Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: Cəbrayılın qələbə salnaməsi və 4 oktyabrdan başlayan böyük dönüş

Səttar Möhbalıyev: Cəbrayılın qələbə salnaməsi və 4 oktyabrdan başlayan böyük dönüş


Bu gün, 09:57. Yazar: azer
Səttar Möhbalıyev: Cəbrayılın qələbə salnaməsi və 4 oktyabrdan başlayan böyük dönüş

Tarixdə elə günlər var ki, xalqın yaddaşında yalnız bir hadisənin tarixi kimi deyil, uzun illərin həsrətini, ağır sınaqlarını və nəhayət, haqqın öz yerini tapdığı böyük dönüş anı kimi yaşayır. Azərbaycan üçün 4 oktyabr məhz belə tarixi günlərdəndir. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi ilə 27 illik işğalın yaratdığı ağrıya son qoyulmasının mühüm səhifələrindən biri yazıldı. Bu tarix həm də Cəbrayılın timsalında doğma torpaqlara qayıdışın, milli iradənin və tarixi yaddaşın yenidən canlanmasının başlanğıcına çevrildi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Həmin vaxt rayonun ərazisində bir şəhər, 4 qəsəbə və 92 kənd vardı. 1050 kvadratkilometr ərazini əhatə edən rayonda 52 min nəfər yaşayırdı. İşğal nəticəsində Cəbrayılın 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı və 100-ə yaxın kəndi dağıntıya məruz qaldı. Rayona vurulan ziyanın məbləği 13,928 milyard ABŞ dolları kimi göstərilir. Amma Cəbrayıl yalnız dağıdılmış tikililərdən ibarət deyildi. Bu torpağın özünəməxsus iqtisadi, elmi və mədəni həyatı vardı. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi çalışır, 72 məktəbdə 1660-dan çox müəllim fəaliyyət göstərirdi. Üç musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və muzey rayonun zəngin mədəni həyatını yaşadırdı. Sənaye müəssisələri, kolxozlar, quşçuluq fabriki və digər təsərrüfatlar isə Cəbrayılın iqtisadi potensialını formalaşdırırdı. İşğal illəri bu torpağın maddi sərvətlərinə olduğu kimi, tarixi-mədəni irsinə də ağır zərbə vurdu. “Divlər Sarayı” mağarasından Xudafərin körpülərinə, Çələbilər kəndindəki məscid kompleksindən “Dairəvi Türbə”yə qədər çoxsaylı tarixi abidələr dağıdıldı və ya məhv edildi. Bu dağıntılar yalnız daşın, divarın, tikilinin məhvi deyildi. Bunlar bir xalqın tarixinin izlərini silməyə yönəlmiş vandalizmin acı nəticələri idi. Cəbrayıllıların taleyi də bu faciənin ən ağır səhifələrindən birini təşkil etdi. Minlərlə insan doğma yurd-yuvasından didərgin düşərək Azərbaycanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən düşərgələrdə, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur oldu. Lakin məcburi köçkün həyatı onların yaddaşından Cəbrayılı silə bilmədi. Cəbrayılın azadlığına aparan yol isə illərlə davam edən mübarizədən keçdi. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi, daha sonra 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi Cəbrayıl istiqamətində gələcək qələbənin mühüm mərhələlərindən oldu. Cocuq Mərcanlıya həyatın qayıtması sonralar Böyük Qayıdışın başlanğıcı kimi xarakterizə ediləcək tarixi prosesin ilk nümunələrindən birinə çevrildi. Və nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyini dəyişdi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də daha beş kənd, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi azad edildi. Hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad olundu.

Millət vəkili onu da deyib ki, 4 oktyabrın tarixi əhəmiyyəti yalnız şəhərin azad edilməsində deyildi. Cəbrayıl istiqamətində düşmənin bir neçə müdafiə xəttindən ibarət istehkamlarının yarılması böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bu uğur Azərbaycan Ordusunun sonrakı hərbi əməliyyatları üçün də geniş imkanlar yaratdı. Cəbrayıldan sonra Xocavəndin cənub kəndləri və Hadrut istiqamətində əməliyyatların aparılması, daha sonra Zəngilan, Qubadlı və Laçının cənub hissəsinin azad edilməsi üçün mühüm imkanlar yarandı. Bu qələbənin qəhrəmanları dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 22 797 hərbi qulluqçu bu medalla təltif olundu. Cəbrayılın azadlığı ilə bağlı yaddaşın ən möhtəşəm görüntülərindən biri isə Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılmasıdır. Əsrlərin yadigarı olan bu körpüdə üçrəngli bayrağın dalğalanması təkcə hərbi qələbənin deyil, Azərbaycanın tarixi torpaqlarına qayıdışının rəmzinə çevrildi. Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi də bu tarixi yaddaşın dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir. Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilib. Cəbrayılın bugünkü hekayəsi yalnız keçmişin xatırlanması ilə bitmir. Çünki qələbənin ən böyük mənası torpağın azad edilməsindən sonra onun yenidən həyata qaytarılmasıdır. Bu gün Cəbrayılın küçələrində, kəndlərində, yaşayış komplekslərində, yol və enerji layihələrində həmin böyük qələbənin davamını görmək mümkündür. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu baxımdan mühüm mərhələdir. Baş plana əsasən şəhərin bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək, 2040-cı ilin sonuna qədər burada 15 min sakinin yaşaması nəzərdə tutulur. Yaşayış üçün 143 hektar ərazi ayrılıb, müasir şəhərsalma prinsipləri əsasında az və orta mərtəbəli binaların, fərdi yaşayış evlərinin inşası planlaşdırılıb.

Bu gün Cəbrayılın tarixində yeni səhifə açılıb. Bir vaxtlar məcburi köçkün həyatı yaşayan ailələr artıq doğma şəhərlərinə qayıdırlar. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, 2974 nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə, 2749 nəfər məskunlaşıb. Beləliklə, üç yaşayış məntəqəsində ümumilikdə 1600 ailə, 7022 nəfər yeni həyata başlayıb. Deməli, 4 oktyabr Cəbrayıl üçün yalnız azadlıq günü deyil. Bu tarix həm də yaddaşın qələbəyə, qələbənin qayıdışa, qayıdışın isə yeni həyata çevrildiyi günün simvoludur. Cəbrayılın adı bu gün Azərbaycan tarixində iki anlayışı birləşdirir: qətiyyət və qayıdış. Birincisi torpağın azadlığına, ikincisi isə həmin torpağın yenidən insan səsi ilə dolmasına aiddir. Biz 4 oktyabrda Cəbrayılın daşlarına, yollarına, evlərinə baxıb yalnız keçmişi xatırlamırıq. Biz həm də görürük ki, bir vaxtlar dağıntı içində qalan şəhər yenidən qurulur, doğma yurd həsrəti ilə yaşayan insanlar evlərinə dönür, Azərbaycan bayrağı isə Xudafərin üzərində olduğu kimi Cəbrayılın bütün gələcəyinə işıq saçır. Cəbrayılın qələbə ilə yazılan günü məhz buna görə yaddaşımızda yaşayacaq: torpaq azad edildi, tarix bərpa olundu və həyat yenidən öz doğma ünvanına qayıtdı-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Geri dön