Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib


Bu gün, 20:00. Yazar: azer
Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib

Sentyabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib. Spiker sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Milli Məclisin sədri payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətlərində uğurlar arzulayıb.
Spiker bildirib ki, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib. Bu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.
Bu dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumən 142 nəfər xarici qonaq Milli Məclisdə olub.
Spiker ötən dövrdə özünün bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə keçirdiyi ikitərəfli görüşlərdən də danışıb. O, diqqətə çatdırıb ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi.
Spiker qeyd edib ki, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Bu, şəbəkənin yarandığı 5 il ərzində imzalanmış 10-cu əməkdaşlıq sənədidir.
Milli Məclisin sədri bildirib ki, bu dövrdə 2 ölkənin – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə də Milli Məclisdə görüşlər keçirib.
Sonra Milli Məclisin spikeri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 16 məsələ daxildir. O qeyd edib ki, ilk iki məsələ Milli Məclisin qərar layihələridir.
Parlamentin spikeri birinci məsələnin 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu söyləyib.
Milli Məclisin sədri bildirib ki, 27 sentyabr günü xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Altı il bundan əvvəl həmin gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açıb.
44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərimizin əksər hissəsinin Ermənistan Respublikasının 30 illik işğalından azad edilməsinə gətirib çıxarmış, dövlətimizin ərazi bütövlüyünün bərpasına şərait yaratmışdır.
2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb. Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib.
Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirir.
Spiker vurğulayıb ki, Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır. (Onun bu fikri alqışlarla qarşılanıb.)
Milli Məclisin sədri deyib ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərimiz unudulmur və heç zaman da unudulmayacaq.
Spiker qeyd edib ki, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq 6 ildir ki, ölkəmizdə “Anım Günü” qeyd edilir.
Üç gün öncə, sentyabrın 27-də Anım Günündə möhtərəm cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdilər.
Həmin gün dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri də Zəfər Parkında oldular. Ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirildi.
Çıxışına yekun vuran Milli Məclisin sədri diqqətə çatdırıb ki, Anım Gününün dərin ümummilli əhəmiyyəti vardır. Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir.
İclasda 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının mətnini parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov oxuyub.
(Bəyanatın mətni mətbuatda dərc ediləcək.)
27 sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri söyləyib ki, hər növbəti sessiyanın birinci iclasında parlamentin qanunvericilik işləri planı qəbul olunur. O bildirib ki, gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır və nəzərə çatdırıb ki, qanunvericilik işləri planı 8 bənddən ibarətdir.
Məsələnin müzakirəsində çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Sahib Alıyev, Razi Nurullayev, Əli Məsimli, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Elman Nəsirov, Ceyhun Məmmədov və Hikmət Məmmədov payız sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Millət vəkilləri sənədin məqsədəmüvafiq olduğunu söyləyiblər, planda qeyd olunan qanun layihələrinin əhəmiyyətindən danışıblar, bir sıra təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiq edilib.
Spiker Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə) olduğunu deyib. O nəzərə çatdırıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu sənədə 6 ay öncə - fevralın 27-də birinci səsvermədə münasibət bildirildiyini, indi isə onun ikinci səsverməyə çıxarıldığını söyləyib.
Məsələ barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənəddə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) maddi təminatı ilə bağlı müddəaların mövcud qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulur.
Konstitusiya Qanunu II səsvermədə qəbul edilib.
Milli Məclisin sədri deyib ki, gündəliyin dördüncü məsələsi Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanununun müzakirəsidir. Spiker məsələ ilə bağlı iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun da iştirak etdiyini bildirib və sözü qonağa təqdim edib.
Şahmar Mövsümov diqqətə çatdırıb ki, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş, rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb. Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə yenidən müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanunun yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb. Təqdim olunan sənəd məhz bu çağırışa cavab verməyə yönəlib və onun konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. Sənəd rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir. O, millət vəkillərini qanunun təkmilləşdirilmiş redaksiyasını dəstəkləməyə çağırıb.
Məsələ barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanuna innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə bir sıra mühüm dəyişikliklər təklif edilib.
Komitə sədri diqqətə çatdırıb ki, yenilənmiş qanun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib, onun dövlət başçısının təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Qanunun yeni redaksiyasındakı müddəaların bəzi məqamlarını vurğulayan komitə sədri bildirib ki, qanunun əsas konsepsiyası dəyişmir və Prezidentin təklifləri həmin konsepsiyanın həyata keçirilməsi mexanizmlərini təkmilləşdirir. Başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi, özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.
O diqqətə çatdırıb ki, ilkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla - ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir. Bundan başqa, mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir.
Habelə, dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədi ilə 20 faizlik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu məcburi tələb kimi təsbit olunur. Vurğulanıb ki, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilib.
Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.
Sənəd səsə qoyularaq qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti 6 məsələnin beynəlxalq sazişlərin təsdiq edilməsi ilə bağlı olduğunu söyləyib. O, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, həmin qanun layihələrinin bir oxunuşda qəbul ediləcəyini bildirib.
Beşinci məsələ olan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Komitə sədri Azərbaycanın dünyada artan nüfuzundan söz açaraq, ölkəmizin vizasız rejim coğrafiyasının genişlənməsindən danışıb. Onun sözlərinə görə, vətəndaşlarımız artıq diplomatik və xidməti pasportlarla 90-a yaxın ölkəyə, ümumvətəndaş pasportları ilə 23 ölkəyə tam sərbəst gedə bilərlər.
Vurğulanıb ki, 8 iyul 2026-cı il tarixində Bakı şəhərində imzalanan bu sənəd iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə töhfə verəcək.
Müzakirədə deputat Göydəniz Qəhrəmanovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Növbəti məsələ - “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol 2001-ci il noyabrın 8-də Strasburq şəhərində imzalanıb. Sözügedən Protokol cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım mexanizmlərinin müasirləşdirilməsinə, tərəflərin səlahiyyətli orqanları arasında əməkdaşlığın operativ həyata keçirilməsinə, müasir kommunikasiya və prosessual imkanlardan istifadə edilməsinə xidmət edir.
Nizami Səfərov bildirib ki, Azərbaycan Respublikasının Protokolu müvafiq qeyd-şərt və bəyanatlarla təsdiq etməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, əvvəlki təcrübədə beynəlxalq müqavilələrə və digər hüquqi sənədlərə münasibətdə irəli sürülən bəyanatlarda Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həmin beynəlxalq aktların müddəalarının yerinə yetirilməsini ərazilər azad olunana qədər təmin etmək imkanında olmadığı bildirilirdi.
Deputat vurğulayıb ki, ölkənin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya-hüquqi nizamının tam bərpa edilməsi, Prezidentin irəli sürdüyü sülh gündəliyinin uğurla həyata keçirilməsi müqavilə-hüquq praktikasına da təsir göstərib. Yeni yanaşmaya əsasən, beynəlxalq hüquq aktlarının müddəaları Ermənistanla münasibətlər normallaşanadək ikitərəfli müstəvidə tətbiq edilməyəcək.
Vurğulanıb ki, Azərbaycan Respublikası cinayətkarlıqla mübarizə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində beynəlxalq səyləri ardıcıl olaraq dəstəkləyir və növbəti mühüm sənədin Milli Məclisin təsdiqinə təqdim edilməsi də bunu bir daha nümayiş etdirir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim olunan məsələnin siyasi əhəmiyyətindən danışaraq, layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini açıqlayıb.
Müzakirədə komitə sədrləri Zahid Oruc və Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin yeddinci məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov məlumat verib.
Bildirilib ki, saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Sənəd Azərbaycan Respublikası ilə Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva layihə ilə bağlı komitənin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin səkkizinci məsələsi olan Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayev məlumat verib.
Protokol 1999-cu il iyulun 30-da Kiyev şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”də nəzərdə tutulan səlahiyyətli orqanlar barədə müddəanın yenilənməsini nəzərdə tutur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, Saziş 8 iyul 2026-cı il tarixində Bakı şəhərində imzalanıb. Sazişin məqsədi tərəflər arasında və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatın mühafizəsini təmin etməkdir. Sənəd 17 maddədən ibarətdir. Sazişə əsasən, Azərbaycan tərəfi üçün səlahiyyətli təhlükəsizlik orqanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfi üçün isə Slovakiya Respublikasının Milli Təhlükəsizlik Qurumudur.
Qeyd olunub ki, Sazişdə məxfilik dərəcələri tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası üçün "xüsusi əhəmiyyətli", "tam məxfi" və "məxfi" kimi müəyyən edilir. Məxfi məlumata buraxılış yalnız xidməti zərurət əsasında, məxfi məlumatın mühafizəsi üçün öz məsuliyyətləri barədə təlimatlandırılan və qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq, məlumatın açıqlanmaması barədə müqaviləni imzalamış şəxslərə verilir. Məxfi məlumat qəbul edən tərəfə göndərən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq və ya səlahiyyətli təhlükəsizlik orqanları arasında yazılı şəkildə razılaşdırılmış başqa qaydada ötürülür. Məxfi məlumatın elektron üsulla ötürülməsi yalnız səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən təsdiq edilmiş prosedurlara uyğun olaraq kriptoqrafik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. Səlahiyyətli təhlükəsizlik orqanları sorğu əsasında məxfi məlumatın mühafizəsi üzrə öz dövlətlərinin milli qanunvericiliklərində, siyasətlərində və təcrübələrində dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.
Komitə sədri Sazişin tərəflər arasında qarşılıqlı etimadın hüquqi əsaslarını möhkəmləndirdiyini söyləyib. Sənədin xüsusilə müdafiə, təhlükəsizlik, hüquq-mühafizə və digər sahələrdə əməkdaşlıq zamanı məlumatların qorunmasında böyük əhəmiyyət daşıdığını deyib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev məsələ barədə bu komitənin rəyini açıqlayaraq, belə sazişlərin imzalanmasının dövlətlər arasında yüksək etimadın göstəricisi olduğu qeyd edib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Fasilədən sonra Milli Məclisin plenar iclası davam edib.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsindən söz açıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamına əsasən, Quba-Xəzəryanı ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş 2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanıb. Saziş Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən qurudakı perspektivli neft-qaz sahəsinin birgə öyrənilməsi və gələcəkdə işlənilməsi məqsədilə bağlanıb.
 Sazişin əsas məqsədi həmin ərazidə karbohidrogen ehtiyatlarının müəyyənləşdirilməsi, perspektiv strukturların qiymətləndirilməsi və kommersiya əhəmiyyətli ehtiyatlar aşkar edildikdə onların işlənməsi və hasilatının təşkil edilməsidir. Layihə hasilatın pay bölgüsü modeli əsasında həyata keçiriləcək.
Sazişin təsdiq edilməsi Azərbaycanın qurudakı neft-qaz potensialının daha geniş öyrənilməsinə, qabaqcıl geoloji-kəşfiyyat texnologiyalarının tətbiqinə, xarici investisiyaların cəlb edilməsinə və ölkənin enerji sektorunda beynəlxalq əməkdaşlığın inkişafına xidmət edəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə sənəd barədə təmsil etdiyi komitənin müsbət rəy verdiyini bildirib.
Məsələ ilə bağlı müzakirələrdə parlamentin komitə sədri Hicran Hüseynova və deputat Asif Əsgərov öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələyə dair məlumatında qeyd edib ki, dəyişikliklərin mahiyyəti dövlətə məxsus ayrı-ayrı hüquqi şəxslərin həyata keçirdikləri satınalmalarda maliyyə mənbəyindən asılı olaraq fərqli hüquqi rejimin müəyyən edilməsi və tətbiqindən ibarətdir. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, habelə sadalanan subyektlərin təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslər dövlət büdcəsi vəsaitləri, subsidiyalar, dövlət zəmanətli kreditlər və fondların vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına həyata keçirdikləri malların, işlərin və xidmətlərin satın alınması xüsusi tənzimləmə dairəsinə daxil edilir.
Layihədə, habelə adıçəkilən subyektlər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsinin hüquqi əsası müəyyənləşdirilir. Həmin mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsinin informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi təmin olunur.
Təklif olunan dəyişikliklər dövlət mülkiyyətində olan müəssisələrin və hüquqi şəxslərin təsərrüfat fəaliyyətində çevikliyin artırılmasına, büdcədənkənar və daxili maliyyə mənbələri hesabına satınalmaların tənzimlənməsində hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.
Sənədlə bağlı deputat Razi Nurullayev bəzi qeydlərini açıqlayıb. Komitə sədri Azər Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirib
Sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verib.
Bildirilib ki, qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Qeyd olunub ki, terrorizmin maliyyələşdirilməsinə qarşı effektiv mübarizənin mühüm elementlərindən biri hüquqi şəxslərdə adekvat daxili nəzarət və komplayens mexanizmlərinin yaradılmasıdır. Hüquqi şəxsin maliyyə əməliyyatlarına dair qanunvericiliklə müəyyən edilmiş nəzarət tədbirlərini təşkil etməməsi və ya bu tədbirlərin formal xarakter daşıması terrorizmin maliyyələşdirilməsi risklərinin vaxtında müəyyən edilməsinə və qarşısının alınmasına mane ola bilər. Bu baxımdan, sənəddə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərinin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumatı diqqətə çatdırıb.
O, qanun layihəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edildiyini bildirib. Komitə sədri dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlət qulluğunun inkişafına dair Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulub. Qeyd olunub ki, hazırda qüvvədə olan bir sıra normativ hüquqi aktlarla tənzimlənən dövlət qulluğu münasibətlərinin daha sistemli və kompleks şəkildə nizamlanaraq, qanunvericiliyin tətbiqində vahid yanaşmanın təmin edilməsi zərurəti yaranıb. Bununla yanaşı, ölkə Prezidentinin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, konstitusiya-hüquq nizamının milli ərazi yurisdiksiyası çərçivəsində təmin edilməsi, həmçinin dövlət qulluğu sahəsində həyata keçirilən institusional dəyişikliklər Məcəllənin qəbulunu aktuallaşdırır.
Komitə sədri diqqətə çatdırıb ki, Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Layihədə, həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.
Qeyd edilib ki, Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" Qanunla yanaşı, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" və bir sıra digər qanunların qüvvədən düşməsi nəzərdə tutulur.
Habelə, bildirilib ki, digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün keçid mexanizmi müəyyən edilir. Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq. Eyni zamanda, hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"nın hüquqi qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər. Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı tətbiq ediləcək sənədlərin nümunəvi formaları müəyyən edilir.
Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Azay Quliyev, Razi Nurullayev, Məlahət İbrahimqızı çıxış edərək, öz fikir və qeydlərini səsləndiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra iclasda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən danışılıb.
Məsələ barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
O, Azərbaycanda 2006-cı ildən başlayaraq vətəndaşların pensiya təminatının fərdi uçot və sığorta prinsipləri əsasında həyata keçirildiyini söyləyib. Bu baxımdan sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində davamlı islahatların aparıldığını deyib.
Bildirilib ki, islahatların növbəti addımı olaraq dövlət qulluqçularının, deputatların, Mərkəzi Seçki Komissiyası üzvlərinin, Ombudsmanın, Hesablama Palatası üzvlərinin, diplomatik xidmət əməkdaşlarının, hərbi qulluqçuların pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur. Eyni zamanda, sosial müdafiə sistemində sığorta prinsipinin daha da gücləndirilməsi, pensiyaların və sığorta kapitalının indeksasiya mexanizminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatın yaradılması üçün “sosial sığorta ehtiyatı”nın artırılması məqsədilə yeni təkliflər irəli sürülür. Hazırda müzakirəyə çıxarılan qanun layihəsi məhz bu məqsədlə hazırlanıb.
Qeyd olunub ki, pensiya islahatlarının növbəti mərhələsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti 4 istiqaməti əhatə edir.
Birinci istiqamət xüsusi şərtlərlə pensiya alan bir sıra şəxslərin pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, xüsusi şərtlərlə pensiya alan bir sıra şəxslərin pensiya təyinatı mexanizminə dəyişiklik edilərək bu şəxslərə təyin olunacaq pensiya ilə onların əməkhaqqı arasındakı əlaqə aradan qaldırılır, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyinatı mexanizmi müəyyən edilir.
İkinci istiqamət hərbi qulluqçuların pensiya təminatı sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Layihəyə əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, bununla da şəxsin hərbi xidmətdən tərxis olunduğu günə təminat xərcliyi barədə qurumdan məlumatların təqdim olunması zərurəti olmadan, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı və tutmuş olduğu rütbə əsas götürülməklə pensiya məbləği formalaşacaq. Eyni zamanda, pensiya məbləği ilə yanaşı, indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsi təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq. Bütün hərbi qulluqçulara münasibətdə hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq. Bu dəyişiklik isə hərbi qulluqçular sırasından ixtisaslı peşəkar kadrların hərbi xidmətini davam etdirməsini təşviq edəcəkdir.
Üçüncü istiqamət əmək pensiyalarının və pensiya kapitallarının indeksləşmə mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, pensiyaların və fərdi hesablarda toplanan pensiya kapitallarının indeksləşdirilməsində onların məbləğlərinə uyğun olaraq diferensial yanaşma tətbiq ediləcək. Başqa sözlə, artım pensiyanın və ya pensiya kapitalının məbləğindən asılı olaraq daha balanslı şəkildə həyata keçiriləcək. Orta aylıq əməkhaqqına qədər məbləğlərdə olan pensiyalar hazırda olduğu kimi, müəyyən edilən indeksasiya faizi tam tətbiq edilməklə artırılacaq. Pensiya həmin məbləğdən yuxarı olduqda isə, yuxarı olan hissə əmsallar tətbiq edilməklə indeksləşdirilib artırılacaq.
Dördüncü istiqamət isə məcburi dövlət sosial sığorta haqlarının 85%-nin onların fərdi şəxsi hesablarında qeydə alınmasıdır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlərin dayanıqlı maliyyələşdirilməsi üçün qanunvericiliyə əsasən yaradılan “sosial sığorta ehtiyatı”nın artırılması islahat paketinin tərkib hissəsidir. Burada əsas məqsəd yenə də sosial təminat sisteminin gücləndirilməsi, onun dayanıqlılığının təmin olunması, xüsusilə də həssas qrupların səmərəli sosial dəstək tədbirləri ilə əhatə olunmasına imkanların genişləndirilməsidir.
Bildirilib ki, yeni sistem pensiya təyinatını əhəmiyyətli dərəcədə sadələşdirəcək, mürəkkəb hesablamalar və əlavə prosedurlar aradan qaldırılaraq pensiya təminatı sosial sığorta prinsiplərinə uyğunlaşdırılacaq.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu məsələ barədə fikirlərini açıqlayaraq, təmsil etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.
Müzakirələr zamanı məsələ ilə bağlı komitə sədri Siyavuş Novruzov bəzi fikirlərini bölüşüb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin on beşinci məsələsi olan Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.
Bildirilib ki, təqdim olunan qanun layihəsində Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə təklif olunan dəyişikliklər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının gəlirlərinin gəlir vergisindən azad olunmasının istisna edilməsini nəzərdə tutur.
Layihədə göstərilən bir sıra qanunvericilik aktlarında müvafiq orqanların əməkdaşlarının əməyinin ödənilməsi və eləcə də həmin orqanların əməkdaşlarının və onların ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərin ödənilməsi qaydaları təkmilləşdirilir.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinə təklif edilən dəyişikliklər həmin orqanlarda xidmət edən hərbi qulluqçuların pul təminatı, pensiyalarının hesablanması və əlavələrin müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. Həmçinin, layihədə bu təminatlardan istifadə hüququ olan şəxslərin kateqoriyası dəqiqləşdirilir.
Vurğulanıb ki, layihədə nəzərdə tutulan dəyişikliklər, xüsusi xidmət orqanlarında xidmət keçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.
Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təmsil etdikləri komitələrin müsbət rəylərini səsləndiriblər.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəliyin sonuncu məsələsi olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklər iki əsas istiqaməti əhatə edir. Bunlardan biri ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığı dövrdə balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlıdır. Digər istiqamət isə aqrar sektor üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyinin risk əsaslı yanaşmaya və konkret, ölçülə bilən kəmiyyət meyarlarına keçirilməsini nəzərdə tutur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə ilə bağlı komitənin müsbət rəyini açıqladıqdan sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
Geri dön