Ana Sayfa > Dünya > Kremlin cəbhə hesabatları ilə bağlı ŞOK

Kremlin cəbhə hesabatları ilə bağlı ŞOK


Bu gün, 20:14. Yazar: vasif
Kremlin cəbhə hesabatları ilə bağlı ŞOK


Kremlin Ukraynadakı döyüşlərin gedişi ilə bağlı təqdim etdiyi mənzərə cəbhədəki real vəziyyətdən o qədər fərqlənir ki, “hallüsinasiyanı xatırladır”.

aia.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Rusiya ordusunun sentyabr ayındakı ərazi dəyişikliklərini təhlil edərək bu qənaətə gəlib.

ISW-nin hesablamalarına görə, Kremlin irəli sürdüyü rəqəmlərin əksinə olaraq, Rusiya qoşunları sentyabr ayında Ukraynada xalis ərazi itkisi ilə üzləşib.

Oktyabrın 1-də “Valday” Diskussiya Klubunda çıxış edən Vladimir Putin Rusiya ordusunun sentyabr ərzində Ukraynanın 1301 kvadratkilometr ərazisini nəzarətə götürdüyünü və bunun əvvəlki aylarla müqayisədə 2,5 dəfə çox olduğunu bildirmişdi.

ISW isə cəbhə xəttindəki dəyişikliklərin geolokasiya olunmuş məlumatlar əsasında təhlilinin tamamilə fərqli nəticə göstərdiyini bildirir.

İnstitutun hesablamasına əsasən, Rusiya ordusu sentyabrda 1301 kvadratkilometr ərazi ələ keçirmək əvəzinə, 80,81 kvadratkilometr xalis ərazi itirib.

ISW bildirir ki, Rusiya hərbçilərinin daxil olduğu, lakin üzərində davamlı nəzarət qura bilmədiyi ərazilər də nəzərə alınarsa, fərq daha böyükdür. Bu metodologiya ilə Rusiyanın sentyabr ayındakı xalis ərazi itkisi 175,18 kvadratkilometrə çatır.

İnstitut Kremlin açıqlamalarının döyüş meydanında baş verənlərin reallığa uyğun olmayan mənzərəsini yaratdığını bildirir və bunu Rusiyanın informasiya və “koqnitiv müharibə” səylərinin tərkib hissəsi kimi qiymətləndirir.

ISW-nin təhlilində Kremlin sentyabr ayındakı hərbi uğurlarla bağlı təqdim etdiyi mənzərənin faktiki cəbhə dəyişikliklərindən o qədər uzaq olduğu vurğulanır ki, bu təsvirlərin “hallüsinasiyanı xatırlatdığı” qeyd olunur.

Beləliklə, tərəflərin təqdim etdiyi rəqəmlər arasında fərq yalnız əməliyyatların miqyasının qiymətləndirilməsi ilə məhdudlaşmır: Kreml sentyabrda 1301 kvadratkilometrlik irəliləyişdən danışdığı halda, ISW həmin ayın yekununu Rusiya üçün ərazi itkisi kimi hesablayır.musavat
Geri dön