Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov:"YAP-ın VIII Qurultayı: Zəfərin formalaşdırdığı yeni siyasi gündəm"

Eltun Süleymanov:"YAP-ın VIII Qurultayı: Zəfərin formalaşdırdığı yeni siyasi gündəm"


Bu gün, 10:41. Yazar: azer
Eltun Süleymanov:"YAP-ın VIII Qurultayı: Zəfərin formalaşdırdığı yeni siyasi gündəm"

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezident, YAP sədri İlham Əliyevin nitqi geniş zaman kəsiyini əhatə edən çıxış kimi diqqəti çəkir. Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultay Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları fonunda baş tutub. Cənab Prezident nitqinin başlanğıcında qurultayın ölkənin ictimai-siyasi həyatında əhəmiyyətini vurğulamaqla yanaşı, YAP-ın fəaliyyətinin Azərbaycan və Cənubi Qafqaz üçün daşıdığı rola diqqət çəkib.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab Prezidentin nitqinin əsas xəttlərindən biri Azərbaycanın son onilliklərdə keçdiyi siyasi yolun mərhələlər üzrə təqdimatı idi. Bu baxışda 1992-ci ildə YAP-ın təsis qurultayı sadəcə siyasi təşkilatın yaranma tarixi kimi deyil, ölkənin mürəkkəb vəziyyətdən çıxış axtarışının ifadəsi kimi təqdim olunur. Prezidentin çıxışında həmin dövrün siyasi, iqtisadi və sosial çətinlikləri, ərazi itkiləri və dövlət idarəçiliyindəki böhran ayrıca xatırladılıb. Bu yanaşmanın məntiqi davamı kimi nitqdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı mərhələyə xüsusi yer ayrılıb. Həmin dövr dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, Azərbaycanın beynəlxalq təcriddən çıxması və xarici sərmayənin cəlb edilməsi kontekstində xarakterizə olunub. Nitqdə “Əsrin kontraktı”nın imzalanması və ölkənin ümumi inkişaf strategiyasının müəyyənləşdirilməsi də bu mərhələnin əsas hadisələri sırasında göstərilib. Burada diqqətçəkən məqam dövlətçilik xəttinin davamlılığı məsələsidir. Cənab Prezidentin nitqində bu xətt müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə kimi istiqamətlərlə ifadə olunur. Çıxışda vurğulanır ki, taktiki və müəyyən strateji məqsədlər zaman keçdikcə dəyişə bilər, lakin əsas siyasi xətt dəyişməz qalır. Nitqin ən mühüm tarixi məqamlarından biri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı hissədir. Cənab Prezident bu məsələnin 2003-cü ildən qarşıya qoyulmuş əsas vəzifələrdən biri olduğunu bildirib və son nəticədə həmin məqsədə nail olunduğunu qeyd edib. Çıxışda 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabr hadisələri Azərbaycanın son tarixinin əsas dönüş nöqtələri kimi təqdim edilir. Cənab Prezident 8 Noyabrı Zəfər günü, 20 Sentyabrı isə ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə bağlı mühüm tarix kimi xarakterizə edib. Eyni zamanda şəhidlərin xatirəsi ehtiramla yad olunub. Nitqin tarixi məzmununda daha bir mühüm cəhət ondan ibarətdir ki, Azərbaycanın Zəfərinin yalnız hərbi nəticə kimi deyil, geosiyasi dəyişikliklərin başlanğıcı kimi təqdim edilməsidir. Cənab Prezidentin ifadəsinə görə, Azərbaycan 44 günlük müharibə zamanı ciddi xarici təzyiqlərlə qarşılaşsa da, siyasi xəttindən geri çəkilməyib. Çıxışda bu proses Azərbaycan xalqının birlik nümayiş etdirməsi və dövlət siyasətinin ardıcıllığı ilə əlaqələndirilir. Beləliklə, nitqdə Zəfərə aparan yol bir günün və ya bir hərbi əməliyyatın nəticəsi kimi deyil, uzunmüddətli siyasi, iqtisadi, diplomatik və hərbi hazırlıq prosesinin yekunu kimi təqdim olunur. Bu baxımdan 1990-cı illərin əvvəllərindəki zəif dövlət təsisatları ilə sonrakı dövrün güclənmiş dövlət modeli arasında müqayisə aparılır. Bu tarixi xəttin iqtisadi tərəfi də nitqdə xüsusi yer tutur. Cənab Prezident 1993–2003-cü illəri Azərbaycanın beynəlxalq təcriddən çıxması və iqtisadi inkişaf üçün zəruri sərmayənin cəlb olunması mərhələsi kimi təqdim edib. Xarici investisiyaların ölkənin iqtisadi potensialının formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Deməli, VIII Qurultayda səslənən nitqin tarixi məntiqi belə bir ardıcıllıq yaradır: siyasi böhran, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi əsasların yaradılması, beynəlxalq mövqelərin gücləndirilməsi, hərbi potensialın formalaşdırılması və nəhayət, ərazi bütövlüyünün və suverenliyin bərpası. Bu ardıcıllıq YAP-ın 1992-ci ildən sonrakı siyasi fəaliyyətinə verilən qiymətləndirmənin də əsasını təşkil edir. Nitqdə partiyanın yaranması Azərbaycanın dövlətçilik tarixində ayrıca mərhələ kimi təqdim edilir və onun sonrakı proseslərlə əlaqəsi vurğulanır.

VIII Qurultayın tarixi məzmununu fərqləndirən başlıca cəhət də məhz budur: bu dəfə YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi şəraitdə keçirilir. VII Qurultay isə 2020-ci il Zəfərindən cəmi bir neçə ay sonra yeni reallıqlar fonunda keçirilmişdi. Ona görə VIII Qurultayla bağlı nitqə yalnız partiya tədbirində səslənmiş siyasi çıxış kimi yanaşmaq kifayət deyil. Bu nitqdə Azərbaycanın yaxın tarixinin ayrı-ayrı mərhələləri vahid siyasi məntiq daxilində birləşdirilir və Zəfərin hansı tarixi, siyasi, iqtisadi və hərbi proseslərin fonunda meydana gəldiyi izah olunur. Ən başlıcası isə, çıxışın tarixi hissəsi bir fikri ön plana çıxarır: Azərbaycanın bugünkü reallıqları dünən yaranmayıb. Bu reallıqlar uzun illər ərzində formalaşdırılmış dövlətçilik siyasətinin, iqtisadi imkanların, diplomatik mövqelərin və hərbi gücün nəticəsi kimi təqdim edilir. Beləliklə, YAP-ın VIII Qurultayında səslənən nitqin birinci böyük mesajı keçmişə nəzər salmaqla bu günün siyasi mənzərəsini anlamaqdır. Keçmişin ağır sınaqları, dövlətçiliyin qorunması, iqtisadi müstəqilliyin təmin edilməsi və nəhayət, Zəfər – nitqin tarixi xəttini təşkil edən əsas mərhələlər bunlardır. Bu baxımdan VIII Qurultay həm də bir siyasi yaddaş platforması təsiri bağışlayır: keçilmiş yol xatırlanır, onun nəticələri təqdim olunur və əldə edilmiş nəticələrin gələcək siyasət üçün yaratdığı imkanlara keçid edilir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Geri dön