Ana Sayfa > Siyasət > Zəfərdən sonrakı mərhələnin gündəliyi
Zəfərdən sonrakı mərhələnin gündəliyiBu gün, 13:55. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi yolun yekunlarına nəzər salmaqla yanaşı, qarşıdakı dövrün əsas vəzifələrini də ortaya qoydu. Çıxışın məzmunundan aydın görünürdü ki, Azərbaycan artıq yeni siyasi və strateji mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra əsas məsələ əldə olunan nəticələri qorumaq və onları davamlı inkişafın təməlində möhkəmləndirməkdir. Cənab Prezident çıxışında təhlükəsizlik məsələsinə xüsusi diqqət ayırdı. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etdiyi bir vaxtda Azərbaycanın müdafiə imkanlarının daim yüksək səviyyədə saxlanılmasının vacibliyi vurğulandı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın hərbi-siyasi tarixində yeni səhifə açdı. Lakin bu nəticənin qorunması da güclü ordu və yüksək müdafiə qabiliyyəti tələb edir. Çıxışda Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi ilə iqtisadi imkanların genişləndirilməsi arasında sıx əlaqə də diqqət çəkirdi. Enerji resursları, nəqliyyat dəhlizləri və ölkənin əlverişli coğrafi mövqeyi Azərbaycanın regional proseslərdə rolunu artıran əsas amillərdəndir. Enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də geosiyasi əhəmiyyət daşıyan istiqamətdir. Eyni yanaşmanı nəqliyyat sahəsində də görmək mümkündür. Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit məntəqəsinə çevrilməsi ölkənin iqtisadi imkanlarını artırmaqla yanaşı, regional əhəmiyyətini də gücləndirir. Orta Dəhliz və Şimal-Cənub marşrutları bu baxımdan Azərbaycanın qarşısında yeni imkanlar açır. Cənab Prezidentin çıxışında tranzit yükdaşımalarının həcminin orta müddətdə 30 milyon tona çatdırılması hədəfinin səsləndirilməsi də bu istiqamətin strateji əhəmiyyətini göstərir. Yeni mərhələnin ən mühüm istiqamətlərindən biri isə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin nəticələrinin real həyatda təcəssümüdür. Cənab Prezidentin verdiyi məlumata görə, hazırda bu ərazilərdə 96 min insan yaşayır, işləyir və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub, bərpa və quruculuq layihələrinə indiyədək 28 milyard manat vəsait yönəldilib. Böyük Qayıdış yalnız yeni yaşayış məntəqələrinin salınması demək deyil. Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyatın, sosial infrastrukturun və normal yaşayış mühitinin bərpası bütöv bir regionun gələcəyinin formalaşdırılması deməkdir. Qarşıdakı illərdə bu prosesin daha da sürətlənməsi Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutacaq. Cənab Prezidentin çıxışında sosial siyasətlə iqtisadi inkişafın paralel aparılmasına da diqqət yetirildi. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı verilən mesaj dövlət siyasətinin əsas istiqamətlərindən birinin əhalinin sosial rifahının yüksəldilməsi olaraq qaldığını göstərir. Bunun davamlı olması isə iqtisadi artımdan və dövlətin maliyyə imkanlarından birbaşa asılıdır. Çıxışın diqqətçəkən məqamlarından biri də informasiya və ideoloji təhlükəsizlik məsələsi idi. Müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin və hərbi obyektlərin qorunması ilə məhdudlaşmır. Sosial şəbəkələr, kiber məkan, süni intellekt və informasiya texnologiyaları yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Dezinformasiya və müxtəlif informasiya təsirlərinə qarşı cəmiyyətin hazırlıqlı olması dövlət təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilir. Bu baxımdan təhsilin əhəmiyyəti də artır. Savadlı, informasiya mənbələrini düzgün qiymətləndirə bilən və müasir dünyada gedən prosesləri anlayan cəmiyyət xarici təsirlərə qarşı daha dayanıqlı olur. İnsan kapitalının inkişafı bu səbəbdən yalnız sosial siyasətin deyil, həm də uzunmüddətli dövlət strategiyasının mühüm hissəsidir. Cənab Prezidentin çıxışında bütün bu istiqamətlərin vahid bir xətt üzrə təqdim edilməsi təsadüfi deyil. Ərazi bütövlüyünün bərpası Azərbaycanın qarşısında yeni imkanlar yaradıb. İndi həmin imkanları davamlı iqtisadi və sosial inkişafa çevirmək, dövlətin təhlükəsizlik potensialını qorumaq və beynəlxalq mövqeləri daha da möhkəmləndirmək əsas vəzifələr sırasında dayanır. Azərbaycan üçün yeni mərhələ, əslində, Zəfərin nəticələrinin qorunması və inkişaf etdirilməsi mərhələsidir. Güclü ordu, dayanıqlı iqtisadiyyat, enerji və nəqliyyat imkanlarından səmərəli istifadə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, sosial rifahın yüksəldilməsi və insan kapitalının inkişafı bu mərhələnin əsas dayaqlarıdır. YAP-ın VIII Qurultayında cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığı önə çıxardı: Azərbaycanın qarşısında artıq keçmişin problemlərini həll etməkdən daha çox, əldə edilmiş tarixi nəticələri gələcəyin güclü və dayanıqlı dövlət modelinə çevirmək vəzifəsi dayanır. Bu isə həm dövlət, həm də cəmiyyət qarşısında uzunmüddətli və ardıcıl fəaliyyət tələb edən yeni bir mərhələdir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |