Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “YAP-ın fəaliyyəti dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə və milli həmrəyliyin qorunmasına yönəlib”
Azər Kərimli: “YAP-ın fəaliyyəti dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə və milli həmrəyliyin qorunmasına yönəlib”Bu gün, 10:28. Yazar: azer |
![]() “Azərbaycanın son illərdə qazandığı siyasi çəkini yalnız beynəlxalq fəallıqla izah etmək olmaz. Bu nəticənin arxasında dövlətin öz qərarlarını sərbəst qəbul etmək imkanını möhkəmləndirən uzunmüddətli siyasi xətt dayanır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP Sədri İlham Əliyevin xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər bu xətti bir daha gündəmə gətirdi. Dövlət başçısının “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin” fikri Azərbaycanın beynəlxalq davranışının əsas prinsipini ifadə edir. Bu prinsipin siyasi kökləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində formalaşıb. Müstəqilliyin ilk illərində əsas vəzifələrdən biri dövlətin siyasi iradəsini qorumaq və xarici təsirlər qarşısında dayanıqlı mövqe yaratmaq idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət dövlət institutlarının möhkəmləndirilməsinə, milli maraqların prioritetə çevrilməsinə və Azərbaycanın beynəlxalq əlaqələrinin sistemli qurulmasına xidmət etdi. 1992-ci ildə onun rəhbərliyi ilə yaradılan YAP da belə mürəkkəb şəraitdə milli dövlətçilik ideyasını siyasi platformaya çevirən əsas qüvvələrdən biri oldu.” Bunları Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında deyib. Parlament üzvü YAP-ın siyasi fəaliyyətinin mühüm cəhətlərindən biri kimi dövlətçiliklə partiya quruculuğunun eyni məqsəd ətrafında birləşməsini qeyd edib: “Partiyanın uzun illər iqtidar partiyası kimi fəaliyyəti ölkənin siyasi həyatında ardıcıllığın qorunmasına imkan verib. VIII Qurultayda Prezident İlham Əliyevin YAP-ı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə etməsi və onun fəallarının ölkənin uğurlu yoluna verdiyi töhfəni qeyd etməsi bunu təsdiqləyir. Partiyanın fəaliyyəti dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə, milli həmrəyliyin qorunmasına və strateji hədəflərin ictimai dəstəklənməsinə də yönəlib. Bu gün Azərbaycanın müstəqil xarici siyasət yürütməsi üçün imkanları daha genişdir. İqtisadi potensialın, enerji layihələrinin və nəqliyyat-logistika imkanlarının artması ölkənin beynəlxalq mövqeyini gücləndirən amillərdir. Prezident İlham Əliyevin iqtisadi müstəqilliklə siyasi müstəqilliyin bağlılığını önə çəkməsi də təsadüfi deyil. İqtisadi imkanlar da milli maraqların müdafiəsini gücləndirir. Regional reallıqlardakı dəyişikliklər də bu siyasətin nəticələrini göstərir. 2020-ci il Vətən müharibəsindəki Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycanın siyasi imkanlarını genişləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının formalaşmasında mühüm aktora çevrildi. YAP fəalları da bu xəttin cəmiyyətə çatdırılmasında iştirak etdilər. Müstəqil siyasət təcrid olunmaq demək deyil. Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur və beynəlxalq platformalarda fəal iştirak edir. Əsas məsələ tərəfdaşlığın suveren qərarverməni məhdudlaşdırmamasıdır. İlham Əliyevin xarici siyasəti Azərbaycanın əməkdaşlığa açıq olmaqla yanaşı, milli maraqlardan geri çəkilməməsi prinsipinə əsaslanır. Heydər Əliyevin siyasi irsinin müasir mərhələdə də əhəmiyyəti böyükdür. Onun müəyyən etdiyi dövlətçilik xətti dəyişən şərtlərə uyğun yeni məzmun qazanıb, lakin əsas istiqamətlərini saxlayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, taktiki və hətta bəzi strateji məqsədlər dəyişə bilər, amma ana xətt – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə – dəyişməz olaraq qalır. Bu ardıcıllıq Azərbaycanın xarici siyasətində də özünü göstərir. Beləliklə, VIII Qurultayda xarici siyasətlə bağlı səslənən fikirlər dövlətçilik modelinin ifadəsidir. YAP-ın siyasi fəaliyyəti, Heydər Əliyevin formalaşdırdığı müstəqil dövlətçilik konsepsiyası və İlham Əliyevin rəhbərliyi ilə bu xəttin yeni geosiyasi şəraitdə davam etdirilməsi Azərbaycanın beynəlxalq mövqeyinin dayaqlarıdır. Əsas vəzifə əməkdaşlığı genişləndirərkən suveren qərarverməni və milli maraqları qorumaqdır” – deyə, Azər Kərimli açıqlamasını sona çatdırıb. Geri dön |