Ana Sayfa > Siyasət > İDEOLOJİ TƏHLÜKƏSİZLİK – GÖRÜNMƏYƏN, AMMA VACİB MƏSƏLƏ
İDEOLOJİ TƏHLÜKƏSİZLİK – GÖRÜNMƏYƏN, AMMA VACİB MƏSƏLƏBu gün, 10:02. Yazar: azer |
![]() Bu gün dövlət təhlükəsizliyi haqqında danışarkən ilk növbədə güclü ordu, möhkəm sərhədlər və iqtisadi imkanlar yada düşür. Lakin müasir dünyada təhlükəsizlik anlayışı daha geniş məna daşıyır. Dövlətin informasiya və ideoloji təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Çünki bəzən təhlükə qapıdan daxil olmur. O, telefon ekranından, sosial şəbəkədən, təsadüfi bir videodan, yanlış məlumatdan və ya gəncin düşüncəsinə təsir edən bir fikirdən daxil olur. Bu gün informasiya məkanında həqiqətlə yalanın, faydalı məlumatla manipulyasiyanın bir-birindən seçilməsi heç də asan deyil. Xüsusilə yeniyetmələr və gənclər müxtəlif təsirlərə daha həssasdırlar. Buna görə də onları sadəcə qadağalarla qorumaq mümkün deyil. Onlara düşünməyi, müqayisə etməyi, doğru ilə yanlışı ayırmağı öyrətmək lazımdır. Burada ailənin, məktəbin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bir uşağın verdiyi sual bəzən düşündüyümüzdən daha böyük əhəmiyyət daşıyır. Əgər o sualın cavabını ailəsində, müəllimindən və öz cəmiyyətindən ala bilmirsə, cavabı başqa mənbələrdə axtaracaq. Cavabsız qalan sualın cavabını övladımız başqa yerdə axtaracaq. Ona görə ideoloji təhlükəsizlik ilk növbədə düzgün ünsiyyətdən başlayır. Gənclərin suallarından çəkinməməli, onların maraqlandığı məsələlərə sağlam, əsaslandırılmış və milli dəyərlərimizə söykənən cavablar verməliyik. Xüsusilə dini maarifləndirmə də bu baxımdan əhəmiyyətlidir. Dini dəyərlər haqqında düzgün və sağlam bilik insanı yanlış və radikal yanaşmalardan qoruyan mühüm amillərdən biridir. Dini savadlılıq yalnız dini məsələləri bilmək deyil, həm də müxtəlif yanlış təbliğatları ayırd etmək bacarığıdır. Milli-mənəvi dəyərlər də ideoloji təhlükəsizliyin mühüm dayağıdır. Öz tarixini, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini bilən insan yad təsirlərə qarşı daha dayanıqlı olur. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının üzərinə də mühüm vəzifələr düşür. İdeoloji iş yalnız tədbir keçirmək və çıxış etməkdən ibarət olmamalıdır. İnsanlarla canlı ünsiyyət, gənclərlə açıq söhbətlər, maarifləndirici görüşlər və müasir informasiya vasitələrindən səmərəli istifadə bu fəaliyyətin ayrılmaz hissəsinə çevrilməlidir. Çünki müasir dövrdə ideoloji mübarizə yalnız böyük tribunalar üzərində deyil, insanların gündəlik həyatında, xüsusilə də gənclərin düşüncəsində gedir. Mənəvi boşluq yaranan yerdə onu kimsə doldurur. Bizim vəzifəmiz isə həmin boşluğun yad və dağıdıcı təsirlərlə deyil, elm, təhsil, ailə, milli-mənəvi dəyərlər və dövlətçilik düşüncəsi ilə doldurulmasına nail olmaqdır. İdeoloji təhlükəsizlik görünməyən bir müdafiə xəttidir. Bu xətt nə qədər möhkəm olarsa, dövlətimizin gələcəyi də bir o qədər etibarlı olar. Bəhruz Ramazanov, YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |