Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Cəbrayılda rayonun inkişafı uzunmüddətli strateji plan əsasında həyata keçirilir”

Novruzəli Aslanov: “Cəbrayılda rayonun inkişafı uzunmüddətli strateji plan əsasında həyata keçirilir”


Bu gün, 12:12. Yazar: azer
Novruzəli Aslanov: “Cəbrayılda rayonun inkişafı uzunmüddətli strateji plan əsasında həyata keçirilir”

“Cəbrayıl üçün 4 oktyabr tarixi bu şəhərin düşməndən azad olunmasının ildönümü olmaqla yanaşı, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yeni inkişaf modelinin başlanğıc nöqtələrindən biridir. Vaxtilə xarabalığa çevrilmiş Cəbrayıl bu gün müasir şəhərsalma, iqtisadi fəallıq və Böyük Qayıdış prosesinin mühüm ünvanlarından biri kimi yenidən formalaşır. Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal rayona ağır sosial, iqtisadi və mədəni zərbə vurdu. On minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni irs nümunələri məhv edildi. Xudafərin körpüləri, qədim türbələr, məscid kompleksləri, arxeoloji abidələr və digər mədəni sərvətlər vandalizmə məruz qaldı. Lakin 27 illik işğal Cəbrayılın Azərbaycan üçün əhəmiyyətini nə unutdura, nə də bu torpaqlara qayıdış iradəsini zəiflədə bildi. 2020-ci ilin Vətən müharibəsi Cəbrayılın taleyində həlledici dönüş yaratdı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində rayonun yaşayış məntəqələri mərhələli şəkildə azad edildi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması isə bu tarixi mübarizənin ən mühüm nəticələrindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər Cəbrayılı işğalın ağır nəticələrindən xilas etməklə yanaşı, onun gələcək inkişafı üçün tamamilə yeni imkanlar yaratdı.”

Bunları 4 oktyabr – Cəbrayıl şəhəri günü ilə bağlı aia.az-a açıqlama verən Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Azadlıqdan sonra qarşıda duran əsas vəzifənin dağıdılmış ərazilərdə həyatın yenidən qurulması olduğunu vurğulayan millət vəkili bildirib ki, Azərbaycan dövləti bu prosesə sistemli yanaşaraq Cəbrayılın bərpasını yalnız keçmiş infrastrukturun yenidən yaradılması kimi deyil, müasir standartlara uyğun yeni yaşayış məkanının qurulması kimi müəyyənləşdirdi: “Bu baxımdan “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək simasını müəyyən edən mühüm sənəddir. Baş plana uyğun olaraq Cəbrayıl şəhərində müasir yaşayış məhəllələrinin, sosial və ictimai infrastrukturun yaradılması, şəhər ərazisindən səmərəli istifadə edilməsi nəzərdə tutulur. Gələcəkdə şəhərdə 15 min sakinin yaşaması proqnozlaşdırılır. Burada çoxmənzilli binalarla yanaşı, fərdi yaşayış evlərinin də inşa olunması planlaşdırılır. Bu yanaşma Cəbrayılın həm şəhər mühitini, həm də insanların rahat və təhlükəsiz həyat tərzini nəzərə alan inkişaf modelinin seçildiyini göstərir. Yeni Cəbrayılın quruculuq salnaməsində Böyük Qayıdış xüsusi yer tutur. 2024-cü il sentyabrın 26-da ilk köç karvanının Cəbrayıl şəhərinə yola salınması uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların həyatında tarixi hadisə oldu. Bu gün yüzlərlə ailənin yenidən Cəbrayılda məskunlaşması azadlığın ən mühüm nəticəsinin – torpağa sahibinin qayıdışının reallığa çevrildiyini nümayiş etdirir. Cəbrayıl yaşayış kompleksinin istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Müasir standartlara uyğun inşa edilmiş yaşayış binalarında yüzlərlə mənzil yaradılıb, sakinlərin rahat yaşayışı üçün zəruri kommunal və məişət şəraiti təmin olunub. Bu, Böyük Qayıdışın yalnız statistik göstəricilərdən ibarət olmadığını, konkret ailələrin yeni həyata başlaması demək olduğunu göstərən mühüm nümunədir.
Cəbrayılın gələcəyi təkcə yaşayış tikintisi ilə məhdudlaşmır. Burada sənaye, logistika və sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılır. Nəqliyyat və enerji infrastrukturu da Cəbrayılın yeni inkişaf modelinin əsas elementlərindəndir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və digər mühüm nəqliyyat layihələrinin reallaşdırılması rayonun regionun iqtisadi əlaqələrinə inteqrasiyasını sürətləndirir. “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi isə yeni yaşayış və istehsal layihələrinin enerji təminatı baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri, burada çoxsaylı sosial, iqtisadi və infrastruktur layihələrinin təməlini qoyması yeni dövrün inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdəndir. Dövlət başçısının birbaşa diqqəti nəticəsində Cəbrayılda quruculuq prosesi ardıcıl xarakter alıb və rayonun inkişafı uzunmüddətli strateji plan əsasında həyata keçirilir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.
Geri dön