Ana Sayfa > Özəl > Paşinyan sərhədlərin açılacağına niyə bu qədər əmindir? – İrəvanın yeni hesabı

Paşinyan sərhədlərin açılacağına niyə bu qədər əmindir? – İrəvanın yeni hesabı


Bu gün, 20:42. Yazar: vasif
Paşinyan sərhədlərin açılacağına niyə bu qədər əmindir? – İrəvanın yeni hesabı




Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin yaxın gələcəkdə açılacağını, Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpa ediləcəyini gözlədiyini bildirib. Onun sözlərinə görə, bu proses TRIPP layihəsinin inkişafı ilə paralel aparıla bilər.

Paşinyan regional kommunikasiyalarla bağlı daha geniş planlardan da danışıb. Fars körfəzini Qara dənizlə birləşdirəcək dəmir yolu xətti, Şərq-Qərb istiqamətində avtomobil yolları, həmçinin neft-qaz kəmərləri, elektrik xətləri və rabitə infrastrukturu müzakirə olunan layihələr sırasındadır.

Siyasi şərhçi Xəyal Bəşirov hesab edir ki, müəyyən istiqamətlərdə proses artıq praktiki mərhələyə keçsə də, bütün sərhəd və kommunikasiyaların qısa müddətdə açılacağını söyləmək tezdir. Onun fikrincə, hazırda sülh prosesinin iqtisadi və nəqliyyat elementlərinin siyasi razılaşmalar tam yekunlaşmadan hazırlanması müşahidə olunur.

Ekspertin sözlərinə görə, Türkiyə-Ermənistan normallaşması ayrıca proses olsa da, Ankara bunu Azərbaycan-Ermənistan münasibətlərindən tam təcrid olunmuş şəkildə nəzərdən keçirmir. Azərbaycan-Naxçıvan, Ermənistan-Türkiyə, Ermənistan-Gürcüstan və İran-Ermənistan istiqamətlərində kommunikasiyaların paralel açılması Cənubi Qafqazın mövcud logistika xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Bəşirov TRIPP üzrə hüquqi və texniki hazırlığın irəlilədiyini, lakin Ermənistan daxilində konstitusiya məsələsinin və yekun siyasi qərarların prosesin sürətinə təsir göstərə biləcəyini vurğulayıb. Bundan başqa, regional dövlətlərin yeni nəqliyyat layihələrinə münasibəti də icra müddətində rol oynaya bilər.

Ekspertə görə, Paşinyanın açıqlamasında əsas məqam Türkiyə sərhədinin açılacağına dair gözləntidən daha çox TRIPP, Azərbaycanla dəmir yolu və Türkiyə ilə sərhəd məsələlərini vahid regional bağlantı modelinin hissələri kimi təqdim etməsidir. Bununla belə, bu planların həyata keçirilməsi üçün siyasi, hüquqi və texniki mərhələlərin tamamlanması tələb olunur.
Geri dön