Ana Sayfa > Siyasət / Manşet > VIII Qurultay: tarixi nəticələrdən yeni siyasi hədəflərə

VIII Qurultay: tarixi nəticələrdən yeni siyasi hədəflərə


Bu gün, 10:20. Yazar: azer
VIII Qurultay: tarixi nəticələrdən yeni siyasi hədəflərə

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni reallıqlar fonunda qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı keçdiyi şərəfli yolu, ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri və yeni mərhələdə qarşıda duran məqsədləri əhatə edən mühüm siyasi proqram xarakteri daşıyır. İlk dəfədir ki, YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu faktın özü ölkəmizin keçdiyi yolun miqyasını göstərməklə yanaşı, partiyanın siyasi fəaliyyətinin əsasları və qarşıdakı dövrün mahiyyətini ifadə edir.

2020-ci il Zəfərindən sonra Azərbaycanın qarşısında duran başlıca məqsəd ərazi bütövlüyünün tam bərpası idi. Bu məqsədə çatmaq üçün siyasi, diplomatik və hərbi istiqamətlərdə ardıcıl fəaliyyət həyata keçirildi. Azərbaycan bir tərəfdən beynəlxalq müstəvidə öz haqlı mövqeyini müdafiə edir, digər tərəfdən Qarabağda strateji mövqelərini gücləndirirdi. Nəticədə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərində tam təmin edildi. Beləliklə, 8 noyabr və 20 sentyabr Azərbaycanın müasir tarixinin ən mühüm Zəfər tarixlərinə çevrildi. Bu nəticə yalnız hərbi gücün deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, siyasi iradənin və xalq-dövlət birliyinin məntiqi nəticəsi idi. Bu Zəfərin siyasi kökləri isə daha əvvələ gedib çıxır. YAP-ın 1992-ci il noryabrın 21-də yaradılması Azərbaycanın ağır siyasi, sosial və hərbi böhranla üzləşdiyi bir dövrə təsadüf edirdi. Ölkədə idarəçilik böhranı yaşanır, torpaqlarımız işğal olunur, cəmiyyətin gələcəyə inamı ciddi şəkildə sarsılırdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə YAP-ın yaradılması xalqın sabitlik, güclü dövlətçilik və milli maraqlara əsaslanan siyasi kursa olan ehtiyacının ifadəsinə çevrildi. Partiyanın təsis qurultayı əslində Azərbaycanın sonrakı siyasi tarixinin mühüm başlanğıc nöqtələrindən biri oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, dövlət qurumlarının və milli inkişaf strategiyasının formalaşdırılması Azərbaycanın gələcək uğurları üçün möhkəm zəmin yaratdı.

Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqların daha qətiyyətlə müdafiəsi ilə nəticələndi. Məhz bu amillər 2020-ci ildə tarixi Zəfərin əldə edilməsinə, 2023-cü ildə isə suverenliyin tam bərpasına imkan verdi. Ona görə də YAP-ın siyasi fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində baş verən proseslər arasında sıx bağlılıq mövcuddur. Partiyanın fəaliyyətinin əsasını təşkil edən dövlətçilik, milli həmrəylik və milli maraqlara sadiqlik sonrakı illərdə ölkənin qarşısında duran ən mühüm tarixi vəzifələrin həllində özünü göstərdi.

Zəfərlə mühüm tarixi mərhələ başa çatsa da, yeni mərhələ qarşıya fərqli vəzifələr qoyur. Bu vəzifələr sırasında ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulması xüsusi yer tutur. Azərbaycanın əldə etdiyi nailiyyətlərin, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin, ölkənin bütün bölgələrində baş verən dəyişikliklərin cəmiyyətə daha geniş və daha müasir üsullarla çatdırılması zəruridir. Artıq söhbət yalnız görülən işlərin təqdim edilməsindən deyil, Azərbaycan reallıqlarının informasiya məkanında düzgün və inandırıcı şəkildə ifadə olunmasından gedir. Müasir dövrdə informasiya məkanı milli təhlükəsizliyin mühüm istiqamətlərindən birinə çevrilib. Müxtəlif informasiya resursları vasitəsilə tarixin təhrif olunması, cəmiyyətin çaşdırılması, milli birliyin zəiflədilməsi və xüsusilə gənclərin dünyagörüşünə təsir göstərilməsi cəhdləri yeni çağırışlar yaradır. Bu şəraitdə Azərbaycanın tarixi həqiqətlərini müasir kommunikasiya vasitələri ilə dünyaya çatdırması xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var: “Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”.

Ölkənin ən böyük siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər qarşıdakı dövrdə partiyanın qarşısında dayanan əsas vəzifələrdən birinin də yeni reallıqlara uyğun müasir ideoloji fəaliyyət modelinin formalaşdırılması olduğunu nümayiş etdirir. Zəfər Azərbaycan xalqının tarixində yeni səhifə açıbsa, həmin Zəfərin mahiyyətini, nəticələrini və yaratdığı imkanları gələcək nəsillərə çatdırmaq da yeni tarixi məsuliyyətdir. Bu baxımdan, YAP-ın VIII Qurultayı təkcə keçmişə nəzər salan siyasi toplantı deyil, həm də gələcəyə istiqamət verən mühüm hadisədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə ölkənin qarşısında yeni imkanlar açılıb. İndi əsas məqsəd bu imkanlardan səmərəli istifadə etmək, milli birliyi daha da möhkəmləndirmək, dövlətçilik dəyərlərini qorumaq və Azərbaycan reallıqlarını müasir informasiya mühitində layiqincə təqdim etməkdir. Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi istiqamətlər YAP-ın qarşıdakı mərhələdə siyasi fəaliyyətinin məzmununu yeni çağırışlara uyğun zənginləşdirməklə yanaşı, partiyanın Azərbaycanın gələcək inkişafında məsuliyyətini də daha da artırır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön