Ana Sayfa > Özəl > İrəvandan Tehrana TRIPP zəmanəti iddiası: İran iki “qırmızı xətt” açıqladı

İrəvandan Tehrana TRIPP zəmanəti iddiası: İran iki “qırmızı xətt” açıqladı


Bu gün, 21:00. Yazar: vasif
İrəvandan Tehrana TRIPP zəmanəti iddiası: İran iki “qırmızı xətt” açıqladı




TRIPP layihəsi ətrafında İranın mövqeyi yenidən gündəmə gəlib. İranlı ekspert Ehsan Mohavedianın iddiasına görə, Tehran layihənin İranın strateji maraqlarına təhlükə yaratmamasını istəyir və bununla bağlı iki əsas şərt irəli sürür.

Onun sözlərinə görə, İran Ermənistan-İran sərhədi yaxınlığında ABŞ hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməməsini, həmçinin Ermənistanın marşrut üzərində suverenliyini və nəzarətini tam saxlamasını istəyir. Mohavedian iddia edib ki, İrəvan təhlükəsizliyin Ermənistan tərəfindən təmin ediləcəyi və hətta özəl Amerika şirkətlərinə bu funksiyanın verilməyəcəyi barədə Tehrana təminat verib.

İranlı ekspertin açıqlamasında Azərbaycanla bağlı məqam da yer alıb. Onun fikrincə, Tehran TRIPP-in nə Azərbaycanın, nə də ABŞ-nin nəzarətində ayrıca dəhlizə çevrilməməsini istəyir. Bununla yanaşı, Qərbin Ermənistanın Sünik bölgəsində daimi hərbi-siyasi mövcudluğu da İranın narahat olduğu məsələlər sırasında göstərilir.

Professor Qabil Hüseynli hesab edir ki, Ermənistan öz ərazisində sərhəd nəzarətinin saxlanılması və üçüncü ölkələrin hərbi qüvvələrinin yerləşdirilməməsi barədə İrana siyasi və hüquqi təminatlar verə bilər. Lakin onun fikrincə, İrəvanın ABŞ-nin gələcək siyasəti və layihənin bütün geosiyasi nəticələri ilə bağlı Tehran qarşısında tam öhdəlik götürməsi daha mürəkkəb məsələdir.

Ekspert vurğulayıb ki, TRIPP Ermənistan ərazisindən keçdiyinə görə İrəvan həmin ərazilər üzərində öz suverenliyini və yurisdiksiyasını saxlayır. Bununla belə, layihənin hərbi xarakter daşımadığının bəyan edilməsi ilə ərazidə gələcəkdə hər hansı xarici hərbi və təhlükəsizlik strukturunun yerləşdirilməyəcəyinə dair hüquqi öhdəliyin götürülməsi eyni məna daşımır.

Beləliklə, İrəvanın Tehrana konkret və hüquqi qüvvəyə malik zəmanət verdiyi barədə hələlik rəsmi sənəd açıqlanmayıb. Hazırda səslənən məlumatların bir hissəsi ekspert iddialarına əsaslanır və Ermənistan-İran arasında mümkün razılaşmanın dəqiq çərçivəsi rəsmən bəlli deyil.
Geri dön