Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov:"Füzuli şəhəri günü böyük zəfərimizin mühüm rəmzlərindən biridir"

Eltun Süleymanov:"Füzuli şəhəri günü böyük zəfərimizin mühüm rəmzlərindən biridir"


Bu gün, 11:19. Yazar: azer
Eltun Süleymanov:"Füzuli şəhəri günü böyük zəfərimizin mühüm rəmzlərindən biridir"

17 Oktyabrı artıq yalnız Füzulinin azadlıq günü deyil, doğma torpağın yenidən həyata qayıdış günüdür. Çünki Zəfərdən sonra Füzulidə yeni evlər, yollar, məktəblər tikilir, insanlar doğma yurdlarına qayıdır. Dünən azad edilən torpaqda bu gün yeni həyat qurulur, gələcəyə inamla addımlayan müasir Füzuli yaranır.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, 17 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi ilə tariximizin ağır bir səhifəsi bağlandı. Lakin Azərbaycan üçün bu, son deyil, böyük quruculuq mərhələsinin başlanğıcı idi. Çünki qarşıda dağıdılmış şəhərlərin yenidən qurulması, minalardan təmizlənməsi, yolların, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin salınması və ən əsası, insanların doğma yurdlarına qaytarılması kimi nəhəng vəzifələr dayanırdı. Füzuli bu prosesin ən mühüm ünvanlarından birinə çevrildi. İşğaldan azad edilmiş ərazilər arasında Füzuli minalarla ən çox çirkləndirilmiş rayonlardan biridir. İlkin hesablamalara görə, burada yüz mindən çox mina basdırılıb. Bu fakt azad edilmiş ərazilərdə quruculuq işlərinin hansı mürəkkəb şəraitdə aparıldığını göstərir. Amma Azərbaycan bu təhlükəni də qarşısına məqsəd qoyduğu böyük quruculuq yolunda maneəyə çevirmədi. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Füzulidə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 mart tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi. Bu sənəd Füzulinin sadəcə yenidən qurulmasını deyil, gələcəyə hesablanmış müasir şəhər kimi formalaşdırılmasını müəyyənləşdirən mühüm addımlardan biridir. Bu gün Füzulidə görülən işlərin miqyası da həmin məqsədin necə ardıcıl həyata keçirildiyini göstərir. Şəhərdə “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları inşa olunub. Füzuli Beynəlxalq Hava Limanı isə şəhərin və bütövlükdə Qarabağın dünyaya açılan mühüm nəqliyyat qapılarından birinə çevrilib. Bütün bunlar Füzulinin xəritədəki yerini deyil, Azərbaycanın yeni iqtisadi və nəqliyyat məkanındakı rolunu da dəyişir. Şəhərin əsl dirçəlişi isə insanların qayıdışı ilə başlayır. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı başladı. İlk mərhələdə 144 ailə doğma şəhərinə köçürüldü. Onlar illər ərzində Bakı, Sumqayıt və Abşeron ərazisində, müxtəlif müvəqqəti məskunlaşma yerlərində yaşamış ailələr idi. Bu qayıdış artıq ayrı-ayrı ailələrin köçü deyil, bütöv bir şəhərin həyata qayıdış prosesidir. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailənin, ümumilikdə 3153 nəfərin köçürülməsi də bunu təsdiqləyir. Füzulidə quruculuq yalnız Azərbaycan dövlətinin imkanları ilə məhdudlaşmır. Bu şəhər həm də Azərbaycanın dost və qardaş dövlətlərlə münasibətlərinin canlı nümunəsinə çevrilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. 40 sinif otağı, laboratoriyalar, informatika otaqları, kitabxana, akt və idman zalları, futbol meydançası və digər infrastrukturu özündə birləşdirən bu məktəb iki qardaş xalq arasındakı münasibətlərin mühüm rəmzlərindən biridir. Qazaxıstanın Füzuliyə verdiyi dəstək də eyni mənəvi məzmun daşıyır. 2024-cü il martın 12-də cənab Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu mərkəz iki qardaş xalqın dostluğunun Füzuli torpağında ucaldılmış rəmzlərindən biridir.
Füzulinin dirçəliş tarixində cənab Prezident İlham Əliyevin şəhərə və rayona çoxsaylı səfərləri də xüsusi yer tutur. 2020-ci il noyabrın 16-da şəhərdə Azərbaycan bayrağının ucaldılmasından başlayaraq Zəfər yolunun təməlqoyması, hava limanının və yolların tikintisi, enerji və su infrastrukturu, yaşayış kompleksləri, məktəblər, kəndlər və digər layihələrlə bağlı ardıcıl səfərlər Füzulinin bərpasının sistemli dövlət siyasəti kimi həyata keçirildiyini göstərir. Bu ardıcıllıq sonrakı illərdə də davam edib. Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 ay ərzində inşa olunaraq 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi, Füzuli-Hadrut yolunun, yeni yaşayış komplekslərinin, məktəblərin, rəqəmsal enerji infrastrukturunun və digər layihələrin reallaşdırılması şəhərin necə sürətlə dəyişdiyini göstərir. Bu gün Füzulinin simasında Azərbaycanın Böyük Qayıdış siyasətinin mahiyyətini aydın görmək mümkündür. Çünki Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına qayıtması deyil. Bu, həmin torpaqlarda yeni həyatın qurulmasıdır. Məktəbin uşaqların səsinə, küçələrin insanların addımlarına, evlərin ailə nəfəsinə, şəhərin isə gələcək arzularına qovuşmasıdır. Füzuli bu mənada Qarabağın gələcəyinə açılan mühüm pəncərələrdən biridir. Bir vaxtlar işğalın ağır izlərini daşıyan şəhərdə bu gün yaşayış məhəllələri salınır, yollar çəkilir, sosial obyektlər tikilir, enerji və su infrastrukturu yaradılır, uşaqlar üçün məktəblər və yaradıcılıq mərkəzləri qurulur. 17 Oktyabrın böyük mənası da məhz bundadır. Bu gün yalnız “şəhər azad edildi” demək üçün qeyd olunmur. Bu tarix bizə azadlığın ardınca gələn məsuliyyəti, quruculuğu və Böyük Qayıdışı xatırladır. Füzuli indi keçmişin xatirəsi ilə gələcəyin ümidini birləşdirən şəhərdir. Onun hər yeni binasında Zəfərin izi, hər qayıdan ailəsində Böyük Qayıdışın nəfəsi, hər çəkilən yolunda Azərbaycanın gələcəyə doğru addımı görünür. 17 Oktyabr Füzulinin azadlıq günüdür. Amma bu günün ən böyük təntənəsi odur ki, azad edilmiş Füzuli artıq yenidən yaşayır, qurulur və gələcəyə doğru inamla addımlayır-deyə E.Süleymanov fikrini tamamlayıb.
Geri dön