Ana Sayfa > İqtisadiyyat > Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldıBu gün, 17:22. Yazar: Subhan |
![]() Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə aia.az MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir ki, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib. Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək. Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq. Beləliklə, əvvəlki redaksiyada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Bununla yanaşı, bir əməliyyat üzrə 20 min manat və daha yüksək məbləğdə elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır. Qərarla qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib. Əvvəl 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Xatırladaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu. Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu. aia.az Geri dön |