Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Füzuli bu gün Türk dünyasının qardaşlıq və həmrəylik məkanlarından birinə çevrilib”

Azər Kərimli: “Füzuli bu gün Türk dünyasının qardaşlıq və həmrəylik məkanlarından birinə çevrilib”


Bu gün, 11:00. Yazar: azer
Azər Kərimli: “Füzuli bu gün Türk dünyasının qardaşlıq və həmrəylik məkanlarından birinə çevrilib”

“Dövlət başçısının müvafiq Sərəncamı ilə 17 oktyabrın “Füzuli şəhəri günü” kimi müəyyənləşdirilməsi tarixi Zəfərin və Füzulinin azadlığı uğrunda mübarizənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Füzuli tarixən Azərbaycanın zəngin keçmişə, mühüm coğrafi mövqeyə və böyük mənəvi irsə malik bölgələrindən biri olub. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu qədim yurd əsrlər boyu Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi özünəməxsus yer tutub. 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli şəhəri və rayonun böyük hissəsi işğal edildi. İşğal dövründə rayonun tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və təbiətinə böyük ziyan vuruldu, insanlar doğma torpaqlarından didərgin salındılar. Lakin xalqımız işğal altındaolan bütün ərazilərimizin, o cümlədə Füzulinin bir gün azad ediləcəyinə ümidini heç vaxt itirmədi.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan hərb tarixinin ən şərəfli və həlledici səhifələrindən birinə çevrildi: “Düşmən təxminən 30 il ərzində bu istiqamətdə bir neçə müdafiə xətti və möhkəm istehkam sistemi yaratmışdı. Bir sıra hərbi mütəxəssislər belə hesab edirdilər ki, bu müdafiə sədlərinin yarılması uzun müddət tələb edə bilər. Ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, peşəkarlığı və hərbçilərimizin misilsiz qəhrəmanlığı bütün bu təsəvvürləri alt-üst etdi. Füzuli istiqamətində bir neçə müdafiə xəttinin yarılması Ordumuza mühüm strateji üstünlüklər qazandırdı və sonrakı əməliyyatların uğurla davam etdirilməsi üçün əlverişli şərait yaratdı. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin, həmçinin Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin işğaldan azad edilməsi tarixi ədalətin bərpası idi. Bu gün Füzuli yalnız hərbi Zəfərin deyil, eyni zamanda böyük quruculuğun və Böyük Qayıdışın rəmzidir. İşğaldan azad edilmiş rayonlar arasında mina ilə ən çox çirkləndirilmiş ərazilərdən biri olan Füzulidə həyatın bərpası böyük çətinliklər şəraitində həyata keçirilir. Buna baxmayaraq, dövlət başçımızın rəhbərliyi və xüsusi diqqəti nəticəsində rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi şəhərin gələcək inkişafının sistemli əsaslar üzərində qurulduğunu göstərir. Rayonda enerji və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr reallaşdırılıb. “Füzuli” yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, eləcə də Füzuli Beynəlxalq Hava Limanı bölgənin yeni inkişaf mərhələsinin mühüm göstəriciləridir. Ən önəmlisi isə, Füzulidə insanların öz doğma yurdlarına qayıdışı artıq reallığa çevrilib. 2023-cü ilin avqustundan başlanan köç prosesi uğurla davam edir və yüzlərlə ailə uzun illərdən sonra öz torpaqlarına qovuşub. Böyük Qayıdış Proqramının icrası Füzulinin yenidən yaşayan, inkişaf edən və gələcəyə inamla baxan şəhərə çevrilməsini təmin edir. Füzuli həm də bu gün türk dünyasının qardaşlıq və həmrəylik məkanlarından birinə çevrilib. Qardaş Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına orta məktəbin, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması xalqlarımız arasındakı dostluğun və birliyin konkret ifadəsidir. Bütün bunlar göstərir ki, 17 Oktyabr – Füzuli şəhəri günü həm də xalqımızın iradəsinin, Azərbaycan Ordusunun qüdrətinin, dövlətimizin siyasi gücünün və Füzulinin işıqlı gələcəyinə olan inamın təntənəsidir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön