Ana Sayfa > Dünya > Nikol Paşinyan çətin vəziyyətdədir - sensasion açıqlamalar

Nikol Paşinyan çətin vəziyyətdədir - sensasion açıqlamalar


Dünən, 23:46. Yazar: vasif
Nikol Paşinyan çətin vəziyyətdədir - sensasion açıqlamalar


Rusiya Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom” və Ermənistan ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə edib. Musavat.com xatırladır ki, Rusiya prezidenti ilə “Rosatom” rəhbərliyi arasındakı Ermənistanla bağlı müzakirələrdən sonra İrəvan səfəri təsadüfi deyil. Bildirilir ki, bu məsələ Ermənistanın baş naziri Nikol Paşinyanla “Rosatom”un baş direktoru Aleksey Lixaçov arasında İrəvanda keçirilən görüşdə ətraflı müzakirə edilib. Lixaçov danışıqlar zamanı Ermənistanın baş nazirinə Ermənistan atom elektrik stansiyasının istismar müddətinin 2036-cı ilədək uzadılması ilə bağlı işlərin birinci mərhələsinin başa çatması barədə məlumat verib.

Rusiyanın Ermənistanda böyük gücə malik atom elektrik stansiyasının tikintisi ilə bağlı təklifi mövcud makroregional reallıqlara tamamilə uyğundur. Bu barədə siyasi elmlər doktoru, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan “Sputnik Ermənistan”a müsahibəsində “Rosatom” rəhbərinin açıqlamalarını şərh edərkən bildirib.

Məlum olduğu kimi, “Rosatom”un rəhbəri Aleksey Lixaçov sentyabrın 29-da İrəvanda jurnalistlərlə söhbətində Ermənistan hökumətinə 1 QVt gücündə yeni atom enerji blokunun tikintisini təklif etdiyini bildirib.

“Ermənistanın ətrafında atom energetikası kompleksi dinamik şəkildə inkişaf edir. Hazırda Azərbaycan öz ərazisində ilk nüvə enerji blokunun tikintisi ilə bağlı müəyyən tədqiqat işlərinə başlayıb və bu istiqamətdə “Rosatom”la müzakirələr aparılır. İran da bu istiqaməti fəal şəkildə inkişaf etdirir. Türkiyə isə, yəqin ki, Avropanın ən böyük atom energetikası kompleksini tikir. Yaxın Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada və digər yerlərdə də bu gün analoji proseslər gedir. Ermənistan da təbii olaraq dünyada “atom intibahı” kimi qiymətləndirilən prosesdən kənarda qalmamalıdır”, – deyə Davtyan bildirib.
Ekspertin fikrincə, bundan əlavə, atom energetikasının inkişafı “yaşıl” enerjiyə keçid vəzifələrinə də uyğundur.

Davtyanın qiymətləndirməsinə görə, güclü AES-in mövcudluğunun digər mühüm məqsədi regional nəqliyyat əlaqələrinin, logistika kommunikasiyalarının bərpası proqramları və Ermənistanın formalaşmaqda olan xarici bazarlarda əlverişli mövqeləndirilməsidir.

“Hazırda “Şimal–Cənub” elektrik enerjisi dəhlizi həyata keçirilir. Tehranın açıqlamalarına əsasən, İran tərəfdən bu işlər artıq başa çatmaq üzrədir. Həmçinin Ermənistan-Gürcüstan infrastrukturunun tikintisi ilə bağlı tenderlər keçirilib. Deməli, Ermənistan bu infrastruktur arxitekturasına inteqrasiya olunaraq xarici bazarlarda elektrik enerjisi idxalçısı kimi deyil, təchizatçısı kimi çıxış etmək üçün böyük güclərə malik olmalıdır”, – deyə həmsöhbətimiz qeyd edib.

Həmsöhbətimizin müşahidələrinə görə, Ermənistanın təkcə Cənubi Qafqazda deyil, daha geniş mənada regionda elektrik enerjisi ixracatçısına çevrilmək potensialı var.

“İranın şimal əyalətlərində, xüsusilə qış aylarında kifayət qədər ciddi elektrik enerjisi çatışmazlığı müşahidə olunur. Bu, Ermənistan üçün kifayət qədər böyük bazardır. Gürcüstanda bu gün rəsmi şəkildə bildirilir ki, 2035-ci ilə qədər tələbat 25–26 milyard kVt/saat təşkil edəcək, halbuki ölkə hazırda ən yaxşı halda 14–15 milyard kVt/saat elektrik enerjisi istehsal edir. Yəni Gürcüstanda da idxal hesabına qarşılanacaq defisit proqnozlaşdırılır. Böyük gücə malik AES tikə biləcək və regionda nüvə energetikası üzrə səriştələrə malik yeganə ölkə olan Ermənistan üçün kifayət qədər böyük geoiqtisadi imkanlar açılır”, – deyə mütəxəssis bildirib.

Həmsöhbətimizin fikrincə, Rusiyanın da təklif etdiyi 1 QVt gücündə enerji blokunun tikintisinə ehtiyac Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri ilə də əsaslandırılır.

Onun sözlərinə görə, yaxın gələcəkdə süni intellekt infrastrukturlarının inkişafı ilə əlaqədar Ermənistanda elektrik enerjisinə tələbat əhəmiyyətli dərəcədə artacaq.

Mümkün defisitin ağrısız şəkildə aradan qaldırılması, enerji təhlükəsizliyi risklərinin qarşısının alınması və inkişaf edən rəqəmsal iqtisadiyyatın təmin edilməsi üçün Davtyanın qənaətinə görə, ən yaxşı variant Rusiya tərəfinin təklif etdiyi böyük gücə malik AES-dir.

Ekspertin sözlərinə görə, son vaxtlar Ermənistan hakimiyyətinin çox danışdığı, hətta mümkün investorlar barədə açıqlamalar verdiyi modul reaktorlar dünyada daha çox əsasən ehtiyat təyinatlı generasiya obyektləri və ya ucqar, əlçatmaz ərazilərə və yaşayış məntəqələrinə elektrik enerjisinin çatdırılması variantı kimi nəzərdən keçirilir. Lakin Ermənistanda belə bir problem yoxdur və buna görə də modul stansiyaya ehtiyac da yoxdur.

“Böyük gücə malik AES-ə sahib olmaqla Ermənistan enerji müstəqilliyi əldə edəcək. Bu, publisistik termin olsa da, atom reaktorlarının gücünü bərpa olunan enerji, xüsusilə də bu gün respublikada gücü 1200 MVt-dan çox olan günəş enerjisi ilə birləşdirməklə ölkə tam özünütəmin edən elektrik enerjisi sistemi əldə edə bilər”, – deyə ekspert qeyd edib.

Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan dövlət korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçovla görüşündə bildirib ki, hökumət yeni atom enerji blokunun tikintisi ilə bağlı beynəlxalq tərəfdaşlardan gələn təklifləri müzakirə etməyə davam edir. O, həmçinin qeyd edib ki, yekun qərar qiymət, keyfiyyət, təhlükəsizlik, müddətlər və zəmanətlər nəzərə alınmaqla yalnız iqtisadi xarakter daşıyacaq.

Baş nazirin açıqlamasını şərh edən Vahe Davtyan bildirir ki, əgər məsələ yalnız iqtisadi müstəvidə həll olunacaqsa, qərarın açıq şəkildə “Rosatom”un təklifinin xeyrinə olması lazımdır.

“Lakin bu gün vaxtaşırı belə bir modeldən danışılır ki, daxili generasiya güclərinin artırılması, yeni generasiya stansiyalarının tikintisi, o cümlədən Azərbaycandan elektrik enerjisi idxalı hesabına kompensasiya edilə bilər. Biz bunu enerji təhlükəsizliyi üçün risk kimi qiymətləndirə bilərik”, – deyə ekspert yekunlaşdırıb.

Bununla yanaşı, o, Ermənistan hakimiyyətinin bu məsələdə siyasi iradə nümayiş etdirərək “Rosatom”un təklifini qəbul edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl kiçik modul reaktorun tikintisi ilə bağlı beş potensial tərəfdaşla – Rusiya, ABŞ, Çin, Cənubi Koreya və Fransa ilə danışıqlar aparıldığını bildirmişdi. Fevral ayında isə İrəvanda ABŞ vitse-prezidenti Ceyms Devid Venslə Ermənistan və ABŞ hökumətləri arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatdırılması barədə birgə bəyanat imzalanıb.

Bundan sonra Paşinyan Ermənistanın yeni AES-in tikintisi üçün ən sərfəli təklifi axtardığını bildirib. Eyni zamanda, ABŞ vitse-prezidenti fevral ayında İrəvana səfəri zamanı ABŞ tərəfinin Ermənistana 5 milyard dollar dəyərində avadanlıq tədarük edəcəyini, daha 4 milyard dollar məbləğində isə Ermənistan tərəfinin yanacaq alacağını və kiçik modul reaktorların xidmət haqqını uzunmüddətli perspektivdə ödəyəcəyini bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı qərarın geosiyasi deyil, ən yaxşı qiymət-keyfiyyət nisbətinə əsasən veriləcəyini bildirib.

“İşçi xarakterli müəyyən razılaşmalar da əldə etdik. Xüsusilə Ermənistan-Rusiya münasibətləri anlayışının inventarlaşdırılması ideyası yarandı ki, bunun praktikada nə demək olduğunu anlayaq. Yəni bu başlıq altında hansı istiqamətlərin olduğu, hansı məsələlərdə eyni mövqeyə malik olduğumuz, hansı məsələlərdə fərqli mövqelərimizin olduğu aydınlaşdırılmalıdır”, - deyə Paşinyan bildirib.

Ermənistanın atom elektrik stansiyası məsələsinə toxunan Paşinyan sentyabr ayında “Rosatom”un rəhbəri Aleksey Lixaçovu gözlədiklərini deyib. Onun sözlərinə görə, Lixaçov Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı təkliflərini təqdim etməlidir. “Mən əvvəllər də demişəm ki, bu məsələ bizim üçün geosiyasi seçim deyil. Bizə ən yaxşı qiymət-keyfiyyət nisbəti lazımdır. Kim bizə ən yaxşı təklifi versə, biz həmin təklifin ardınca gedəcəyik”, - deyə Paşinyan qeyd edib.

O, Putinlə müxtəlif sahələrə aid məsələləri, o cümlədən dəmir yolu ilə bağlı problemi də müzakirə etdiklərini bildirib. Paşinyanın sözlərinə görə, mövcud vəziyyətin uzun müddət davam edə bilməyəcəyi və problemin həlli yollarına keçilməli olduğu barədə qarşılıqlı anlayış formalaşıb.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib kj, Ermənistan hökuməti yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı ABŞ, Fransa və Cənubi Koreyadan da təkliflər alıb: “Baş nazir Nikol Paşinyan çətin seçim qarşısındadır. O, Rusiya və ABŞ-ın təklifi arasında seçim etməlidir. ABŞ Ermənistanda modul tipli atom elektrik stansiyaları tikməyi planlaşdırır. ABŞ vitse-prezidenti Cey Di Vensin fevral ayında Ermənistana səfəri zamanı bununla bağlı sənədlər imzalanıb. Bu səfərdən bir neçə ay sonra ABŞ-nin müvafiq şirkətinin nümayəndələri Ermənistana səfər edərək modul tipli atom elektrik stansiyalarının tikintisini detallı müzakirə ediblər. ABŞ-nin Ermənistandakı səfirliyi layihənin reallaşması məqsədilə erməni rəsmilərlə daima təmasdadırlar”.

E.Şahinoğlu xatırlatdı ki, Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının istismar müddəti başa çatıb. Buna görə də, Ermənistan hökuməti yeni atom elektrik qərarı stansiyasının tikintisi ilə bağlı qərarı ləngitməməlidir: “Errmənistan hökuməti modul tipli atom elektrik stansiyaların tikintisinə üstünlük verərsə, “Rosatom” şirkətinin təklifini qəbul etməyəcək. Bu halda Rusiya-Ermənistan münasibətlərində əlavə gərginlik yaranacaq. Ancaq Ermənistan hökuməti “Rosatom” şirkətinin təklifini qəbul etsə, bu dəfə ABŞ-nin modul tipli atom elektrik stansiyalarının tikintisinə ehtiyac duymayacaq. Bu halda da ABŞ ilə münasibətlərdə gərginlik yaşayacaq. Nikol Paşinyan çətin vəziyyətdədir. Təsadüfi deyil ki, baş nazir “Rosatom”un rəhbəri ilə görüşdən sonra Təhlükəsizlik Şurasını toplayıb. Görünür, Paşinyan təkbaşına qərar vermək istəmir, Təhlükəsizlik Şurasının üzvlərini rəyini də öyrənmək istəyir”.

Rusiyadan Azərbaycanla bağlı da bənzər iddiaların səslənməsinə gəldikdə, ekspert vurğulayıb ki, Azərbaycan yaşıl enerjiyə üstünlük verir: “Azərbaycan ərazisində külək və günəş enerjisi ilə bağlı böyük layihələr həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzurda tikilən su elektrik stansiyalanın sayı artılb. Buna baxmayaraq, Azərbaycan da nüvə enerjisinin inkişafıyla bağlı layihələrə maraq göstərir. Bu, təbiidir. Birincisi, iqtisadiyyatın inkişafı enerji mənbələrinin inkişafı ilə əlaqəlidir. İkincisi, Azərbaycan nüvə enerjisi vasitəsilə Avropa ilə enerji dəhlizi bağlantısını gücləndirə bilər ki, bu ölkəmizin gəlirlərini artıracaq”.
Geri dön