Ana Sayfa > Siyasət > Bakı-Ankara arasında çat yaratmaq istəyənlər nəyi hədəfləyir?

Bakı-Ankara arasında çat yaratmaq istəyənlər nəyi hədəfləyir?


Bu gün, 13:44. Yazar: azer
Bakı-Ankara arasında çat yaratmaq istəyənlər nəyi hədəfləyir?

Son günlər Türkiyə-Azərbaycan münasibətləri ətrafında müxtəlif versiyalar, iddialar və sosial şəbəkə müzakirələri dövriyyəyə buraxılır. Bir qisim bunu İsraillə münasibətlər, digər qisim Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı davranışı, başqa bir qisim isə məktəblərdəki geyimlər və ayrı-ayrı simvollar və görüntülərlə izah etməyə çalışır. Lakin geosiyasi proseslərə yalnız ayrı-ayrı epizodların prizmasından baxmaq ciddi mənzərəni görməyə imkan vermir.

Siyasətdə “sağ göstərib sol vurmaq” kimi ifadə olunan yanaşmanın mahiyyəti də məhz budur: diqqəti əsas prosesdən yayındırmaq, ikinci dərəcəli və emosional məsələləri ön plana çıxarmaq və bunun fonunda daha böyük strateji dəyişiklikləri kölgədə saxlamaq. Bu baxımdan Bakı-Ankara münasibətləri ətrafında yaranan informasiya dalğasına daha geniş geosiyasi kontekstdən baxmaq lazımdır.

Əvvəla, Azərbaycan-Türkiyə münasibətləri adi ikitərəfli diplomatik münasibətlər çərçivəsini çoxdan aşıb. Şuşa Bəyannaməsi bu əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldən hüquqi-siyasi çərçivəni formalaşdırıb. Azərbaycan XİN-in son açıqlamalarında da bu sənəd iki ölkə arasındakı müttəfiq münasibətlərin hüquqi və siyasi əsası kimi xarakterizə olunur.

Deməli, bu münasibətləri yalnız hansısa bir diplomatik jest, bir görüş, bir foto və ya sosial şəbəkədə yayılan iddia üzərindən qiymətləndirmək metodoloji baxımdan doğru deyil. Bakı-Ankara əlaqələrinin arxasında onilliklər ərzində formalaşmış siyasi etimad, müdafiə əməkdaşlığı, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik maraqları və ortaq geosiyasi baxışlar dayanır.

Məsələnin əsas ünvanı: Türk dünyasının yüksəlişi

Bugünkü proseslərin daha mühüm tərəfi isə Türkiyə-Azərbaycan münasibətlərinin Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı ilə paralel şəkildə yeni məzmun qazanmasıdır.

Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın bu istiqamətdə strateji yanaşmasını açıq şəkildə ortaya qoyur. Azərbaycan Prezidentinin sözlərinə görə, TDT üzv ölkələri ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərindən biridir və bu dövlətlər beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyirlər.

Bu proses artıq yalnız siyasi bəyanatlar səviyyəsində deyil. TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, müdafiə sənayesi, təhlükəsizlik, elm və digər sahələr üzrə institusional əməkdaşlıq genişlənir. Təşkilatın qarşıdakı 13-cü Zirvə toplantısının 30 oktyabr 2026-cı ildə Türkiyədə keçirilməsi də bu prosesin növbəti mərhələsinin başlanğıcı kimi diqqət çəkir.

Prezident Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında TDT-ni ildən-ilə güclənən nümunəvi regional əməkdaşlıq modeli adlandırıb və 30 oktyabrda Ankarada keçiriləcək 13-cü Liderlər Zirvəsinin təşkilat üçün yeni imkanlar və perspektivlər açacağını bildirib.
Bu mesajın siyasi çəkisi xüsusilə böyükdür. Çünki söhbət artıq mədəni və tarixi yaxınlıqdan deyil, getdikcə daha çox institusional, iqtisadi, nəqliyyat, təhlükəsizlik və siyasi koordinasiyadan gedir.
Ankara niyə daha mühüm geosiyasi mərkəzə çevrilir?
İkinci mühüm məsələ Türkiyənin özünün yeni beynəlxalq sistemdə artan roludur.

Türkiyənin coğrafi mövqeyi onu Avropa, Qafqaz, Yaxın Şərq, Balkanlar, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm əlaqələndirici mərkəzə çevirir. Enerji marşrutları, nəqliyyat dəhlizləri, müdafiə sənayesi, regional təhlükəsizlik və diplomatik vasitəçilik imkanları Ankaranın çəkisini bir neçə istiqamətdə eyni vaxtda artırır.

Bunun son nümunələrindən biri Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında 7 avqust 2026-cı ildə imzalanmış Birgə Müdafiə Sazişidir. Sənədə əsasən, tərəflərdən birinə qarşı silahlı hücumun hamısına qarşı hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur. Avqustun sonunda isə bu mexanizm çərçivəsində strateji siyasi və müdafiə komitəsi yaradılıb və əməkdaşlığın müdafiə sənayesi, birgə texnologiya və istehsal istiqamətlərində dərinləşdirilməsi qərara alınıb. Bu, Türkiyənin yalnız bir regionun deyil, bir neçə geosiyasi məkanın kəsişməsində təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal rol oynadığını göstərən faktorlardan biridir.

Azərbaycanın rolu burada harada başlayır?

Məhz bu nöqtədə Bakı-Ankara əlaqələrinin strateji əhəmiyyəti daha aydın görünür.
Azərbaycan Türkiyənin Qafqaz və Mərkəzi Asiyaya çıxışında mühüm tərəfdaş olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat və enerji bağlantılarının mühüm halqalarından biridir. Türkiyənin regional logistika və enerji mərkəzinə çevrilməsi prosesində Azərbaycanın enerji ehtiyatları, nəqliyyat imkanları, Xəzər üzərindən bağlantıları və Mərkəzi Asiya ilə əlaqələri xüsusi əhəmiyyət daşıyır.

Başqa sözlə, Azərbaycan gücləndikcə Türkiyənin Qafqaz və Mərkəzi Asiyadakı imkanları genişlənir; Türkiyənin regional çəkisi artdıqca Azərbaycanın da təhlükəsizlik və geoiqtisadi manevr imkanları genişlənir. Bu, sadəcə “iki qardaş ölkənin münasibətləri” deyil. Burada bir-birini tamamlayan strateji geosiyasi maraqlar sistemi formalaşıb.

Əsas məsələ də məhz budur

Yeni dünya düzəninin formalaşdığı bir dövrdə əsas mübarizə təkcə ərazilər uğrunda deyil. Nəqliyyat dəhlizlərinə, enerji marşrutlarına, logistika qovşaqlarına, texnologiyaya, müdafiə sənayesinə, siyasi təsir imkanlarına və yeni regional əməkdaşlıq platformalarına nəzarət uğrunda da ciddi rəqabət gedir.

Belə bir şəraitdə TDT-nin siyasi və iqtisadi çəkisinin artması, Türkiyənin regional təhlükəsizlik sistemlərində daha fəal mövqe tutması və Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar formalaşdırması təbii olaraq müxtəlif aktorların maraqları ilə toqquşa bilər. Buradan isə belə bir nəticə çıxır: Bakı-Ankara münasibətlərində real fikir ayrılıqlarından daha çox, fikir ayrılığı görüntüsü yaratmaq da geosiyasi alətə çevrilə bilər.
Bu, mütləq şəkildə hər bir neqativ xəbərin arxasında konkret dövlətin dayandığı anlamına gəlmir. Lakin müasir informasiya müharibələrində bunun üçün xüsusi mexanizmlərə ehtiyac da yoxdur. Sosial şəbəkələrdə emosional kontentin sürətlə yayılması, kontekstdən çıxarılmış görüntülər, anonim mənbələr, saxta sitatlar və manipulyativ başlıqlar cəmiyyətlər arasında şübhə yaratmaq üçün kifayət edə bilər.

“Çat” yaratmaq mümkün olmasa da, “çat görüntüsü” yaratmaq mümkündür

Bakı-Ankara münasibətlərinə qarşı mümkün informasiya manipulyasiyalarının əsas hədəfi də məhz bu ola bilər: mövcud olmayan siyasi böhranı varmış kimi göstərmək.

Bir hadisə digərindən təcrid olunaraq təqdim edilir. Sonra həmin epizod sosial şəbəkələrdə emosional müzakirəyə çevrilir. Ardınca “Ankara Bakıdan narazıdır”, “Bakı Türkiyədən uzaqlaşır”, “iki ölkə arasında fikir ayrılığı dərinləşir” kimi tezislər dövriyyəyə buraxılır. Beləliklə, əvvəlcə informasiya yaradılır, daha sonra həmin informasiya “ictimai rəy” kimi təqdim edilir.

Bu mexanizm müasir hibrid müharibələrin klassik elementlərindən biridir. Ona görə də qarşıdakı mərhələdə Bakı-Ankara münasibətləri haqqında yayılan hər bir informasiyanı yalnız xəbərin özünə görə deyil, mənbəyinə, vaxtına, kontekstinə və kimə xidmət etdiyinə görə qiymətləndirmək vacib olacaq.

Çünki geosiyasi xəritə dəyişir

Bu proses yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşmır.

Yaxın Şərqdə təhlükəsizlik arxitekturası yenidən qurulur. Avropanın enerji və nəqliyyat təhlükəsizliyi məsələləri dəyişir. Cənubi Qafqaz yeni kommunikasiya imkanlarının mərkəzinə çevrilir. Xəzər hövzəsinin və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artır. Balkanlarda yeni təhlükəsizlik mexanizmləri formalaşır.

Belə bir mənzərədə Türkiyə bütün bu coğrafiyaların bir neçə istiqamətində eyni vaxtda iştirak edən azsaylı regional aktorlardan biridir. Azərbaycan isə Qafqaz, Xəzər, Mərkəzi Asiya və Şərq-Qərb bağlantısının kəsişməsində yerləşən əsas ölkələrdən biridir. Bu səbəbdən Bakı və Ankaranın koordinasiyasının güclənməsi onların yalnız ikitərəfli münasibətlərinə deyil, daha geniş regional güc balansına təsir göstərir.

Bakı və Ankara üçün əsas məsələ – emosiyaya yox, strategiyaya söykənməkdir

Bütün bunların fonunda qarşıdakı dövrün əsas çağırışlarından biri informasiya mühitində emosional manipulyasiyalara yol verməməkdir. Türkiyə və Azərbaycan arasında hər hansı konkret məsələdə taktiki fərqlərin, fərqli diplomatik mövqelərin və ya ayrı-ayrı hadisələrə fərqli yanaşmaların olması mümkündür. Lakin taktiki məsələ ilə strateji münasibəti eyniləşdirmək ciddi yanlışlıq olar.
Çünki Bakı-Ankara münasibətlərinin əsas dayaqları bir hadisədən, bir açıqlamadan və ya bir görüntüdən qat-qat dərindir.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlər, müdafiə və təhlükəsizlik əməkdaşlığı, enerji və nəqliyyat bağlantıları, TDT çərçivəsində koordinasiya və ortaq regional maraqlar bu əlaqələrin struktur əsaslarını formalaşdırır.
Bu səbəbdən qarşıdakı dövrdə əsas məsələ Bakı ilə Ankara arasında “çat” axtarmaq deyil, hansı məlumatın real siyasi proses, hansının isə informasiya manipulyasiyası olduğunu ayırd etmək olacaq. Çünki geosiyasi rəqabətin sərtləşdiyi bir mərhələdə bəzən dövlətlərə qarşı ən təsirli hücum hərbi zərbə deyil, müttəfiqlər arasında etimadı sarsıtmaq cəhdidir.

Azərbaycan-Türkiyə münasibətlərinin qarşısında duran əsas sınaq da məhz budur: dəyişən dünya nizamında strateji koordinasiyanı qorumaq, informasiya manipulyasiyalarına soyuqqanlı yanaşmaq və taktiki gündəmlə strateji maraqları bir-birinə qarışdırmamaq. Çünki Ankara ilə Bakı arasındakı münasibətlərin geosiyasi çəkisi artıq yalnız iki paytaxtın münasibəti ilə ölçülmür. Bu əlaqələrin gələcəyi Türk dünyasının siyasi-iqtisadi inteqrasiyasının, Qafqazın təhlükəsizlik arxitekturasının, Şərq-Qərb bağlantılarının və daha geniş Avrasiya geosiyasətinin istiqamətinə təsir edə biləcək amillərdən birinə çevrilib.

Mürtəza Bünyadlı
Geri dön