Ana Sayfa > Manşet / Siyasət > YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır
YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salırBu gün, 18:41. Yazar: azer |
![]() Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəlb edir. Çıxışın məzmunundan aydın görünür ki, qurultay yalnız siyasi təşkilatın fəaliyyətinin qiymətləndirildiyi tədbir deyil, həm də Azərbaycanın yeni reallıqlar şəraitində qarşıya qoyduğu məqsədlərin, təhlükəsizlik, iqtisadi inkişaf, xarici siyasət və sosial rifah məsələlərinin vahid strateji çərçivədə nəzərdən keçirildiyi mühüm siyasi platformadır. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, Azərbaycanın bugünkü inkişaf mərhələsini anlamaq üçün son onilliklərdə həyata keçirilən dövlətçilik siyasətinə nəzər salmaq vacibdir. 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi şəraitində dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi potensialın formalaşdırılması və beynəlxalq mövqelərin gücləndirilməsi sonrakı mərhələdə əldə olunan nəticələr üçün zəmin yaradıb. Tahir Mirkişili qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa olunması ölkənin qarşısında yeni vəzifələr formalaşdırıb. Hazırkı mərhələdə əsas məsələlərdən biri əldə edilmiş nəticələrin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi və azad edilmiş ərazilərin ölkənin sosial-iqtisadi sisteminə inteqrasiyasıdır. “Böyük Qayıdış” proqramı bu baxımdan yalnız sosial layihə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün real və dayanıqlı məzmunla möhkəmləndirilməsinə xidmət edən strateji prosesdir. Yeni yaşayış məntəqələrinin salınması, yolların, enerji və kommunal infrastrukturun qurulması, məktəb və tibb müəssisələrinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və sosial sisteminə inteqrasiyasını sürətləndirir. Azərbaycanın çoxşaxəli tərəfdaşlıq siyasəti davam edəcək Çıxışın digər mühüm istiqaməti təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təhlükəsizlik siyasətinin başa çatması anlamına gəlmir. Əksinə, müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər müdafiə imkanlarının daim gücləndirilməsini zəruri edir. Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, yeni təhlükəsizlik çağırışları və beynəlxalq hüququn tətbiqi ilə bağlı problemlər dövlətlərin milli təhlükəsizlik strategiyalarına yenidən baxmasına səbəb olur. Bu reallıq Azərbaycanın hərbi potensialının inkişaf etdirilməsini dövlət siyasətinin uzunmüddətli istiqamətlərindən biri kimi gündəmdə saxlayır. Eyni zamanda, çıxışda təhlükəsizliyin yalnız hərbi ölçü ilə məhdudlaşmadığı xüsusi olaraq vurğulanır. İnformasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin yayılması, kibertəhlükələr və informasiya müharibələri yeni risk kateqoriyalarını meydana çıxarıb. Bu şəraitdə informasiya savadlılığı, keyfiyyətli təhsil, tənqidi düşüncə və vətəndaşların informasiya mənbələrinə münasibətdə məsuliyyətli davranışı milli təhlükəsizlik məsələləri ilə daha sıx əlaqələnir. Təhsil məsələsinin ideoloji təhlükəsizlik kontekstində ön plana çəkilməsi də diqqətəlayiqdir. Xarici siyasətlə bağlı səsləndirilən fikirlər Azərbaycanın çoxşaxəli tərəfdaşlıq siyasətinin davam etdiriləcəyini göstərir. Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlər quraraq milli maraqlarını təmin etməyə və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması, ABŞ ilə Strateji Xartiyanın imzalanması, Avropa İttifaqının ayrı-ayrı üzv dövlətləri ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu Azərbaycanın xarici siyasətində çoxtərəfli yanaşmanın tətbiqini göstərən nümunələr kimi təqdim olunur. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artması da bu siyasətin digər mühüm istiqamətidir. Xüsusilə Azərbaycanın coğrafi mövqeyindən irəli gələn üstünlüklər nəqliyyat və logistika siyasətinin xarici siyasətin mühüm alətlərindən birinə çevrilməsinə imkan yaradır”, - deyə deputat qeyd edib. Tahir Mirkişili qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən yanaşmaları əks etdirir. Qarşıdakı dövrdə əsas məqsədlər əldə edilmiş tarixi nəticələrin möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin olunması, təhlükəsizlik potensialının qorunması, azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi və Azərbaycanın regional əməkdaşlıq imkanlarından daha geniş istifadə etməsidir. Geri dön |