Ana Sayfa > Siyasət > Qənirə Paşayeva: “Ən sərt müxalifəti olan qanun ...”
Qənirə Paşayeva: “Ən sərt müxalifəti olan qanun ...”14-04-2017, 18:12. Yazar: admin |
Deputat Qənirə Paşayeva MM-də "son illərdə ən sərt müxalifəti olan qanun layihəsinin qəbulu cəmiyyətimiz üçün çox önəmlidir" deyib. "Son illərdə ən sərt müxalifəti olan qanun layihəsinin “ Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında"qanun layihəsinin müzakirəsini alqışlayır və onu dəstəkləyirəm", - deyən millət vəkili Q.Paşayeva bildirib ki, qapalı və ictimai yerərdə siqaret çəkməyə alışmış və bunun ətrafdakı insanlar üçün nə qədər böyük zərər olduğunun fərqində olmayan bir çox siqaret çəkənlər bu qanun layihəsinin əleyhinə olsalar da, çoxluq layihəni dəstəkləyir:"Azərbaycanda siqaret çəkənlərin sayı, getdikcə tütün məmulatlarından istifadə edən gənclərin artması bizi ciddi narahat etməlidir. Amma bununla yanaşı bizi ciddi narahat edən digər məsələ siqaret çəkməyən insanların getdikləri bütün qapalı və ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalmasıdır. Mütəxəssislər deyirlərki, siqaret çəkilən qapalı və ictimai yerlərdə olan siqaretdən istifadə etməyən insanlar onu istifadə edən qədər siqaretin zərərli təsirinə məruz qalır. Biz ilk öncə siqaretdən istifadə etməyən insanlarımızı, uşaqları qapalı,ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalmaqdan qorumalıyıq ki, bu qanunda bu məsələ geniş əks olunub. İkincisi, siqaretdən istifadə edənlərin bir çoxu da bu məhdudlaşdırma nəticəsində siqaretdən istifadəni azaldacaqlar. Qardaş Türkiyədə bu qanunun qəbul olunmasından bir neçə ay sonra aparılmış araşdırmalar bunu deməyə əsas verir. Amma mənim qanun layihəsinə bəzi təkliflərim də var. Siqaret kimi qəlyan, sulu qəlyanların çəkilməsi də qapalı və ictimai yerlərdə məhdudlaşdırılmalıdır, onlar da bunun üçün ayrıca ayrılmış qapalı və lazımi təmizləyici mexanizmlər quraşdırılmış otaqlarda ancaq bundan istifadə etsinlər. Çünki qəlyanlar da siqaret qədər zərərli təsirə malikdir. İkinci təklifim onunla bağlıdır ki, inkişaf etmiş dövlətlərdə olduğu kimi idxal olunan və ya ölkəmizdə istehsal olunan siqaret məhsullarının qutuları üzərində siqaretin insan orqanizminə nə qədər böyük zərər vurduğunu göstərən fotolar əks olunsun və siqaretin insan orqanizminə zərərli təsiri barədə məlumat üz qapağının ən azı 30 faizini əhatə edəcək qədər böyük yazılsın. İnkişaf etmiş ölkələrdə bu belədir və mütəxəssislər bildirirlər ki, siqaret qutularının üzərinə onun dəhşətli vəziyyətə saldığı orqanın rəsmi və böyük hərflərlə yazılmış sağlamlığa ziyandır sözləri xeyli sayda siqaret istifadəçisinə təsir edir və onlar siqaretdən uzaqlaşmaq barədə düşünür və ya addım atırlar. Düşünürəm ki, qanun layihəsində bu məsələ aydın şəkildə əks olunmalıdır. Digər bir məsələ cərimələr və cəzalarla bağlıdır. Maarifləndirmənin geniş aparılması ilə bərabər bu da çox vacib məsələdir. Özəlliklə azyaşlı uşaqlara siqaretin satılmasına qarşı ciddi cəza mexanizmlərinin qanun layihəsində olması çox vacibdir. Qanun layihəsində də qeyd olunduğu kimi, maarifləndirmə çox geniş olmalıdır. İnsanlar tütün məhsulları adlı bu gizli və təhlükəli ölüm daşıyıcısı barədə daha geniş məlumatlı olmalıdırlar. Bəzən filankəs ağciyər xərçəngindən vəfat etdi deyənlərin bir çoxu heç bilmir ki, ağciyər xərçəngini ən çox yaradan səbəbdir tütün məhsulları. Eləcə ürək-qan damar xəstəliklərinin, tənəffüs yolları xəstəliklərinin artmasında onun nə qədər böyük rolu olduğunu bir çox insanlarımız bilmir. Əgər bilsələr, ondan uzaqlaşmağı düşünəcəklər. Ona görə də maarifləndirmə ilə yanaşı, tütün məhsullarından imtina etmək istəyən insanlara pulsuz olaraq tibb müəsisələrində mütəxəssislər tərəfindən yardımların göstərilməsi çox vacibdir və qanun layihəsində öz əksini tapan bu məsələ ən vacib addımlardan biri olacaq. Biz hamımız bu qanunun qəbul olunması və çalışması üçün fəal olmalıyıq. Gələcəyimizi bu zərərli vərdişdən və onun zərərli təsirlərindən qorumaq hər birimizin borcudur. İnanıram ki, cəmiyyətimiz də bu qanun layihəsinin qəbulundən sonra onun həyata keçməsinə aktiv dəstək verəcək”. AİA.az Geri dön |