Ana Sayfa > Siyasət > "İtkinlərin taleyinin müəyyənləşdirilməsi humanitar məsələ kimi qiymətləndirilməlidir" -

"İtkinlərin taleyinin müəyyənləşdirilməsi humanitar məsələ kimi qiymətləndirilməlidir" -


Bu gün, 11:49. Yazar: Subhan
"İtkinlərin taleyinin müəyyənləşdirilməsi humanitar məsələ kimi qiymətləndirilməlidir" -

Türkiyə olaraq regionda davamlı sülhə, sabitliyə və rifaha töhfə verəcək konstruktiv addımları dəstəkləməyə davam edirik. Lakin davamlı sülh yalnız siyasi sənədlərlə təmin oluna bilməz. Sülhün ictimai əsaslarının möhkəmləndirilməsi üçün keçmişdən qalan humanitar məsələlərin də həllinə diqqət yetirilməlidir.

aia.az xəbər verir ki, bu fikirləri Türkiyənin Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.

Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişi mətninin 9-cu maddəsində itkin şəxslər məsələsinə yer verilməsini mühüm hesab etdiyini vurğulayan Ş.Ayrım qeyd edib ki, həmin maddə çərçivəsində tərəflərin itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə mövcud məlumatların paylaşması və bu istiqamətdə əməkdaşlıq nəzərdə tutulur: “Bu müddəaların praktikada konkret nəticələrə çevrilməsi üçün arxivlərdə mövcud məlumatların qarşılıqlı paylaşılması, ehtimal olunan dəfn yerləri ilə bağlı məlumatların araşdırılması, zəruri sahə işlərinin aparılması, aşkar edilən qalıqların elmi metodlarla tədqiq və identifikasiya edilməsi, eləcə də ailələrin proses barədə mütəmadi və düzgün şəkildə məlumatlandırılması böyük əhəmiyyət daşıyır. Bütün bu işlərin tərəflərin qarşılıqlı razılığı, beynəlxalq hüquq və humanitar prinsiplər çərçivəsində həyata keçirilməsi həm ailələrin uzun illərdir gözlədiyi cavablara qovuşmasına, həm də cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verə bilər. Çünki müharibənin başa çatması itkin yaxınlarının ağrısının sona çatması demək deyil. Hər bir itkin şəxsin adı, ailəsi, həyat hekayəsi və ondan xəbər gözləyən yaxınları var”.

Ş.Ayrım qeyd edib ki, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, ilk növbədə, humanitar məsələ kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, parlamentlərarası dialoqu təşviq etməklə qurumlararası əməkdaşlığı dəstəkləyə və itkin ailələrinin gözləntilərinin milli və beynəlxalq platformalarda səsləndirilməsinə töhfə vermək mümkündür.

aia.az
Geri dön