Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: " AQEM-in Bakı gündəliyindən etimadın yeni informasiya yoluna – media, məsuliyyət və dialoq"

Eltun Süleymanov: " AQEM-in Bakı gündəliyindən etimadın yeni informasiya yoluna – media, məsuliyyət və dialoq"


Bu gün, 13:11. Yazar: azer
Eltun Süleymanov: " AQEM-in Bakı gündəliyindən etimadın yeni  informasiya yoluna – media, məsuliyyət və dialoq"

Dünyanın siyasi xəritəsində sərhədlər olduğu kimi, informasiya məkanında da görünməyən sərhədlər var. Lakin bu sərhədlər bəzən bir xəbər başlığı, bir görüntü, bir sosial media paylaşımı və ya süni intellekt vasitəsilə hazırlanmış saxta materialla aşılır. Ona görə də müasir dünyada informasiya artıq yalnız məlumat çatdıran vasitə deyil, dövlətlər və xalqlar arasında münasibətlərə təsir göstərən mühüm qüvvədir. Belə bir şəraitdə etimadın qorunması və qurulması məsələsi medianın qarşısında yeni və daha böyük məsuliyyət qoyur.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 1-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına ünvanladığı müraciət məhz bu reallıqdan çıxış edir. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunun seçilməsi də təsadüfi deyil. Çünki qütbləşmənin dərinləşdiyi, informasiya axınının sürətləndiyi və rəqəmsal texnologiyaların insan həyatının bütün sahələrinə nüfuz etdiyi bir dövrdə etimadın taleyinə medianın təsiri əvvəlki dövrlərlə müqayisədə daha böyükdür. Cənab Prezidentin müraciətində ilk diqqət çəkən məqam AQEM-in mahiyyətinə verilən qiymətdir. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti birləşdirən bu platforma sülhə, təhlükəsizliyə, sabitliyə və dayanıqlı inkişafa xidmət edən mühüm dialoq məkanı kimi təqdim olunur. Bu yanaşma AQEM-in yalnız dövlətlərarası münasibətlər platforması olmadığını, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün siyasi, iqtisadi, ekspert, gənclər və media əlaqələrinin də inkişaf etdirildiyi geniş əməkdaşlıq mühiti olduğunu göstərir. Azərbaycanın son iki ildə AQEM-ə sədrliyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin müraciətində vurğulandığı kimi, sədrliyimiz dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və beynəlxalq münasibətlər sistemində rolunun artırılması istiqamətində ardıcıl fəaliyyət göstərilib. Bakıda yüksək səviyyəli görüşlərin, beyin mərkəzləri və ekspertlərin, biznes dairələrinin və gənclərin iştirakı ilə tədbirlərin keçirilməsi Azərbaycanın AQEM məkanında dialoqun genişlənməsinə verdiyi töhfəni nümayiş etdirir. Bununla Azərbaycan bir daha göstərir ki, çoxtərəfli əməkdaşlıq yalnız siyasi danışıqlar masası ətrafında deyil, müxtəlif peşəkar və ictimai platformalar vasitəsilə də inkişaf etdirilə bilər. Bu baxımdan AQEM çərçivəsində ilk Media Forumun məhz Bakıda keçirilməsi xüsusi məna daşıyır. Çünki media müasir beynəlxalq münasibətlər sisteminin kənarında dayanan müşahidəçi deyil. Media baş verənləri cəmiyyətə çatdırır, ictimai rəyin formalaşmasında iştirak edir, müxtəlif ölkələrin və xalqların bir-birini necə tanımasına təsir göstərir. Deməli, media həm də qarşılıqlı anlaşmanın qurulduğu mühüm platformadır. Cənab Prezident İlham Əliyevin müraciətində medianın ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi təqdim edilməsi məhz bu reallığın ifadəsidir. Bu yanaşmanın mahiyyətində çox mühüm bir fikir dayanır: informasiya etimad yarada da bilər, etimadı sarsıda da bilər. Müasir rəqəmsal mühitdə bunun nümunələri kifayət qədərdir. Bir məlumatın sürətlə yayılması onun avtomatik olaraq doğru olması demək deyil. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiya qısa müddətdə böyük auditoriyaya çata bilir. Süni intellekt texnologiyalarının inkişafı isə əvvəllər təsəvvür edilməsi çətin olan saxta görüntülərin, səslərin və materialların hazırlanmasına imkan verir. Belə şəraitdə medianın məsuliyyəti dəfələrlə artır.
Cənab Prezidentin müraciətində dezinformasiyanın geniş yayılması və süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyi xüsusi vurğulanır. Bu, əslində, müasir jurnalistikanın qarşısında duran ən mühüm çağırışlardan birinə diqqət çəkir: sürət ilə doğruluq arasında seçim yarandıqda peşəkar media üçün əsas meyar yenə də həqiqət olmalıdır. Çünki informasiya məkanında etimad bir gündə yaranmır. Etimad illərlə formalaşan peşəkarlığın, obyektivliyin, məsuliyyətin və dürüstlüyün nəticəsidir. Bir yanlış məlumat isə bəzən uzun müddət ərzində yaradılmış etimadı zədələyə bilər. Məhz buna görə cənab Prezidentin müraciətində “ortaq informasiya məsuliyyəti” ideyasının önə çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsuliyyət yalnız jurnalistin və ya media qurumunun üzərinə düşmür. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq informasiya mühitinin sağlamlaşdırılması üçün vacib şərtdir. Burada daha bir mühüm məqam var. Etibarlı informasiya yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Bu isə media savadlılığının əhəmiyyətini artırır. Oxucu, tamaşaçı və sosial media istifadəçisi də informasiya istehlakçısı olmaqla yanaşı, onun yayılmasına təsir edən tərəfə çevrilib. Buna görə informasiya ilə davranış mədəniyyəti, mənbəni yoxlamaq, saxta materialı həqiqidən ayırmaq və texnologiyanın yaratdığı imkanlardan məsuliyyətlə istifadə etmək artıq yalnız media peşəkarlarının deyil, bütövlükdə cəmiyyətin məsələsidir. AQEM Media Forumunun Bakıda keçirilməsi məhz bu baxımdan yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Forum müxtəlif ölkələrin media nümayəndələrini bir araya gətirməklə yanaşı, informasiya sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə etmək üçün imkan yaradır. Birgə layihələr, təcrübə mübadiləsi, çevik və dürüst kommunikasiya mexanizmləri qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə bilər. Azərbaycanın bu təşəbbüsün müəllifi kimi çıxış etməsi isə ölkənin AQEM sədrliyi dövründə irəli sürdüyü əməkdaşlıq gündəliyinin məntiqi davamıdır. Cənab Prezident İlham Əliyevin müraciətinin mahiyyətində də məhz belə bir fəlsəfə dayanır: qütbləşən dünyada qarşıdurma dilinin deyil, dialoq və etimad dilinin gücləndirilməsi. Bu baxımdan media həmin prosesin mühüm iştirakçısıdır. Jurnalistikanın missiyası yalnız hadisəni çatdırmaqdan ibarət deyil. Müasir dövrdə media həm də cəmiyyətlərin bir-birini daha düzgün anlamasına, stereotiplərin aradan qaldırılmasına, faktla dezinformasiyanın fərqləndirilməsinə və dialoq üçün informasiya körpülərinin yaradılmasına xidmət edə bilər. Cənab Prezidentin müraciətində ifadə olunan yanaşma həm də medianın gələcəyi ilə bağlı mühüm mesaj verir: texnologiya nə qədər sürətlə dəyişsə də, jurnalistikanın əsas dayaqları dəyişməməlidir. Həqiqət, peşəkarlıq, məsuliyyət və etibarlılıq informasiya əsrində də jurnalistikanın əsas meyarları olaraq qalmalıdır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön