Ana Sayfa > Özəl > Putinin məxfi nüvə bunkeri ilə bağlı yeni iddia: Son qərarı insan deyil, sistem verəcək?

Putinin məxfi nüvə bunkeri ilə bağlı yeni iddia: Son qərarı insan deyil, sistem verəcək?


Bu gün, 20:00. Yazar: vasif
Putinin məxfi nüvə bunkeri ilə bağlı yeni iddia: Son qərarı insan deyil, sistem verəcək?




Rusiyanın Sverdlovsk vilayətində Koşvinski Kamen dağının daxilində yerləşən məxfi hərbi komplekslə bağlı yeni məlumatlar yayılıb. Araşdırmalara görə, 1335 nömrəli “Qrot” obyekti ölkənin nüvə qüvvələrinin ehtiyat idarəetməsini təmin edən “Perimetr” sisteminin modernləşdirilmiş hissələrindən biri ola bilər.

Beynəlxalq jurnalist araşdırmasında bildirilir ki, kompleksin yenilənməsi ilə bağlı mühüm qərar 2005-ci ildə Vladimir Putinin imzaladığı məxfi sənəd əsasında qəbul edilib. İddialara görə, burada Rusiya rəhbərliyi və əsas komanda məntəqələri nüvə hücumu nəticəsində sıradan çıxarıldığı halda belə cavab zərbəsi əmrlərinin ötürülməsini təmin edən infrastruktur yaradılıb.

Sistemin modernləşdirilməsində iştirak etdiyini bildirən istefada olan general-mayor Viktor Xalinin sözlərinə görə, yeni idarəetmə mexanizminin hazırlanması 2010-cu ildə tamamlanıb və sınaqlardan sonra “Qrot” kompleksində yerləşdirilib.

Ən diqqətçəkən məqam isə sistemin insan müdaxiləsi olmadan fəaliyyət göstərə bilməsi ehtimalıdır. Xalin iddia edir ki, yenilənmiş mexanizm əvvəlcədən aktivləşdirildikdən sonra müəyyən şərtlər daxilində nüvə cavab zərbəsini avtomatik həyata keçirmək imkanına malikdir.

Lakin araşdırma müəllifləri bu iddianın müstəqil şəkildə təsdiqlənmədiyini vurğulayırlar. Hazırda “Perimetr”in tam avtomatik rejimdə işlədiyini və nüvə zərbəsi barədə son qərarı insan iştirakı olmadan verdiyini göstərən açıq sübut yoxdur.

Araşdırmada bunkerin tikintisinin hələ sovet dövründə, 1982-ci ildə başladığı qeyd olunur. Dövlət satınalmalarına dair sənədlərdə kompleks üçün təxminən 22 min ton polad və 56 min ton sement alındığı göstərilir. Dağın daxilində rabitə mərkəzləri, enerji, havalandırma və uzunmüddətli müstəqil fəaliyyət üçün nəzərdə tutulan digər sistemlərin yerləşdiyi bildirilir.

“Qrot”la bağlı əsas müzakirə isə kompleksin ölçülərindən daha çox onun nüvə silahlarının idarə olunmasındakı mümkün rolu ətrafında gedir. Əgər tam avtomatik cavab mexanizminin mövcudluğu təsdiqlənərsə, bu, Rusiyanın nüvə çəkindirmə sistemində insanın son qərarvermə roluna dair ciddi suallar yaradacaq.
Geri dön