Ana Sayfa > Manşet / Siyasət / Media / Yazar3 > Azər Məmmədov: “Azərbaycanda dövlət media siyasətinin mühüm istiqamətlərindən biri milli jurnalistikanın müasir çağırışlara uyğun inkişaf etdirilməsidir”
Azər Məmmədov: “Azərbaycanda dövlət media siyasətinin mühüm istiqamətlərindən biri milli jurnalistikanın müasir çağırışlara uyğun inkişaf etdirilməsidir”Bu gün, 10:00. Yazar: azer |
![]() Oktyabrın 1-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib. Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb. Forumun gedişində aparılan müzakirələr, eləcə də Azərbaycan mediasının inkişaf perspektivləri barədə “aia.az” saytının təsisçisi və baş redaktoru Azər Məmmədov mətbuata açıqlama verib. İlk növbədə Azər Məmmədov müasir cəmiyyətlərdə medianın getdikcə daha çox sahibləndiyi yeni funksional imkanlardan bəhs edib: “Bu gün informasiya məkanında baş verən sürətli dəyişikliklər medianın cəmiyyətdəki rolunu əhəmiyyətli dərəcədə genişləndirib. Əvvəllər əsasən xəbər çatdırmaq funksiyası ilə xarakterizə olunan media bu gün ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın mühüm vasitələrindən birinə çevrilib. Məhz belə bir şəraitdə Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu xüsusi əhəmiyyət daşıyır. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunun seçilməsi isə müasir informasiya mühitinin imkanlarını və medianın artan məsuliyyətini bir arada nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymət bu istiqamətdə görülən işlərin məntiqi nəticələrini nümayiş etdirir. Azərbaycan sədrliyi dövründə AQEM-in yalnız mövcud əməkdaşlıq mexanizmlərinin qorunması ilə kifayətlənməyib, təşkilatın institusional imkanlarının gücləndirilməsinə, praktiki birgə fəaliyyətin genişləndirilməsinə və beynəlxalq münasibətlər sistemində rolunun artırılmasına diqqət yetirib. Bu yanaşma Azərbaycanın çoxtərəfli diplomatiyada tutduğu fəal mövqenin daha bir ifadəsidir.” Bu istiqamətdə fikirlərini davam etdirən media təmsilçisi AQEM-in müxtəlif ölkələr arasında dialoqun qurulmasına və möhkəmlənməsinə xidmət edən qurum kimi əhəmiyyətini xüsusi qeyd edib: “Təşkilatın miqyasına nəzər saldıqda bu fəaliyyətin əhəmiyyəti daha aydın görünür. Asiya qitəsinin 90 faizini əhatə edən və 28 dövləti birləşdirən belə bir platforma müxtəlif siyasi, iqtisadi və sosial xüsusiyyətlərə malik ölkələrin dialoq imkanlarını genişləndirir. Azərbaycanın sədrliyi də məhz bu müxtəlifliyi əməkdaşlıq üçün üstünlüyə çevirmək xətti ilə yadda qalıb. Bakıda yüksək səviyyəli görüşlərin, ekspert və beyin mərkəzləri toplantılarının, biznes dairələri və gənclərlə bağlı tədbirlərin keçirilməsi AQEM daxilində təmasların intensivləşməsinə xidmət edib. Beləliklə, Azərbaycan öz sədrliyi ilə təşkilatın fəaliyyətinin yalnız siyasi dialoq müstəvisində deyil, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən geniş əməkdaşlıq formatında inkişafına şərait yaradıb. Bu baxımdan ilk AQEM Media Forumunun məhz Bakıda təşkil olunması da təsadüfi deyil. Forumun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi Azərbaycanın sədrliyi dövründə informasiya və kommunikasiya sahəsinə verilən önəmin göstəricisidir. Daha mühüm məqam isə medianın təşkilatın gündəliyində ayrıca əməkdaşlıq istiqaməti kimi önə çıxarılmasıdır. Bu, müasir beynəlxalq münasibətlərdə informasiya amilinin getdikcə artan çəkisini nəzərə alan uzaqgörən yanaşmadır. Çünki etimad yalnız diplomatik görüşlər və siyasi sənədlərlə formalaşmır. Ölkələr haqqında təsəvvürlərin yaranmasında, cəmiyyətlərin bir-birini tanımasında, müxtəlif mövqelərin anlaşılmasında informasiya mühüm rol oynayır. Media bu prosesin ən təsirli vasitələrindən biridir. Peşəkar jurnalistikanın imkanlarından düzgün istifadə edildikdə informasiya qarşıdurma yaradan deyil, dialoqa şərait yaradan amilə çevrilə bilər. Bakı Forumunun əsas ideyası da məhz bu imkanların daha geniş müstəvidə müzakirəsinə xidmət edir.” Daha sonra Azər Məmmədov Azərbaycanın media sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsindən bəhs edərək bunları deyib: “Prezident İlham Əliyevin müraciətində medianın ictimai diplomatiyanın və regional əməkdaşlığın mühüm aləti kimi xarakterizə edilməsi Azərbaycanın bu sahəyə münasibətinin konseptual istiqamətini göstərir. AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsi, üzv dövlətlərin media qurumları arasında ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsi qarşıya qoyulan mühüm vəzifələr sırasındadır. Son illərdə müxtəlif ölkələrin media nümayəndələrinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakı da bu siyasətin praktiki nəticələrindən biridir. Əslində, Azərbaycanın media sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi AQEM platforması ilə məhdudlaşmır. Bakı son illərdə qlobal və regional əhəmiyyətli media tədbirlərinin keçirildiyi mühüm məkanlardan birinə çevrilib. Müxtəlif ölkələrdən jurnalistlərin Azərbaycana səfərləri, yerli media qurumları ilə təmasları, beynəlxalq forumlarda fikir və təcrübə mübadiləsinin aparılması ölkənin informasiya imkanlarının genişlənməsinə şərait yaradır. Bu proses həm Azərbaycanın dünya informasiya məkanında daha fəal iştirakını, həm də milli medianın beynəlxalq təcrübədən bəhrələnməsi üçün yeni imkanların yaranmasını təmin edir.” Açıqlamasının sonunda baş redaktor Azərbaycanda dövlətin media sahəsinə diqqəti və bu qayğının əməli nəticələri barədə fikirlərini paylaşıb: “Bu gün Azərbaycanda dövlət media siyasətinin mühüm istiqamətlərindən biri milli jurnalistikanın müasir çağırışlara uyğun inkişaf etdirilməsidir. Dövlət tərəfindən həyata keçirilən institusional tədbirlər, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalistlərin peşə hazırlığının və informasiya imkanlarının genişləndirilməsi bu sahənin yenilənməsinə xidmət edir. Media sahəsində aparılan islahatlar nəticəsində daha çevik, texnoloji imkanları geniş və yeni informasiya mühitinin tələblərinə uyğun fəaliyyət göstərə bilən media sisteminin formalaşdırılması üçün zəmin yaradılıb. Bu istiqamətdə yeni texnologiyaların tətbiqi xüsusilə böyük əhəmiyyət daşıyır. Rəqəmsallaşma xəbər istehsalı və yayımının imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan mediasının da bu prosesdən kənarda qalmaması, rəqəmsal platformalardan daha geniş istifadə etməsi, müasir jurnalistika standartlarına uyğun yeni məzmun formalarının yaradılması qarşıdakı dövr üçün mühüm perspektivlər açır. Süni intellektin media proseslərinə daxil olması isə həm yeni imkanlar, həm də peşəkar məsuliyyət tələb edən yeni mərhələ yaradır. Prezidentin müraciətində dezinformasiya və süni intellektdən sui-istifadə yolu ilə saxta materialların hazırlanması məsələsinə diqqət yetirilməsi də bu baxımdan aktualdır. İnformasiya texnologiyalarının inkişafı medianın təsir gücünü artırdığı kimi, etibarlı informasiya ilə saxta məlumatın fərqləndirilməsini də daha vacib edir. Buna görə gələcəyin mediası yalnız sürətli xəbər yayan deyil, informasiyanın doğruluğunu yoxlayan, mənbələrə məsuliyyətlə yanaşan və cəmiyyətin informasiya təhlükəsizliyinə töhfə verən media olmalıdır. Azərbaycan mediasının inkişaf perspektivləri də məhz bu çağırışlarla bağlıdır. Peşəkarlığın yüksəldilməsi, jurnalistlərin yeni texnologiyalara uyğun bacarıqlarının artırılması, media savadlılığının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal platformalarda keyfiyyətli məzmunun artırılması milli medianın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirə bilər. Dövlətin bu sahəyə göstərdiyi diqqət isə həmin proseslərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi üçün mühüm zəmin yaradır” – deyə, Azər Məmmədov fikirlərini tamamlayıb. Geri dön |