Ana Sayfa > Özəl > Dubay–Təl-Əviv reysində faciə son anda önləndi: Hadisə kamikadzeləri yenidən gündəmə gətirdi

Dubay–Təl-Əviv reysində faciə son anda önləndi: Hadisə kamikadzeləri yenidən gündəmə gətirdi


Bu gün, 21:16. Yazar: vasif
Dubay–Təl-Əviv reysində faciə son anda önləndi: Hadisə kamikadzeləri yenidən gündəmə gətirdi



Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsində baş verən təhlükəli insident aviasiya tarixində təyyarələrin silah kimi istifadə edildiyi hadisələri yenidən gündəmə gətirib. İlkin məlumatlara görə, ikinci pilot kapitana hücum edib və təyyarəni qəzaya uğratmağa cəhd göstərib. Ekipaj və sərnişinlərin müdaxiləsi nəticəsində vəziyyət nəzarətə götürülüb və təyyarə Səudiyyə Ərəbistanında təhlükəsiz eniş edib.

Təyyarədən məqsədli hücum vasitəsi kimi istifadənin ən məşhur tarixi nümunələrindən biri İkinci Dünya müharibəsinin son mərhələsində Yaponiya tərəfindən tətbiq edilən kamikadze taktikasdır. Yapon pilotlar partlayıcı yüklü təyyarələrlə əsasən ABŞ hərbi gəmilərinə çırpılaraq hücum həyata keçirirdilər. Yaponiya qüvvələri intiharçı qayıq və idarə olunan torpedalardan da istifadə etmişdi.

“Kamikadze” ifadəsi yapon dilində “ilahi külək” mənasını verir. Termin XIII əsrdə Yaponiyaya yürüş edən monqol donanmalarına ağır zərbə vuran tayfunlarla əlaqələndirilir. Əsrlər sonra bu ifadə Yaponiyanın müharibənin son mərhələsində həyata keçirdiyi intihar hücumlarının adı kimi tarixə düşdü.

Mülki sərnişin təyyarələrinin terror hücumunda silah kimi istifadəsinin ən ağır nümunəsi isə 11 sentyabr 2001-ci ildə ABŞ-də yaşandı. “Əl-Qaidə” terrorçuları dörd sərnişin təyyarəsini qaçırdı; onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, digəri Pentaqona çırpıldı. Dördüncü təyyarə – “United 93” isə sərnişinlərin təyyarəni geri almaq üçün müqavimət göstərməsindən sonra Pensilvaniyada qəzaya uğradı.

Dubay–Təl-Əviv reysindəki son hadisənin də terror məqsədi daşıyıb-daşımadığı araşdırılır. İsrail rəsmiləri baş verənləri mümkün terror hücumu kimi qiymətləndirsələr də, şübhəli ikinci pilotun motivi və hər hansı təşkilatla əlaqəsinin olub-olmadığı barədə yekun nəticə açıqlanmayıb.

Hadisə bir daha göstərir ki, mülki aviasiyada təhlükə yalnız kənardan təyyarəyə daxil olmağa çalışan şəxslərlə məhdudlaşmır. Ekipaj üzvlərinin təhlükəsizlik yoxlamaları, kokpitə giriş qaydaları və fövqəladə vəziyyətlərə hazırlıq da yüzlərlə insanın həyatının qorunmasında həlledici rol oynaya bilər.
Geri dön