Ana Sayfa > Ölkə > Zəfərdən sonra əsas məsələ

Zəfərdən sonra əsas məsələ


Dünən, 21:43. Yazar: vasif
Zəfərdən sonra əsas məsələ


Siyasi çıxışların eləsi var ki, gündəlik xəbərlərin içində itib gedir. Bir də eləsi var ki, qarşıdakı mərhələnin siyasi xəritəsini cızır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışına məhz ikinci müstəvidən yanaşmaq lazımdır. Çünki burada söhbət yalnız ordudan, büdcədən, təhlükəsizlikdən və qarşıda duran vəzifələrdən getmir. Daha fundamental məsələ ortaya qoyulur: Azərbaycan Zəfərdən sonra hansı dövlət kimi yoluna davam etməlidir? Bu dövlətin ideoloji dayaqları nələr olmalıdır? Cəmiyyət hansı milli ideya ətrafında daha sıx birləşməlidir?

Bu sualların cavabını Prezidentin bir fikrində axtarmaq mümkündür: “Azərbaycan həmişə güclü olmalıdır”. Bu, sadəcə siyasi şüar deyil. Bu, Azərbaycan dövlətçiliyinin yeni mərhələsi üçün prinsipdir.

Zəif dövlətin qiymətini Azərbaycan bilir

Azərbaycan bu sözlərin mənasını tarixdən bilir. Zəif dövlətin, parçalanmış cəmiyyətin, siyasi iradəsizliyin və hərbi gücsüzlüyün hansı nəticələrə gətirib çıxardığını bu xalq yaşamışdır. Torpaqların işğalı sadəcə hərbi məğlubiyyət deyildi. Bu, eyni zamanda dövlət gücünün, milli birliyin və siyasi sistemin zəifliyinin yaratdığı ağır nəticə idi.

Ona görə də bugünkü Azərbaycanın “güclü dövlət” fəlsəfəsi təsadüfi siyasi tezis deyil. Bu, tarixin diktə etdiyi nəticədir. 44 günlük müharibədə Azərbaycan həmin tarixi nəticəni dəyişdi. Amma tarix burada bitmir, əksinə, ən ciddi məsuliyyət indi başlayır. Çünki Zəfəri qazanmaq bir məsələdir, Zəfəri qorumaq, onu dövlətin davamlı gücünə çevirmək tamam başqa məsələdir.

Tarixin təkrarlanmaması üçün nə lazımdır?

Prezidentin “tarixin təkrarlanmaması üçün Azərbaycan həmişə güclü olmalıdır” mesajı bu baxımdan xüsusi siyasi yük daşıyır. Burada söhbət müharibəyə hazırlaşmaqdan daha geniş məsələdir. Söhbət elə bir dövlət qurmaqdan gedir ki, heç kim Azərbaycanın zəifliyinə ümid bağlamasın. Güclü ordu bunun bir tərəfi, güclü iqtisadiyyat isə ikinci tərəfidir.

Müstəqil xarici siyasət, siyasi sabitlik, texnoloji imkanlar, informasiya təhlükəsizliyi və milli həmrəylik isə həmin gücün digər sütunlarıdır. Amma bütün bunların fövqündə daha bir məsələ dayanır: dövlətçilik şüuru. Çünki tankı, raketi, iqtisadi resursu olan dövlətin cəmiyyət daxilində milli həmrəyliyi yoxdursa, onun gücü də davamlı ola bilməz.

Məhz burada milli ideologiya məsələsi önə çıxır.

Milli təhlükəsizliyin mənəvi qalxanı

Milli ideologiya yalnız milli kimliyi ifadə edən anlayış kimi məhdudlaşdırmaq onun siyasi mahiyyətini kiçiltmək olardı. Bu ideyanın mərkəzində Azərbaycan dövləti, onun müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, milli maraqları və gələcəyi dayanır. Başqa sözlə, milli ideologiya dövlətin mənəvi-siyasi müdafiə xəttidir. Bu gün təhlükə yalnız sərhəddən gəlmir, informasiya məkanından da, cəmiyyətdə parçalanma yaratmaq cəhdindən də, milli kimliyi zəiflətməkdən də, tarixi yaddaşı təhrif etməkdən də, gənc nəslin dövlətçilik hissini aşındırmaqdan da gələ bilər.

Deməli, milli təhlükəsizliyin bir cəbhəsi də insan şüurudur. Və həmin cəbhədə əsas silahlardan biri milli dövlətçilik ideyasıdır. Zəfərdən sonra ideoloji işin məzmunu dəyişməlidir. Azərbaycan Qarabağ münaqişəsi dövründə uzun illər bir ideoloji məqsəd ətrafında birləşmişdi: torpaqların işğaldan azad edilməsi. Bu məqsəd artıq reallaşıb. Deməli, ideoloji işin qarşısında yeni vəzifələr dayanır. İndi gənc nəslə yalnız “Qarabağ necə azad edildi?” sualının cavabı verilməməlidir. Daha böyük suallar cavablandırılmalıdır: Bu Zəfər necə mümkün oldu? Güclü dövlət nə deməkdir? Suverenlik niyə qorunmalıdır? Milli həmrəylik niyə strateji sərvətdir? Azərbaycançılıq niyə bizi birləşdirən dövlətçilik ideyasıdır? Zəfərdən sonra vətəndaşın dövlət qarşısında məsuliyyəti nədir? Bu suallara cavab vermək artıq ideoloji işin yeni mərhələsidir.

Burada məqsəd sadəcə təbliğat aparmaq deyil. Məqsəd dövlətçilik təfəkkürü formalaşdırmaqdır. Milli ideologiya Zəfərdən sonra daha böyük məna qazanır. Qarabağ Zəfəri Azərbaycançılığın məzmununa yeni tarixi çalar gətirib. Əgər əvvəl milli ideologiya milli birliyin və dövlət müstəqilliyinin qorunması ideyası kimi önə çıxırdısa, bu gün həmin ideya Zəfərin nəticələrinin qorunması və gələcəyə daşınması məsuliyyəti ilə tamamlanır.

İndi milli ideya yalnız “torpaqlarımızı azad edəcəyik” demək deyil. İndi milli ideya həm də budur: Azad edilmiş torpaqlarda güclü dövlət quracağıq. Suverenliyimizi qoruyacağıq. Dövlətimizin gücünü daim artıracağıq. Milli həmrəyliyimizi zəiflətməyəcəyik. Heç bir xarici təsirin milli dövlətçilik iradəmizi sarsıtmasına imkan verməyəcəyik. Milli ideologiyanın yeni mərhələdəki praktik məzmunu məhz burada formalaşır.

9 milyardlıq mesaj

Gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik istiqamətinə təxminən 9 milyard manata yaxın vəsait nəzərdə tutulması da bu mənzərədən kənarda düşünülməməlidir. Bu, sadəcə büdcə rəqəmi deyil. Bu, dövlətin öz təhlükəsizliyinə hansı strateji əhəmiyyət verdiyini göstərən resurs qərarıdır.

Bir həqiqəti də unutmaq olmaz: milli təhlükəsizlik yalnız pulla və silahla təmin edilmir, silah ordunun gücüdür, iqtisadiyyat dövlətin resursudur, diplomatiya siyasi imkan yaradır. Amma bütün bunların arxasında dayanan milli iradə və dövlətçilik şüuru cəmiyyətin gücüdür. Həmin şüurun ideoloji dayağı isə milli ideologiyadır.

İndi qarşıda yeni ideoloji vəzifə dayanır. Bu baxımdan YAP qurultayındakı çıxışa yalnız siyasi proqram kimi yanaşmaq kifayət deyil. Burada Azərbaycanın yeni mərhələdə hansı dəyərlər üzərində dayanmalı olduğu barədə ciddi mesajlar var. Şərti olaraq bunu yeni milli təhlükəsizlik konsepsiyasının və postmüharibə dövlətçilik ideologiyasının konturları adlandırmaq olar. Bu ifadə ayrıca qəbul edilmiş rəsmi doktrina deyil; çıxışda səslənən strateji yanaşmaların ideoloji məntiqinin ifadəsidir. Bu məntiqin mərkəzində isə milli ideologiya dayanmalıdır. Çünki güclü dövlət yalnız güclü ordu ilə yaranmır. Güclü dövlət güclü milli ideya üzərində də qurulur. Milli ideya cəmiyyəti birləşdirməlidir, dövlətçilik şüurunu möhkəmləndirməlidir, tarixi yaddaşı canlı saxlamalıdır, suverenliyi qorumağı ümumi milli məsuliyyətə çevirməlidir.

Gənc nəslə yalnız keçmişin qəhrəmanlığını deyil, gələcəyin məsuliyyətini də anlatmalıdır. Bu gün Azərbaycan üçün ideoloji vəzifə məhz budur.

Zəfərin davamı

Zəfər Azərbaycanın tarixində böyük dönüş nöqtəsidir. Amma heç bir Zəfər avtomatik olaraq əbədi güc yaratmır. Güc hər gün yenidən qurulur, ordu ilə, iqtisadiyyatla, elm və texnologiya ilə, diplomatiya ilə, milli həmrəyliklə və ən başlıcası, dövlətçilik düşüncəsi ilə. Ona görə də qarşıdakı mərhələnin əsas sualı artıq “Qarabağı necə azad etdik?” deyil. Əsas sual budur: Qarabağ Zəfərini necə böyük və davamlı Azərbaycan dövlətinin təməl daşına çevirəcəyik?

Bu sualın cavabında hərbi strategiya da var, iqtisadi siyasət də, milli təhlükəsizlik də. Amma bütün bunların üzərində bir milli ideoloji xətt dayanır. Çünki Zəfəri tarix qazandırdı, onu qoruyacaq olan isə güclü dövlət, milli həmrəylik və öz dövlətçilik ideyasına inanan Azərbaycan cəmiyyətidir.

Gələcəyin Azərbaycanı

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı əsasında formalaşan bu yeni milli təhlükəsizlik konsepti və ideoloji doktrina göstərir ki, Azərbaycan artıq regional çərçivələrə sığmayan, öz sözünü deyən, qlobal siyasətdə "oyunqurucu" rolunu oynayan suveren gücdür. Bu doktrina – güclü dövlət, etibarlı təhlükəsizlik, dayanıqlı iqtisadiyyat və milli birlik üçbucağında qurulan müstəqil Azərbaycanın qızıl əsrinin strateji xaritəsidir.

Yeni milli təhlükəsizlik və inkişaf doktrinası çərçivəsində iqtisadi və sosial siyasət milli təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Güclü iqtisadiyyat, aşağı xarici borc, eləcə də vətəndaşların sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsi (minimum əməkhaqqı, pensiya və müavinətlərin artırılması) daxili sabitliyin monolitliyini təmin edir.

Bəhruz Quliyev,
“Səs” qəzetinin baş redaktoru
Geri dön