Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Qarşıdakı vəzifələr sırasında güclü dövlət modelinin siyasi və ictimai dayaqlarının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır”

Novruzəli Aslanov: “Qarşıdakı vəzifələr sırasında güclü dövlət modelinin siyasi və ictimai dayaqlarının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır”


Bu gün, 10:23. Yazar: azer
Novruzəli Aslanov: “Qarşıdakı vəzifələr sırasında güclü dövlət modelinin siyasi və ictimai dayaqlarının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır”

“Dövlətin təhlükəsizliyinin etibarlı təmin olunması hər bir ölkə üçün başlıca məsələlərdəndir. Mürəkkəb geosiyasi şəraitdə siyasi iradə ilə yanaşı, güclü müdafiə imkanlarına malik olmaq milli maraqların qorunmasının mühüm şərtidir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP Sədri İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi Azərbaycanın dövlətçilik strategiyasında hərbi gücün yerini aydın göstərir. Azərbaycanın müdafiə potensialının bugünkü səviyyəyə çatması uzun illər ərzində aparılan ardıcıl siyasətin nəticəsidir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlətin dayaqlarını möhkəmləndirdi, ordu quruculuğunu dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Onun müəyyən etdiyi xətt yalnız silahlı qüvvələrin formalaşdırılmasını deyil, bütövlükdə dövlətin təhlükəsizlik sisteminin yaradılmasını nəzərdə tuturdu. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti də bu dövlətçilik yanaşmasının cəmiyyətə çatdırılmasına və milli həmrəyliyin möhkəmlənməsinə xidmət edirdi. Heydər Əliyevin siyasi irsində ordu ilə dövlətin gücü arasında mühüm bağlılıq var. Güclü dövlətin təhlükəsizliyini təmin etmək imkanları yalnız hərbi texnika ilə ölçülmür. İqtisadi dayanıqlıq, müdafiə sənayesi, peşəkar kadrlar və milli iradə vahid sistem təşkil edir. Bu yanaşma Azərbaycan Ordusunun inkişafı üçün möhkəm zəmin yaratdı.”

Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a açıqlamasında yer alıb.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu: “Müdafiə xərclərinin artırılması, ordunun müasir silah və texnika ilə təchizatı, müdafiə sənayesinin inkişafı və hərbi əməkdaşlığın genişləndirilməsi bu siyasətin mühüm istiqamətlərini təşkil etdi. Bunun nəticəsi 2020-ci ildə özünü döyüş meydanında göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfər işğal altında olan ərazilərin azad edilməsini təmin etdi və regionda yeni reallıq yaratdı. Lakin Zəfərdən sonra müdafiə məsələsinin əhəmiyyəti azalmadı. Əksinə, Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğuladığı kimi, hərbi gücün artırılması bundan sonra da əsas vəzifələrdən biri olaraq qalır. Bu yanaşmanın məntiqi aydındır: sülhün qorunması üçün dövlətin öz təhlükəsizliyini təmin edə biləcək imkanları daim yüksək səviyyədə olmalıdır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, yeni mərhələdə əsas məqsədlərdən biri əldə olunmuş nəticələrin etibarlı şəkildə qorunmasıdır. Bu baxımdan YAP-ın siyasi fəaliyyəti də yeni məzmun qazanır. Partiya cəmiyyətdə milli birlik və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə, ölkənin strateji hədəfləri ətrafında həmrəyliyin qorunmasına mühüm töhfə verir. VIII Qurultayın suverenliyin tam bərpasından sonra keçirilməsi YAP üçün də yeni mərhələdir. Qarşıdakı vəzifələr sırasında güclü dövlət modelinin siyasi və ictimai dayaqlarının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın hərbi qüdrətinin artırılması yalnız təhlükəsizlik məsələsi deyil, həm də müstəqil dövlət siyasətinin mühüm təminatıdır. Prezident İlham Əliyevin qurultayda Ulu Öndərin siyasi xəttinin əsas istiqamətləri sırasında güclü hərbi potensialı ayrıca qeyd etməsi bunu bir daha təsdiqləyir. Beləliklə, Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi müasir dövrdə yeni imkanlarla zənginləşdirilərək davam etdirilir. VIII Qurultaydan verilən mesajlardan biri də budur ki, Azərbaycanın əldə etdiyi Zəfər daha təhlükəsiz və dayanıqlı gələcəyin başlanğıcıdır. Ulu Öndərin yaratdığı siyasi və dövlətçilik təməli, YAP-ın milli həmrəyliyə yönəlmiş fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu bu gələcəyin mühüm dayaqlarındandır. Güclü müdafiə potensialı Azərbaycanın öz inkişaf yolunu sərbəst seçməsi, sülh və sabitliyin qorunması üçün mühüm təminatlardan biri olaraq qalır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön