Ana Sayfa > Siyasət > Anar Nəbiyev: YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
Anar Nəbiyev: YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidirBu gün, 11:44. Yazar: azer |
![]() Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirildi. Hesabat dövründə görülən işlərin, həmçinin yeni mərhələnin hədəflərinin təqdimatı olan qurultayda çıxış edən ölkə Prezidenti, YAP Sədri İlham Əliyev qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirərək bildirdi ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var. Qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultay da yeni mühitdə keçirilmişdir. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən cəmi bir neçə ay sonra, 2021-ci ilin 5 mart tarixində keçirilən YAP-ın VII qurultayı şanlı Qələbəmizin yaratdığı reallıqların təqdimatı oldu. Yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın yeni Proqramı hazırlandı və təsdiq edildi. VII qurultaydan ötən beş ildən artıq dövrdə Azərbaycanın tarixinə bir-birindən mühüm uğurlar, zəfərlər yazıldı. 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyev qurultaydakı çıxışında bu məqamı xüsusi vurğuladı ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratmışdı. Beləliklə, Ermənistandan daha böyük həcmdə həm canlı qüvvə, həm silah-sursat, texnika gətirilirdi. Ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş vermişdir. “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın” söyləyən cənab İlham Əliyev bildirdi ki, əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, 1980-ci illəri nəzərdə tuturam, hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar - ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Xalq çox yaxşı bilirdi ki, məhz Ulu Öndər Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Prezident seçildi. Ancaq o vaxta qədər artıq böyük itkilərlə üzləşmişdik. Neftlə, qazla zəngin olan ölkədə qaz, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC-Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi. Dövlətimizin başçısı İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlərin hər biri bu günümüzə və gələcəyimizə yönələn çağırışlardır. Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili bu çağırışı əsas verir ki, indiki və gələcək nəsillər Azərbaycanın haradan haraya gəlib çıxdığını əsaslı şəkildə bilməlidirlər. Cənab İlham Əliyev qələbələrimizin başlanğıc tarixinin Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabr ayının 21-də keçirilən təsis konfransının və ondan sonrakı dövrün olduğunu geniş təhlil edərək bir daha bildirdi ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır- Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |