Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Xalqın iradəsindən dövlətçilik Zəfərinə uzanan şərəfli yol"

Səttar Möhbalıyev: "Xalqın iradəsindən dövlətçilik Zəfərinə uzanan şərəfli yol"


Bu gün, 18:12. Yazar: azer
Səttar Möhbalıyev: "Xalqın iradəsindən dövlətçilik Zəfərinə uzanan şərəfli yol"

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqi yeni mərhələnin konturlarını ortaya qoydu. Dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra keçirilən qurultayda diqqət artıq yalnız əldə edilmiş Zəfərlərin deyil, həmin Zəfərlərin yaratdığı yeni imkanların qorunmasına və Azərbaycanın gələcək inkişafının təmin edilməsinə yönəldi. Cənab Prezidentin nitqindən aydın görünən əsas məqam budur: Azərbaycan üçün yeni dövr yalnız qurub-yaratmaq dövrü deyil, əldə edilmiş nəticələri daha da möhkəmləndirmək, ölkənin gücünü yeni istiqamətlər üzrə artırmaq dövrüdür. Bu baxımdan qarşıdakı vəzifələr bir-birindən ayrı deyil. Hərbi güc, təhlükəsizlik, ideoloji dayanıqlıq, iqtisadi inkişaf, enerji və nəqliyyat imkanları, beynəlxalq əlaqələr və Böyük Qayıdış vahid dövlət strategiyasının müxtəlif istiqamətləridir.

Bu sözləri aia.az verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, müxtəlif regionlarda müharibə və qarşıdurmaların davam etdiyi bir şəraitdə cənab Prezident nitqində ilk növbədə hərbi gücün artırılmasını qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu yanaşmanın məntiqi aydındır: Azərbaycan sülh tərəfdarı olmaqla yanaşı, öz təhlükəsizliyini təmin edə biləcək gücə malik olmalıdır. Nitqdə qeyd edildi ki, Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, sərhədlərdə sakitlik hökm sürür, sülh müqaviləsi paraflanıb və tərəflər arasında təmaslar mövcuddur. Lakin bütün bunlar ölkənin müdafiə qabiliyyətinin arxa plana keçirilməsi demək deyil. Əksinə, dəyişkən beynəlxalq mühit təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanmasını tələb edir. Bu məqsədlə gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələlərinə təqribən 9 milyard manat vəsait nəzərdə tutulur. Cənab Prezidentin vurğuladığı kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, sosial məsələlər və digər istiqamətlər nə qədər vacib olsa da, dövlət öz təhlükəsizliyini təmin edə bilmədiyi halda digər layihələrin davamlılığı da sual altında qala bilər. Deməli, yeni mərhələnin ilk dayaqlarından biri artıq formalaşmış gücün qorunması və daha da möhkəmləndirilməsidir. Nitqin diqqət çəkən istiqamətlərindən biri də ideoloji təhlükəsizlik məsələsidir. Müasir dünyada dövlət sərhədləri nə qədər etibarlı qorunsa da, informasiya sərhədləri əvvəlki kimi görünən deyil. İnternet, sosial media, kiberhücumlar və süni intellekt informasiya məkanını tamamilə dəyişib. Belə bir şəraitdə cənab Prezident ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğuladı. Burada isə əsas vasitələr kimi təhsil və vətənpərvərlik önə çəkildi. Cəmiyyət nə qədər savadlı və məlumatlı olarsa, yalan məlumatların, şayiələrin və müxtəlif ideoloji təsirlərin təsirinə qarşı bir o qədər dayanıqlı ola bilər. Bu fikir Azərbaycanın qarşısında duran yeni vəzifələrin mahiyyətini də göstərir. Çünki dövlətin təhlükəsizliyi yalnız sərhəddə qorunmur. Milli düşüncənin, tarixi yaddaşın və dövlətçilik şüurunun qorunması da təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan cənab Prezidentin YAP qarşısında qoyduğu vəzifələr də yenilənir. İdeoloji işin formal tədbirlərdən, şablon yanaşmalardan uzaqlaşdırılması, müasir informasiya imkanlarından istifadə olunması və Azərbaycan həqiqətlərinin cəmiyyətə daha dolğun çatdırılması yeni dövrün mühüm tələblərindən biri kimi təqdim edilir. Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli xarici siyasət də yeni mərhələnin mühüm dayaqlarındandır. Cənab Prezident nitqində Azərbaycanın müxtəlif siyasi və iqtisadi qütblərlə əlaqələr saxlaması, öz maraqlarını qoruması və heç bir düşərgəyə qoşulmaması xüsusi vurğulandı. Bu siyasətin nəticələrindən biri Azərbaycanın beynəlxalq platformalarda rolunun genişlənməsidir. Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilib, D-8 təşkilatına üzv olub. Eyni zamanda, Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Cənab Prezident həmçinin Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsinin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanmasını Azərbaycanın beynəlxalq mövqeyinin göstəricilərindən biri kimi qeyd etdi. Burada diqqətçəkən məsələ yalnız əlaqələrin sayının artması deyil. Məsələ Azərbaycanın müxtəlif tərəflərlə münasibətlərində öz milli maraqlarını qorumaq imkanının genişlənməsidir. Bu isə müasir geosiyasi şəraitdə dövlətin manevr imkanlarını artıran amillərdən biridir. Cənab Prezidentin nitqində səslənən “sözümüz imzamız qədər dəyərlidir” fikri də məhz bu etimad məsələsinə bağlanır. Azərbaycan üçün qarşıdakı dövrdə beynəlxalq nüfuz yalnız siyasi göstərici deyil, həm də iqtisadi, enerji, nəqliyyat və investisiya imkanlarının genişlənməsinə xidmət edən mühüm kapitaldır.

Millət vəkili onu da bildirib ki, Azərbaycanın gələcək hədəflərindən danışarkən nitqdə iqtisadi və maliyyə sabitliyinə xüsusi yer ayrıldı. Çünki siyasi müstəqilliyin və təhlükəsizliyin davamlılığı güclü iqtisadi baza tələb edir. İki Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olması ölkəyə beynəlxalq investorların marağının mühüm göstəricisi kimi təqdim edildi. Son forumda iştirak edən aparıcı investisiya qurumlarının idarə etdiyi vəsaitlərin ümumi həcminin 30 trilyon dollardan çox olduğu bildirildi. Bu rəqəmlər yalnız maliyyə göstəricisi kimi qəbul edilməməlidir. İnvestisiya ölkəyə kapital, texnologiya, yeni istehsal imkanları və məşğulluq gətirən inkişaf alətidir. Bu səbəbdən Azərbaycanın qarşısında duran vəzifələrdən biri də investisiya mühitinin daha da genişləndirilməsi və iqtisadiyyatın yeni sahələr hesabına böyüdülməsidir. Yeni iqtisadi mərhələnin başqa mühüm istiqaməti enerji sektorudur. Dünyada enerji təhlükəsizliyi məsələsinin yenidən ön plana çıxdığı bir vaxtda Azərbaycan özünü yalnız neft və qaz istehsalçısı kimi deyil, müxtəlif enerji resurslarının istehsal və ixrac imkanlarına malik ölkə kimi təqdim edir. Deməli, enerji siyasəti qarşıdakı illərdə yalnız gəlir mənbəyi kimi deyil, Azərbaycanın geosiyasi və iqtisadi imkanlarını artıran strateji istiqamət kimi qalacaq. Bütün bu istiqamətlərin içərisində xüsusi yer tutan məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Çünki ərazi bütövlüyünün bərpası yalnız hərbi nəticə deyil, həm də həmin ərazilərdə həyatın yenidən qurulmasını tələb edən böyük dövlətçilik layihəsidir. Cənab Prezidentin nitqində bildirildi ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb və qarşıdakı illərdə Böyük Qayıdışın daha da sürətləndirilməsi nəzərdə tutulur. Bu rəqəmlərin arxasında böyük bir dövlət layihəsi dayanır. Burada söhbət yalnız evlərin tikilməsindən getmir. Yeni yollar, məktəblər, xəstəxanalar, enerji infrastrukturu, istehsal sahələri, məşğulluq imkanları və müasir yaşayış məkanları yaradılır. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni iqtisadi və sosial coğrafiyasının mühüm hissəsinə çevrilir.

YAP-ın VIII Qurultayında səslənən nitqin əsas xətti əslində bütün bu istiqamətləri vahid məntiqdə birləşdirir: Azərbaycan əldə etdiyi siyasi və hərbi nəticələri uzunmüddətli dövlət gücünə çevirməlidir. Hərbi güc təhlükəsizliyi, təhlükəsizlik sabitliyi, sabitlik iqtisadi inkişafı, iqtisadi inkişaf investisiyanı, investisiya yeni istehsal və məşğulluğu, nəqliyyat və enerji imkanları isə Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır. Qarabağ və Şərqi Zəngəzurun bərpası bütün bu proseslərin içərisində ayrıca deyil, ümumi inkişaf strategiyasının bir hissəsi kimi görünür. Bu baxımdan VIII Qurultay yalnız siyasi təşkilatın növbəti toplantısı deyil, Azərbaycanın Zəfərdən sonrakı inkişaf gündəliyinin mühüm istiqamətlərinin bir daha ortaya qoyulduğu siyasi platforma təsiri bağışlayır. Cənab Prezident nitqinin sonunda YAP fəallarının və bütün üzvlərinin qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini bildirdi. Bu isə partiyanın qarşısında yalnız siyasi fəaliyyət deyil, dövlətin yeni mərhələdə müəyyən etdiyi məqsədlərin ictimai-siyasi dayaqlarından biri olmaq vəzifəsinin də dayandığını göstərir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Geri dön