Ana Sayfa > Siyasət > TARİXİ MİSSİYADAN YENİ MƏRHƏLƏYƏ

TARİXİ MİSSİYADAN YENİ MƏRHƏLƏYƏ


Bu gün, 17:38. Yazar: azer
TARİXİ MİSSİYADAN YENİ MƏRHƏLƏYƏ

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycanın keçdiyi şərəfli inkişaf yoluna verilən siyasi qiymətlə yanaşı, qarşıdakı dövrün əsas hədəflərini də müəyyənləşdirir.
Bu Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyır. Bu baxımdan onun mesajları yalnız partiyanın gələcək fəaliyyəti ilə deyil, bütövlükdə dövlətimizin qarşısında duran strateji vəzifələrlə bağlıdır.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın mürəkkəb siyasi dövrünə təsadüf etmişdi. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən vətənpərvər insanların təşəbbüsü ilə yaradılan YAP dövlətçiliyin qorunmasına və ölkənin gələcəyinə olan inamın siyasi ifadəsinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə Azərbaycan dövlətçiliyinin xilas edilməsində və möhkəmləndirilməsində həlledici mərhələ oldu.
Bu gün həmin siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Böyük Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası bu siyasətin ən möhtəşəm nəticələrindəndir.
Bu Zəfər yalnız hərbi uğur deyil. O, güclü dövlətçilik, xalq-iqtidar birliyi, siyasi iradə, iqtisadi imkanlar və diplomatik fəaliyyətin vəhdətinin nəticəsidir.
Azərbaycan bu gün artıq yeni geosiyasi reallıqların formalaşmasında fəal iştirak edən dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi, ölkəmizin enerji, nəqliyyat və logistika layihələrində fəal iştirakı Azərbaycanın artan gücünün göstəriciləridir.
Güclü dövlətin əsas dayaqlarından biri də onun təhlükəsizliyidir. Azərbaycanın əldə etdiyi Zəfərlərin qorunması, müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması və güclü ordunun daim inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Eyni zamanda, müasir dövrdə dövlət təhlükəsizliyi yalnız hərbi güclə məhdudlaşmır. İnformasiya məkanında gedən proseslər, sosial şəbəkələrin cəmiyyətə təsiri və müxtəlif informasiya manipulyasiyaları ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirməyi tələb edir.
Bu baxımdan gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və tarixi həqiqətlərə bağlı ruhda yetişdirilməsi mühüm vəzifədir. Yeni Azərbaycan Partiyasının yerli təşkilatları da bu istiqamətdə maarifləndirmə və ideoloji işlərini müasir yanaşmalar əsasında gücləndirməlidirlər.
Çünki bu gün ideoloji iş yalnız tribunadan danışmaq deyil. İnsanlarla ünsiyyət qurmaq, gənclərin suallarını dinləmək, onlara düzgün və əsaslandırılmış cavab vermək, Azərbaycan həqiqətlərini müasir kommunikasiya vasitələri ilə çatdırmaqdır.
VIII Qurultaydan irəli gələn əsas mesajlardan biri də budur: Azərbaycan yeni mərhələyə qədəm qoyub və bu mərhələ yeni məsuliyyətlər tələb edir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və yeni hədəflərlə davam etdirilir. Qarşıdakı əsas vəzifə əldə etdiyimiz Zəfərləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, iqtisadi və sosial inkişafı davam etdirmək, beynəlxalq mövqelərimizi möhkəmləndirmək və gələcək nəsillər üçün daha güclü Azərbaycan yaratmaqdır.
Yeni Azərbaycan Partiyasının tarixi də məhz bu dövlətçilik yolunun ayrılmaz hissəsidir. Bu yol Zəfərlərlə yazılıb və əminik ki, qarşıdakı mərhələdə də yeni uğurlarla davam edəcək.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini.
Geri dön