Ana Sayfa > Siyasət > Cəbrayıl – Zəfərin strateji açarı və Böyük Qayıdışın ünvanı

Cəbrayıl – Zəfərin strateji açarı və Böyük Qayıdışın ünvanı


Bu gün, 10:42. Yazar: azer
Cəbrayıl – Zəfərin strateji açarı və Böyük Qayıdışın ünvanı

Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əlverişli coğrafi mövqeyə malik bölgələrindən biri olan Cəbrayıl Qarabağın cənub-şərqində, Araz çayının sahilində yerləşir. Rayonun İranla dövlət sərhədində yerləşməsi, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonları ilə həmsərhəd olması ona tarixən mühüm coğrafi və strateji əhəmiyyət qazandırıb.
Cəbrayılın strateji əhəmiyyəti xüsusilə 2020-ci ilin Vətən müharibəsində özünü aydın şəkildə göstərdi. Rayonun azad edilməsi yalnız bir ərazinin işğaldan qurtarılması deyildi. Cəbrayıl istiqamətində əldə olunan hərbi uğur Azərbaycan Ordusunun cənub cəbhəsində irəliləyişinin mühüm mərhələsinə çevrildi və sonrakı əməliyyatlar üçün əlverişli imkanlar yaratdı.
Cəbrayıl cənub istiqamətində Zəfərin strateji dayaqlarından biri oldu. Rayonun Araz çayı boyunca yerləşən ərazilərə nəzarətin bərpa edilməsi Azərbaycan-İran dövlət sərhədinin böyük hissəsinin yenidən Azərbaycanın nəzarətinə keçməsinə imkan verdi. Müdafiə Nazirliyinin məlumatına görə, Cəbrayılın azad edilməsindən sonra Xocavəndin cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində əməliyyatların aparılması üçün geniş imkanlar yarandı. Daha sonra Zəngilan, Qubadlı və Laçının cənub hissəsinin azad edilməsi ilə nəticələnən hərbi irəliləyişlərdə Cəbrayıl istiqamətinin xüsusi rolu oldu.

Cəbrayılın coğrafi mövqeyi onun əhəmiyyətini yalnız hərbi müstəvidə deyil, nəqliyyat və iqtisadi baxımdan da artırır. Rayon Azərbaycanın cənub-qərb ərazilərini bir-birinə bağlayan mühüm məkanlardan biridir. Azadlıqdan sonra burada həyata keçirilən yol, dəmir yolu və digər infrastruktur layihələri Cəbrayılın gələcəkdə regional nəqliyyat əlaqələrində rolunu daha da artırır. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu layihəsinin reallaşdırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu xəttin azad edilmiş ərazilərə gediş-gəliş və yükdaşımalarla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın dəmir yolu əlaqəsinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

Cəbrayılın azadlığına aparan yol isə böyük qəhrəmanlıq salnaməsidir. 1994-cü ilin Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlının azad edilməsi bu istiqamətdə mühüm hadisə oldu. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi və Cocuq Mərcanlının təhlükəsizliyinin təmin olunması isə Cəbrayıl istiqamətində yeni reallıq yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl istiqamətində mühüm hərbi əməliyyatlar aparıldı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunun cənub istiqamətindəki irəliləyişinin mühüm nəticəsi oldu.

Cəbrayıl uğrunda döyüşlərin mürəkkəbliyi də onun strateji əhəmiyyətini göstərirdi. Ərazi düşmən tərəfindən çoxsaylı istehkamlar, mühəndis maneələri və müdafiə mövqeləri ilə möhkəmləndirilmişdi. Azərbaycan Ordusunun bu müdafiə xəttini yararaq irəliləməsi cəbhədə yeni əməliyyat imkanları açdı. Müdafiə Nazirliyi Cəbrayıl əməliyyatının digər istiqamətlərdə, o cümlədən Hadrut və Xocavənd istiqamətində hərbi əməliyyatların genişləndirilməsi üçün imkan yaratdığını qeyd edir.

Cəbrayılın strateji əhəmiyyətinin başqa bir mühüm tərəfi də Xudafərin istiqamətidir. Araz çayı üzərində yerləşən tarixi Xudafərin körpüləri yalnız qədim memarlıq nümunəsi deyil, həm də Azərbaycanın tarixi coğrafiyasını və regionun nəqliyyat yollarının çoxəsrlik əhəmiyyətini özündə birləşdirən mühüm məkandır. Cəbrayılın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xudafərin istiqamətində irəliləməsi və burada Azərbaycan bayrağının dalğalandırılması Zəfər salnaməsinin ən yaddaqalan səhifələrindən birinə çevrildi.

Beləliklə, Cəbrayılın əhəmiyyətini yalnız onun inzibati sərhədləri ilə məhdudlaşdırmaq olmaz. Cəbrayıl Azərbaycanın cənub-qərb coğrafiyasında hərbi, sərhəd, nəqliyyat və iqtisadi baxımdan mühüm qovşaqdır. Onun azadlığı Vətən müharibəsində Azərbaycanın cənub cəbhəsində hərbi təşəbbüsü ələ keçirməsində mühüm mərhələ olmaqla yanaşı, sonrakı Zəfər yürüşünün istiqamətlərini də genişləndirdi.

Bu gün isə Cəbrayıl artıq yalnız Zəfərin tarixi ilə deyil, Böyük Qayıdışın yeni ünvanlarından biri kimi gündəmdədir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Cəbrayılın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Rayonun strateji mövqeyi burada yaradılan müasir infrastruktur, nəqliyyat imkanları və iqtisadi potensialla birləşərək Cəbrayılın gələcəkdə regionun mühüm inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır.

Cəbrayıl bu gün tarixlə gələcəyin qovuşduğu məkandır. Burada bir tərəfdən Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi, digər tərəfdən isə doğma yurda qayıdan insanların qurduğu yeni həyat yaşayır. Cəbrayılın azadlığı Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin parlaq nümunələrindən biridir.

Cəbrayıl azaddır, Cəbrayıl dirçəlir və Cəbrayıl Azərbaycanın Böyük Qayıdışının mühüm ünvanlarından biri kimi gələcəyə doğru inamla addımlayır.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri


Geri dön