Ana Sayfa > Gündəm > Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər -

Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər -


Bu gün, 19:29. Yazar: vasif
Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər -


Ermənistan sülh razılaşmalarından irəli gələn öhdəliklərə əməl etməkdən müxtəlif bəhanələrlə yayınır. Xüsusilə də Azərbaycan ərazilərinə iddiaların əksini tapdığı konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi məsələsi “unudulub”. Vəziyyət bu şəkildə davam edə bilməz. Azərbaycan Prezidenti hakim partiyanın qurultayında Ermənistan rəhbərliyinə xəbərdarlıq məzmunlu fikirlər söylədi.

Sitat: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.

Dövlət başçısının bu sözləri dilə gətirməsi şübhəsiz ki, ilk növbədə Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıqdır.

Ermənişünas alim, professor Qafar Çaxmaqlı Musavat.com-a açıqlamasında ilk olaraq bu barədə danışdı:

- Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış Ermənistanla münasibətlərin gələcək mənzərəsinin şəkillənməsi baxımından qonşu ölkəyə mesaj kimi dəyərləndirilə bilər. Ermənistanda bu çıxış diqqətlə təhlil olunur, Azərbaycan Prezidentinin nə demək istədiyi barədə mülahizələr irəli sürülür. Prezident doğru olaraq qeyd edir ki, bir zaman “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Paşinyanın indi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və dilə gətirməsi onun iradəsi deyil. Azərbaycan onu bunu etməyə məcbur etdi. Paşinyan da özündən əvvəlkilərdən fərqlənmirdi, indinin özündə də onun “manevrləri” aldadıcı olmamalıdır. Döşünə Ermənistanın 29 743 kvadrat kilometrlik xəritəsini yapışdırıb, ortalıqlarda gəzən Paşinyan və onun hakimiyyətinə inanmaq olmaz. Prezident çox yaxşı ifadə edib. Biz onların nankorluğuna bələdik. İndi məlumat yayılır ki, Ermənistan hərbi büdcəsini artırır. Kimə qarşıdır bu? Əlbəttə, Ermənistan Azərbaycana qarşı hər hansı güc nümayiş etdirə bilməz. Amma gələcəkdə bu ölkədən hər şeyi gözləyə bilərik. Haqlı olaraq Azərbaycana hər hansı təxribatların qarşısını almaq üçün biz müdafiə xərclərini artırmalıyıq. Təhlükəsizlik tədbirləri görülməlidir. Özü də bu, yalnız Ermənistandan gələn risklərlə bağlı deyil.

- Ermənistan Konstitusiyasının dəyişdirilməməsi halında sülh sazişinin imzalanması mümkünsüzdür və dövlət başçımız hələ iki il öncə qəti fikrini bildirib. Belə olduqda proseslərin perspektivi barədə nə demək olar?

- Ermənistanla sülh prosesinin aparılması Azərbaycanın məqsədlərindən biridir. Vaşinqtonda bu müqavilə paraflansa da, Ermənistan hələ də bizim üçün etibarsız ölkə olaraq qalır. Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar hələ də qalır. Ermənistan Konstitusiyasını dəyişməlidir, İrəvan Azərbaycanın şərtini qəbul etməlidir. Ermənistan bəhanə edir ki, hakimiyyət parlamentdə konstitusiya çoxluğu əldə etməyib, onu dəyişdirmək olmur. Amma bizim də müşahidələrimizə görə, bir yol tapıb Azərbaycanın bu haqlı tələbini yerinə yetirməyə heç təşəbbüs, yol tapmaq cəhdləri də yoxdur. Azərbaycanın gözləntilərindən biri kommunikasiya xətlərinin açılması və qərb bölgələrimizdən Naxçıvana maneəsiz keçidin təmin olunmasıdır. TRIPP layihəsinin də həyata keçirilməsində Ermənistan tərəfindən gəlişmə yoxdur. Hələ ki, Ermənistandan gələn məlumatların içərisində bunun səbəbini inandırıcı şəkildə izah edən siyasi xadim tapmaq çətindir. Bütün bunlar o deməkdir ki, Paşinyan vaxt qazanmaq istəyir. Bu ölkənin hansı planları ola bilər... Prezident çıxışında bu ölkənin rəhbərliyini konstruktiv mövqe sərgiləməyə çağırdı.

- Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin gecikdirilməsinin səbəbləri nədir? Əsas maneə Rusiyadan gəlir, yoxsa İrandan? Yoxsa başqa səbəblər var?

- Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur. Şübhəsiz ki, bu strateji nöqtədə maraqları olan ölkələr var və ona mane olmaq üçün oyunlar qurulmaqdadır. Rusiya burada nəzarət mexanizmlərini gizlətmir və son zamanlar tez-tez 9 noyabr 2020-ci il bəyannaməsini xatırladır. Həmin anlaşmaya görə, Rusiya Federal Təhlükəsizlik Xidməti buradakı proseslərə nəzarət etməli idi. Amma həmin anlaşma artıq tarixdir və 2025-ci il 8 avqust Vaşinqton Bəyannaməsi dediyimiz anlaşmanı arxa plana keçirib, yeni reallıqlar ortaya çıxıb. Məsələni özünün “qırmızı xətti” sayan İranın da bu işə mane olmaq imkanları artıq yoxdur.

- Sərhədlərin demarkasiyası ilə bağlı razılaşmalar olsa da, irəliyə doğru addım yoxdur. Burada əsas maneə nədir?

- Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya və delimitasiya tədbirləri iki ildir ki, aparılmır. Bu iş üçün yaradılan ortaq komissiya işləmir. Bir neçə ay əvvəl belə bir informasiya yayılmışdı ki, sərhədlərin müəyyənləşməsini şimaldan başlayacaqlar. O da olmadı. Ermənistanda buna səbəb kimi göstərdilər ki, komissiya öncə mübahisəli yerlərdə dəqiqləşmə aparmalıdır. Azərbaycan isə anklav ərazilərin qaytarılmasından sonra prosesin aparılmasını önə sürmüşdü. Ermənistan Cermuk (İstisu - red.) və Qaragöl istiqamətində guya Azərbaycanın irəli gəldiyini iddia edir. Məncə, sərhədlərin müəyyənləşməsi bu mübahisələrin açıqlığa qovuşmasından sonra dəqiqləşəcək.

- Ermənistanda Sədərəyin Kərki kəndinin azad edilməsinə qarşı müqavimət artır və hakimiyyət də sükutlu reaksiya verir. Bu gedişlə Kərki üçün əməliyyat zərurəti yarana bilərmi?

- Kərki kəndinin geri verilməsi məsələsi həll edilməlidir. Bildiyimə görə, Ermənistan tərəfi bu ərazini Gədəbəydəki Başkəndlə dəyişdirməyi təklif edir. Amma haqlı olaraq Azərbaycan bu variantı məqbul hesab etmir. Çünki Kərki ilə Başkəndin strateji mövqeyi eyni deyil. Azərbaycan Kərkidə antiterror əməliyyatı keçirə bilər. Bunu ona görə etmir ki, sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Prezident də ifadə etdi. Biz yeni müharibə istəmirik. Əgər Ermənistan da bunu istəmirsə, qərarlı addımlar atmalıdır. Amma istisna etmirəm ki, Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər.

Elşad Paşasoy,
Geri dön