayır. Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətlərini birləşdirən gündəm kifayət qədər genişdir. Nəqliyyat və logistika, enerji, ticarət, investisiya, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Əsas məsələ bu potensialın konkret layihələrə və uzunmüddətli nəticələrə çevrilməsidir. Türkmənbaşı görüşü məhz belə bir əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın Mərkəzi Asiya siyasətinin başqa bir mühüm cəhəti onun yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasıdır. Bakı regional əməkdaşlığın ümumi maraqlar əsasında inkişafında maraqlıdır. Bu yanaşma Azərbaycanı müxtəlif coğrafiyalar arasında əlaqələndirici həlqəyə çevirir. Xəzər dənizi artıq tərəfləri ayıran məkan deyil, onları birləşdirən əməkdaşlıq xəttinə çevrilməkdədir. Bu reallıq Azərbaycanın beynəlxalq mövqeyinin də yeni məzmunla zənginləşdiyini göstərir. Tarixi Zəfərdən sonra ölkəmizin diplomatik imkanları genişlənib, regional təşəbbüsləri daha böyük diqqət qazanıb. Prezident İlham Əliyevin balanslı, prinsipial və praqmatik xarici siyasəti Azərbaycanın həm yaxın coğrafiyada, həm də daha geniş beynəlxalq məkanda etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir. Türkmənbaşı görüşünün nəticələri də göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq ənənəvi əməkdaşlıq çərçivəsini aşaraq strateji xarakter alır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön