Ana Sayfa > Manşet / Siyasət > Tarixi nailiyyətlərdən yeni strateji hədəflərə

Tarixi nailiyyətlərdən yeni strateji hədəflərə


Bu gün, 10:22. Yazar: azer
Tarixi nailiyyətlərdən yeni strateji hədəflərə

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələ kimi yadda qaldı. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın keçdiyi tarixi yolu, ölkənin əldə etdiyi böyük nailiyyətləri, qarşıda dayanan vəzifələri geniş şəkildə diqqətə çatdırdı. Dövlət başçısının çıxışı həm partiyanın ölkənin siyasi həyatında rolunu, həm də Azərbaycanın son onilliklər ərzində keçdiyi şərəfli inkişaf yolunun əsas mərhələlərini əhatə etdi. Eyni zamanda, çıxışda ölkəmizin qarşısında açılan yeni imkanlar, dəyişən regional və beynəlxalq münasibətlər sistemi fonunda milli maraqların qorunmasının əhəmiyyəti ifadə olundu. Bu baxımdan, VIII Qurultay yalnız partiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi tədbir deyil, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin və qarşıdakı hədəflərin təqdim edildiyi mühüm platforma kimi diqqəti cəlb edir.

VIII Qurultay ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultaydır. Bu baxımdan, mötəbər tədbir əvvəlkilərdən fərqli tarixi şəraitlə səciyyələnir. 2020-ci ilin Zəfəri və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ölkənin siyasi tarixində yeni səhifə açıb. Əslində, bu iki tarixi hadisə uzun illər ərzində aparılan ardıcıl dövlət siyasətinin, diplomatik səylərin, hərbi hazırlığın və xalq-dövlət birliyinin məntiqi nəticəsi idi. Bu nailiyyətlərə gedən yol isə heç də asan olmayıb. Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə ciddi təzyiqlərlə üzləşib, ölkəmizin haqq işinə qarşı müxtəlif kampaniyalar aparılıb. Buna baxmayaraq, dövlətin qətiyyətli siyasəti, xalqın vahid mövqeyi və milli həmrəylik qarşıya çıxan maneələrin dəf edilməsini təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir: “8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Azərbaycanın qazandığı Zəfərin əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Bu qələbə uzun illər davam edən ikili standartlara, beynəlxalq müstəvidə mövcud olan ədalətsiz yanaşmalara son qoydu və regionda yeni reallıq yaratdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Ən başlıcası isə Azərbaycan xalqının milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun gücünün vəhdəti qarşıya qoyulan tarixi məqsədlərin həyata keçirilməsinə imkan verdi. Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycan dövlətinin öz gücünə arxalanaraq mürəkkəb geosiyasi şəraitdə milli maraqlarını təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Sonrakı mərhələdə həyata keçirilən məqsədyönlü siyasi və diplomatik fəaliyyət isə yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinə mühüm təsir göstərdi.

Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətinə də xüsusi diqqət yetirildi. 1992-ci ildə ölkənin ağır siyasi, sosial və hərbi böhran yaşadığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə yaradılan partiya, əslində, cəmiyyətin siyasi iradəsinin ifadəsi idi. Həmin dövrdə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və gələcək inkişaf perspektivləri ciddi təhlükələrlə üz-üzə qalmışdı. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, idarəçilikdə ciddi problemlər yaşanır, torpaqlarımız bir-birinin ardınca işğal edilirdi. Belə bir mürəkkəb şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, güclü dövlətçilik və milli maraqlara əsaslanan siyasi kursa ehtiyacının təzahürü idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ətrafında birləşən insanlar Azərbaycanın gələcəyinə inamı qoruyub saxladılar və ölkənin sonrakı inkişafında mühüm rol oynayan siyasi təşkilatın əsasını qoydular. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: “Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. Dövlət qurumları formalaşdırıldı, ölkədə sabitlik təmin edildi, milli maraqlara əsaslanan siyasi kurs həyata keçirildi. Ən mürəkkəb dövrdə dövlət idarəçiliyində ardıcıllığın və siyasi sabitliyin təmin olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açdı. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, ordu quruculuğunun sistemli şəkildə həyata keçirilməsi və milli dövlətçilik ideyasının möhkəmləndirilməsi sonrakı uğurlar üçün möhkəm təməl yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi, siyasi və hərbi imkanlarının əhəmiyyətli dərəcədə gücləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ardıcıl dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Yeni Azərbaycan Partiyasının siyasi tarixində ölkənin müasir inkişaf yolu ilə dövlətçilik tarixinin mühüm mərhələləri bir-biri ilə sıx bağlıdır. Partiyanın yaradılması ilə başlayan siyasi proses sonrakı illərdə dövlətin möhkəmlənməsi, milli maraqların qorunması və Azərbaycanın güclü, nüfuzlu dövlətə çevrilməsi istiqamətində mühüm nəticələrlə müşayiət olunub. Bu mənada, YAP-ın VIII Qurultayı Azərbaycanın keçdiyi şərəfli yolun, əldə etdiyi tarixi Zəfərlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən siyasi kursun təqdimatı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin çıxışı bu yolun əsas mərhələlərini bir daha xatırlatmaqla yanaşı, dövlətçilik xəttinin davamlılığını, milli həmrəyliyin gücünü və Azərbaycanın gələcəyə inamla irəliləməsini təmin edən siyasi iradəni nümayiş etdirir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön