Ana Sayfa > Manşet / Siyasət > “Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” -

“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” -


Bu gün, 16:38. Yazar: Subhan
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” -

“Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var”.

aia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır: “Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır.

Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir”.

İlham Əliyev vurğulayıb ki, ikinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır: “Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.

Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”.

aia.az
Geri dön