Ana Sayfa > Özəl > Türkiyənin Körfəzdə yeni hərbi planı: Səudiyyə Ərəbistanında baza yaradıla bilər
Türkiyənin Körfəzdə yeni hərbi planı: Səudiyyə Ərəbistanında baza yaradıla bilərBu gün, 18:39. Yazar: vasif |
![]() Türkiyənin Səudiyyə Ərəbistanında hərbi baza yaratmaq imkanını nəzərdən keçirdiyi bildirilir. Türkiyə mediasının məlumatına görə, məsələ Məkkə Müdafiə Paktı çərçivəsində müzakirə olunur və Ankara yaxın dövrdə ölkəyə məhdud sayda hərbi kontingent və texnika göndərə bilər. Yayılan məlumatlarda Türkiyənin Səudiyyə Ərəbistanının strateji qaz və elektrik enerjisi obyektlərinin mühafizəsinə yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemləri ilə dəstək verəcəyi qeyd olunur. Göndəriləcək şəxsi heyətin sayı isə hələ müəyyənləşdirilməyib. Hərbi kontingentin yerləşdirilməsi üçün Türkiyə Böyük Millət Məclisinin qərarının tələb olunduğu və məsələnin oktyabr ərzində səsverməyə çıxarıla biləcəyi bildirilir. Buna görə Səudiyyə Ərəbistanında daimi Türkiyə hərbi bazasının yaradılmasını indiki mərhələdə yekun qərar kimi təqdim etmək mümkün deyil. Politoloq Azad Məsiyevin fikrincə, belə bir plan reallaşarsa, Türkiyə Qətərdən sonra Körfəz bölgəsində daha bir mühüm hərbi dayaq nöqtəsi əldə edə bilər. Bu, Ankaranın Fars körfəzi, Qırmızı dəniz və Ərəbistan yarımadasındakı təhlükəsizlik proseslərində iştirak imkanlarını genişləndirə bilər. Ekspert hesab edir ki, əməkdaşlıq yalnız hərbi kontingentlə məhdudlaşmaya bilər. Birgə təlimlər, kəşfiyyat mübadiləsi, pilotsuz sistemlər, hava hücumundan müdafiə, radioelektron mübarizə və enerji infrastrukturunun qorunması kimi istiqamətlərdə əlaqələrin genişləndirilməsi mümkün variantlar sırasındadır. Səudiyyənin strateji obyektlərinin Türkiyə istehsalı müdafiə sistemləri ilə qorunması eyni zamanda Ankara üçün öz müdafiə sənayesi məhsullarını real şəraitdə nümayiş etdirmək imkanı yarada bilər. Lakin Türkiyənin Səudiyyə Ərəbistanında daimi hərbi baza yaradacağı barədə məlumat hələ rəsmən yekunlaşmış qərar deyil. Geri dön |