Ana Sayfa > Ölkə > Qaz və işıq limitləri ilə bağlı YENİ TƏKLİF: Xüsusi kartlar verilə bilər

Qaz və işıq limitləri ilə bağlı YENİ TƏKLİF: Xüsusi kartlar verilə bilər


Dünən, 22:42. Yazar: vasif
Qaz və işıq limitləri ilə bağlı YENİ TƏKLİF: Xüsusi kartlar verilə bilər


Havaların soyuması ilə əlaqədar olaraq qış aylarında əhalinin qaz və elektrik enerjisinə olan tələbatı sürətlə artır. Soyuq havalarda evlərin qızdırılması, işıqlandırma və məişət cihazlarından daha intensiv istifadə olunması enerji istehlakının yüksəlməsinə birbaşa səbəb olur.

Bu vəziyyət isə bəzi abonentlərin daha yüksək tarif pilləsinə keçməsi ilə nəticələnərək vətəndaşların büdcəsinə əlavə yük yarada bilər. Qış mövsümündə istehlakın artması fonunda qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin artırılması və ya dəyişdirilməsi məsələsini aktuallaşdırır.

İstehlakın artması vətəndaşların daha yüksək tarif üzrə ödəniş etməsinə səbəb olarsa, xüsusilə aztəminatlı ailələrin əlavə maliyyə yükünün qarşısının alınması üçün yeni mexanizmlər tələb olunur.

Azərbaycan enerji ölkəsi olmasına baxmayaraq, bu sahədə mövcud diferensial tarifləndirmə və limitlərin müəyyənləşdirilməsi yanaşması təkmilləşdirilməlidir.

Xammalın ölkəmizə məxsus olması nəzərə alınaraq resursların ədalətli şəkildə bölüşdürülməsi və əhalinin rifah göstəricilərinin yaxşılaşdırılması məqsədilə əlverişli şərtlər formalaşdırılmalıdır. Mövcud diferensial yanaşmanın özü saxlanılsa belə, onun müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinə və dəyişdirilməsinə böyük ehtiyac vardır.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Rəşad Həsənov mövzuya aydınlıq gətirib. Ekspert qış mövsümündə yaranan çətinliklərin aradan qaldırılması üçün vacib təkliflər irəli sürüb.

İqtisadçı bildirib ki, Azərbaycan enerji ölkəsidir və həm elektrik enerjisi, həm də qaz təminatı mövcuddur:

“Xüsusilə nəzərə almaq lazımdır ki, elektrik enerjisinin də əhəmiyyətli hissəsi məhz qazdan istehsal olunur. Xammalın Azərbaycana məxsus olması səbəbindən resursların ədalətli şəkildə bölüşdürülməsi, daha əlverişli qiymətlərlə enerji təminatının formalaşdırılması, ailə büdcələrinin düzgün idarə edilməsi və əhalinin rifah göstəricilərinin müsbət istiqamətdə dəyişdirilməsi üçün əla imkanlar mövcuddur”.

Ekspert qeyd edib ki, hazırda tətbiq edilən diferensial yanaşmanın özü saxlanılsa belə, onun bir sıra aspektdən və müxtəlif istiqamətlərdə təkmilləşdirilməsinə ehtiyac var. Həmin istiqamətlər və təkliflər bunlardır:

- İki enerji növü və bir enerji növü üzrə limit fərqləndirilməsi: Bir çox ailələr hər iki enerji növündən istifadə edir və müvafiq limitlər çərçivəsində optimal qiymətlərlə qaz və elektrik enerjisi alırlar. Lakin elə yaşayış məskənləri, qəsəbələr və ya yeni tikilən binalar var ki, orada qazlaşma aparılmayıb, onlar yalnız elektrik enerjisindən istifadə edə bilirlər. Elektrik enerjisi ilə istiliyin təmin edilməsi isə kifayət qədər bahalı proses olduğundan həmin ailələrin enerji xərcləri əhəmiyyətli dərəcədə fərqlənir və ədalətsiz yanaşma ortaya çıxır. Buna görə də bir enerji növü ilə təchiz edilən ailələrə münasibətdə fərqli limitlər müəyyən edilməlidir.

- İqlim və coğrafi şəraitin nəzərə alınması: Ucqar və dağlıq rayonlarda qış mövsümü daha uzun müddətli dövrü əhatə edir. Bəzi hallarda 6 aydan artıq müddətdə insanlar istilik enerjisinə ehtiyac duyurlar və bu da onların xərclərini əhəmiyyətli dərəcədə artırır. Həmin ərazilərdə yaşayan əhali əsasən aqrar sahədə fəaliyyət göstərdiyi və gəlirləri aşağı olduqları üçün daha çox enerji xərci ilə üzləşirlər. Buna görə də müəyyən yüksəklikdən yuxarı ərazilərdə enerji təchizatı sahəsində limitlərin ciddi şəkildə artırılmasına və aydınlaşdırılmasına ehtiyac vardır.

Rəşad Həsənovun sözlərinə görə, ümumiyyətlə götürdükdə, həyət evlərinin qızdırılmasına sərf olunan xərclər binalarla müqayisədə daha böyükdür:

“Binalarda "ümumi qızdırma effekti" mövcuddur ki, bu da bir mənzilin qızdırılmasını digər mənzil üçün daha asan hala gətirir və xərcləri nisbətən optimallaşdırır. Lakin həyət evlərində bu mexanizm tamamilə fərqlidir və bu mənzillərin qızdırılması daha böyük xərclər tələb edir. Buna görə də həyət evləri ilə binalar arasında fərqləndirmənin aparılması daha ədalətli tarifləndirmənin tətbiqinə gətirib çıxara bilər”.

O vurğulayıb ki, iqtisadiyyatın əhəmiyyətli hissəsinin qeyri-formal olması metodologiyanın dəqiq tətbiqi imkanlarını məhdudlaşdırsa da, müəyyən yanaşmalar mövcuddur. Adambaşına düşən gəlirləri və yaşayış minimumu aşağı olan ailə təsərrüfatlarına münasibətdə qış mövsümlərində xüsusi kartlar paylana bilər:

“Həmin kartlara aylıq əsaslarla xüsusi vəsaitlər yerləşdirilə bilər ki, ailələr öz enerji xərclərinin bir hissəsini bu vasitə ilə ödəsinlər. Bu, ailə büdcəsinin üzərinə düşən yükü optimallaşdırmağa və ümumi rifah göstəricilərini müsbətə doğru dəyişməyə imkan verə bilər”.

Sonda iqtisadçı vurğulayıb ki, müvafiq yanaşmalar tətbiq edilməklə hazırda mövcud olan diferensial tarifləndirmə siyasətinin və metodologiyasının təkmilləşdirilməsinə ciddi şəkildə ehtiyac vardır./yenisabah/
Geri dön