Ana Sayfa > Özəl / Siyasət / Karusel / Yazar5 > Paşinyanın “real Ermənistanı”: Tarixdən nəyi silmək istəyirlər?

Paşinyanın “real Ermənistanı”: Tarixdən nəyi silmək istəyirlər?


Bu gün, 09:57. Yazar: Semsi
Paşinyanın “real Ermənistanı”: Tarixdən nəyi silmək istəyirlər?

Nikol Paşinyanın “real Ermənistan” ideyası əslində Ermənistanın keçmişi ilə bağlı ən ağır sualı ortaya qoyur: illərlə cəmiyyətə “tarixi torpaqlar”, “itirilmiş ərazilər” və “Artsax” üzərindən milli ideologiya aşılayan bir dövlət indi həmin yaddaşın özünü niyə təhlükə kimi görür? Daha açıq desək, söhbət təkcə Paşinyanın nəyi xatırlamağa icazə verib-verməməsindən getmir. Söhbət Ermənistanın onilliklər boyu formalaşdırdığı ideologiyanın nəticələrindən necə qaçmağa çalışmasından gedir.
“Aravot”da dərc olunan yazıda müəllif Paşinyanın bu yanaşmasını sərt şəkildə tənqid edir. Müəllifin diqqət çəkdiyi əsas məsələ Paşinyanın Ermənistan məktəblərində “real Ermənistan” ideologiyasına zidd fikirlərin səsləndirilməməsi barədə mövqeyidir. Bu isə artıq sadəcə siyasi ritorika deyil. Söhbət gələcək nəsillərin hansı tarixi öyrənəcəyindən, hansı yaddaşı daşıyacağından və hansı sualları verməsinin arzuolunan hesab ediləcəyindən gedir.
Müəllif yazır ki, Paşinyanın “real Ermənistan” anlayışı ilə nələri nəzərdə tutduğu müəyyən qədər aydın olsa da, məsələ onun Vanı, Muşu və Artsaxı xatırlamağa münasibətində daha açıq görünür. Yəni Ermənistanın keçmişi ilə bağlı müəyyən təsəvvürlər yeni siyasi xətt üçün artıq arzuolunmaz hesab olunur.
Burada çox mühüm bir ziddiyyət yaranır.
Ermənistan siyasi elitası uzun illər cəmiyyətə “tarixi ərazilər”, “itirilmiş torpaqlar” və “tarixi Ermənistan” ideyaları üzərindən milli kimlik təqdim edib. Bu ideologiya sadəcə kitab səhifələrində qalmayıb. O, siyasi iddialara, münaqişəyə və nəticədə Azərbaycan ərazilərinin işğalına qədər gedib çıxıb.
İndi isə həmin ideoloji xəttin yaratdığı nəticələr ağırlaşdıqca, siyasi hakimiyyət başqa istiqamətə dönmək istəyir. Sanki problem tarixi ideologiyanın özündə deyil, insanların onu xatırlamasındadır.
Əgər belədirsə, ortaya çox sadə sual çıxır: Bəs bu yaddaşı kim formalaşdırmışdı?
Məsələ yalnız Vanı və Muşu xatırlayıb-xatırlamamaqdan ibarət deyil. Məsələ tarixi yaddaşın siyasi məqsədlərlə necə istifadə edilməsidir. Əgər bir nəsilə illərlə müəyyən ərazilərin “itirilmiş torpaqlar” olduğu, müəyyən ərazilərin “qədim Ermənistan”a aid olduğu və həmin torpaqların geri qaytarılmasının milli məqsəd olduğu öyrədilirsə, bunun siyasi nəticələrinin olmayacağını düşünmək mümkün deyil.
Üstəlik, bu ideologiyanın nəticəsi yalnız erməni cəmiyyətinin özündə yaşanmayıb.
Azərbaycan torpaqlarının işğalı nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından qovulub. Şəhərlər və kəndlər dağıdılıb, yaşayış məntəqələri xarabalığa çevrilib, evlər talan edilib, meşələr məhv olunub, məscidlər və qəbiristanlıqlar dağıntıya məruz qalıb. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və digər ərazilərin taleyi bu tarixdən ayrıla bilməz.
Ona görə Ermənistanın “tarixi yaddaş” haqqında bugünkü müzakirəsi yalnız ermənilərin nəyi xatırlayıb-xatırlamaması məsələsi deyil. Burada Azərbaycan xalqının yaddaşı da var. Bir tərəfin tarixi ağrısını qorumaq, digər tərəfin yaşadığı faciəni isə görməmək obyektiv tarix deyil.
Bu baxımdan Paşinyanın “real Ermənistan” konsepsiyası müəyyən mənada əvvəlki siyasi ideologiyanın nəticələrinə verilən cavab kimi görünə bilər. Lakin burada məsuliyyət məsələsi ortaya çıxır. Əgər əvvəlki ideologiya yanlış istiqamətə aparıbsa, Ermənistan cəmiyyətinə bunun hansı nəticələrə gətirib çıxardığı da açıq şəkildə izah edilməlidir.
Sadəcə “artıq Vanı və Muşu xatırlamayın” deməklə tarix dəyişmir.
Əgər Ermənistan həqiqətən yeni siyasi düşüncə yaratmaq istəyirsə, keçmişi inzibati və siyasi üsullarla susdurmaq yox, keçmişlə açıq şəkildə üzləşmək lazımdır. Cəmiyyətə yalnız özünün çəkdiyi ağrıları deyil, başqalarına yaşatdığı ağrıları da anlatmaq lazımdır.
Bu məqam əvvəlki “Aravot” yazısında qaldırılan məsələ ilə də birbaşa əlaqəlidir. Birinci yazıda Ermənistan cəmiyyətinin son 35 ildə sosial və siyasi baxımdan necə formalaşdırıldığı, dövlət siyasətinin hansı problemləri yaratdığı müzakirə olunurdu. İkinci yazıda isə həmin cəmiyyətin hansı tarix və ideologiya ilə böyüdüldüyü məsələsi ortaya çıxır.
Əslində bunlar bir-birindən ayrı deyil.
Bir cəmiyyətə illərlə müəyyən tarixi təsəvvürlər aşılanırsa, həmin təsəvvürlər onun siyasi davranışına da təsir edir. Sonra siyasi hakimiyyət dəyişərək “keçmişdə sizə deyilənlərin bir hissəsi artıq təhlükəlidir” deyirsə, cəmiyyətin qarşısında çox ciddi sual yaranır: Bəs bu fikirləri bizə kim öyrətdi və onların nəticəsinə görə kim məsuliyyət daşıyır?
Bu sualın cavabı yalnız Paşinyanın hakimiyyətindən əvvəlki siyasi qüvvələrdə axtarılmamalıdır. Çünki Ermənistanın müxtəlif dövrlərdə formalaşdırdığı milli ideologiyanın məsuliyyəti daha genişdir.
Burada Azərbaycan baxımından daha mühüm məsələ də var. Ermənistan cəmiyyəti Vanı və Muşu xatırlayıb-xatırlamamaq barədə mübahisə edə bilər. Amma Azərbaycan üçün Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Kəlbəcərin, Laçının və digər şəhər və kəndlərin tarixi yaddaşı mübahisə mövzusu deyil. Bu torpaqlarda Azərbaycan xalqının yaşadığı, qurduğu və yaratdığı həyatın izlərini heç bir siyasi konsepsiya tarixdən silə bilməz.
Ona görə Ermənistanın “real Ermənistan” axtarışının qarşısında çox sadə bir reallıq dayanır: tarixi dəyişmək mümkün deyil.
Əgər Ermənistan yeni nəsilə başqa bir gələcək qurmaq istəyirsə, bunun yolu Vanı, Muşu və Qarabağı xatırlamağı məhdudlaşdırmaqdan keçmir. Bunun yolu tarixin bütün tərəfləri ilə üzləşməkdən keçir.
Çünki sağlam gələcək seçilmiş yaddaş üzərində qurulmur.
Paşinyanın “real Ermənistan”ı nə qədər yeni səslənsə də, qarşısında köhnə bir problem dayanır: keçmişi necə izah etməli? Əgər cavab “bunu xatırlamayın, bunu düşünməyin” olacaqsa, deməli, söhbət tarixi aşmaqdan yox, sadəcə tarixin başqa cür idarə olunmasından gedir.
Əsl dəyişiklik isə o zaman başlayar ki, Ermənistan cəmiyyəti öz tarixində yalnız nəyi itirdiyini deyil, nəyi etdiyini də soruşsun.




Şəmsi Qoca
Geri dön