Ana Sayfa > Gündəm > YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinə siyasi baxış
YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinə siyasi baxışBu gün, 14:39. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolu, əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran vəzifələri özündə əks etdirən mühüm siyasi mesajlarla zəngin idi. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, dövlət başçısının çıxışından aydın olur ki, Azərbaycanın bugünkü gücü təsadüfi deyil. Bu güc milli maraqlara əsaslanan dövlət siyasətinin, siyasi sabitliyin, iqtisadi inkişafın və güclü hərbi potensialın formalaşdırılmasının nəticəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən tarixi Zəfər də uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Qurultayda verilən mühüm mesajlardan biri də dövlətçilik kursunun davamlılığı ilə bağlıdır. Bu kursun tarixi əsaslarını anlamaq üçün Azərbaycanın müasir tarixinin həlledici mərhələsinə – Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına nəzər salmaq vacibdir.Azərbaycan xalqının Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını tələb etməsi təsadüfi deyildi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan iki həftə keçməmiş – 1987-ci ilin noyabrında erməni millətçiləri Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik – torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamış, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi. Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər – bütün bunlar o vaxt reallıq idi. Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaq üstündə möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq təcriddən çıxarılması idi. Yeni Azərbaycan Partiyasının təsis qurultayı da bu baxımdan Azərbaycanın siyasi tarixində mühüm mərhələ oldu. Ona görə bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. Bəli, Azərbaycan 1993–2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı. Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC–Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq. O səviyyəsiz AXC–Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət, biz buna nail olduq. Beynəlxalq təşkilatlar biri-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır – həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT. Hətta bu gün bizə düşmənçilik edən Avropa Parlamenti – məcburən. Yəni bu, beynəlxalq təcriddən çıxış idi. İqtisadi vəziyyəti düzəltmək üçün xarici sərmayə lazım idi. Çünki xəzinə boş idi. Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Buna da nail oldu Ulu Öndər. O vaxt atəşkəs hələ təzə elan edilmişdi. Ondan bir neçə ay sonra “Əsrin kontraktı” imzalandı və böyük investisiya axını gəlməyə başladı. Bütün bu dövr ərzində dövlətçiliyin əsasları qoyuldu, Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qaldı. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Bu xəttin əsasını müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmək təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs ardıcıl şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi ölkəmizin qarşısında yeni imkanlar yaratdı. Nəticədə Azərbaycan xalqı tarixinin ən böyük arzularından birinə – ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa olunması bu siyasi kursun ən mühüm nəticələrindən biri oldu. YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi dayanır. Bu mərhələdə əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək və Azərbaycanın gücünü davamlı inkişaf üçün səfərbər etməkdir. Bu gün Azərbaycanın siyasi və dövlətçilik xəttinin əsasında xalqın iradəsi, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən yeni reallıqlara uyğun şəkildə davam etdirilməsi dayanır. Geri dön |