Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın iqtisadi gücü və gələcəyin investisiya perspektivləri
Azərbaycanın iqtisadi gücü və gələcəyin investisiya perspektivləriBu gün, 14:02. Yazar: azer |
![]() Azərbaycan bu gün dünyanın diqqətini yalnız zəngin təbii sərvətləri və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək, beynəlxalq tərəfdaşları bir araya gətirmək və yeni əməkdaşlıq imkanları yaratmaq bacarığı ilə cəlb edir. Bakıda keçirilən mötəbər beynəlxalq forumlar, konfranslar və iqtisadi platformalar ölkəmizin qlobal dialoq məkanına çevrildiyini, beynəlxalq münasibətlərdə və iqtisadi əməkdaşlıqda mövqeyinin getdikcə möhkəmləndiyini nümayiş etdirir. Bu gün Azərbaycan sadəcə beynəlxalq tədbirlərin keçirildiyi ünvan deyil, həm də yeni iqtisadi təşəbbüslərin, investisiya imkanlarının və strateji tərəfdaşlıqların formalaşdığı mühüm mərkəzdir. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan forum müasir dövrdə beynəlxalq etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionun qlobal bağlantılardakı rolunun artırılması baxımından mühüm müzakirə platformasıdır. Prezident İlham Əliyevin forum çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın iqtisadi inkişaf modelinin əsas istiqamətlərini, ölkəmizin investisiya potensialını və qarşıdakı illər üçün müəyyənləşdirilən hədəfləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan əldə etdiyi iqtisadi nailiyyətləri qorumaqla yanaşı, yeni inkişaf mərhələsinə qədəm qoymaq, mövcud imkanlarını daha geniş miqyasda reallaşdırmaq və beynəlxalq iqtisadi sistemdə mövqeyini gücləndirmək əzmindədir. Xüsusilə qlobal iqtisadi və geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə sabitliyin, etibarlı tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti daha da artır. Bu baxımdan, Azərbaycanın regionda yaratdığı iqtisadi imkanlar və beynəlxalq bağlantılardakı rolu ölkəmizin strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Bu gün Azərbaycanın gələcək inkişafından inamla danışmaq üçün kifayət qədər möhkəm iqtisadi təməli var. Prezident İlham Əliyevin vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, gələcək haqqında danışmaq çətin olardı. Məhz uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasət, yaradılan iqtisadi potensial və formalaşdırılan əlverişli biznes mühiti ölkəmizin davamlı inkişafına zəmin yaradıb. İndi əsas vəzifə bu müsbət dinamikanı qorumaq, iqtisadiyyatın müxtəlif sahələrində yeni imkanlar yaratmaq və əldə olunan nəticələri daha da gücləndirməkdir. Azərbaycanın investisiya cəlbediciliyi də bu möhkəm təməlin mühüm göstəricilərindəndir. Son 20 il ərzində ölkəmizə 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi beynəlxalq investorların Azərbaycana etimadının ifadəsidir. Bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz yalnız mövcud iqtisadi imkanları ilə deyil, həm də uzunmüddətli inkişaf perspektivləri ilə xarici şirkətlərin diqqətini cəlb edir. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri bu etimadı daha da möhkəmləndirmək, investisiyaların iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsini təmin etmək və qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir. Bu strategiyada enerji sektoru xüsusi yer tutur. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Prezident İlham Əliyevin çıxışında Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının mövcudluğu diqqətə çatdırılıb. Quruda Günəş və külək elektrik stansiyalarının artıq fəaliyyət göstərməsi isə bu potensialın reallaşdırılması istiqamətində konkret nəticələrin əldə olunduğunu göstərir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələrinin olması hədəfi ölkəmizin enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Məqsəd elektrik enerjisi istehsalında təbii qazdan istifadəni minimuma endirmək, qənaət olunan qazı ixraca yönəltmək və enerji potensialından daha səmərəli istifadə etməkdir. Bu, həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, əlavə elektrik enerjisi potensialı Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafında da yeni imkanlar əldə etməsinə şərait yaradır. Süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal infrastrukturun genişləndirilməsi müasir dövrün əsas iqtisadi istiqamətlərindəndir. Bu sahələrdə artan enerji tələbatının qarşılanması üçün elektrikötürücü xətlərin genişləndirilməsi və yeni xətlərin inşası istiqamətində görülən işlər Azərbaycanın gələcək iqtisadi inkişafına xidmət edir. Beləliklə, enerji potensialı yalnız ənənəvi istehsal və ixrac sahələrinin deyil, həm də yeni texnoloji istiqamətlərin inkişafı üçün mühüm resursa çevrilir. Azərbaycanın iqtisadi inkişafının digər mühüm istiqaməti nəqliyyat, logistika və beynəlxalq bağlantılardır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində mühüm mövqeyə malikdir. Bu coğrafi üstünlük uzun illər ərzində həyata keçirilən infrastruktur layihələri, dəmir yollarının, avtomobil yollarının, limanların və digər nəqliyyat obyektlərinin inkişafı ilə daha da gücləndirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hər iki mühüm nəqliyyat dəhlizinin fəal iştirakçısı olan azsaylı ölkələrdəndir. Hazırda ölkəmizdən keçən tranzit yüklərin həcminin sürətlə artması Azərbaycanın beynəlxalq daşımalar sistemində rolunun genişləndiyini göstərir. Bu il tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək isə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması hədəflənir. Bu məqsədlə qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın tranzit imkanlarının tam reallaşdırılması regional tərəfdaşlıqdan, nəqliyyat infrastrukturunun əlaqələndirilməsindən və beynəlxalq təchizat zəncirlərində yaranan yeni tələblərə uyğunlaşmaqdan asılıdır. Müasir geosiyasi şəraitdə ənənəvi təchizat marşrutlarının müxtəlif risklərlə üzləşməsi alternativ nəqliyyat dəhlizlərinə marağı artırır. Azərbaycan isə coğrafi mövqeyi, infrastrukturu və əməkdaşlıq imkanları ilə bu prosesdə mühüm rol oynaya bilər. Ölkəmizin investisiya cəlbediciliyini gücləndirən əsas amillərdən biri də maliyyə sabitliyidir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın aşağı dövlət borcu, güclü valyuta ehtiyatları və milli valyutanın sabitliyi xüsusi vurğulanıb. Dövlət borcunun ÜDM-in 20 faizini, xarici borcun isə 5,6 faizini təşkil etməsi ölkənin maliyyə imkanlarını əks etdirən mühüm göstəricilərdir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borcunu təxminən 20 dəfə üstələməsi isə maliyyə sisteminin dayanıqlılığını nümayiş etdirir. Milli valyutanın uzun müddətdir sabitliyini qoruması, əlverişli ticarət balansı və güclü maliyyə ehtiyatları iqtisadi inkişaf üçün etibarlı zəmin yaradır. Bu amillər investorlar üçün proqnozlaşdırıla bilən iqtisadi mühit formalaşdırır, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli sərmayələrin cəlb olunmasına şərait yaradır. Məhz siyasi və iqtisadi sabitlik, güclü maliyyə sistemi və ardıcıl inkişaf strategiyası Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı ölkə kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası yalnız mövcud nailiyyətlərin qorunmasına deyil, həm də gələcəyin iqtisadiyyatının qurulmasına yönəlib. Bərpaolunan enerji, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, sənaye və digər sahələrdə yaradılan imkanlar ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi üçün geniş perspektivlər açır. Forumun “Parçalanmış dünyada etimadın bərpası” mövzusu da məhz bu reallıqlarla səsləşir. Azərbaycanın sabit iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığa açıq siyasəti və regional bağlantıların genişləndirilməsinə verdiyi töhfə ölkəmizin qlobal iqtisadi münasibətlərdə etibarlı tərəfdaş kimi rolunu ön plana çıxarır. Cənubi Qafqazın qlobal bağlantı və investisiya sabitliyinin dayağına çevrilməsi isə region ölkələri arasında əməkdaşlığın, qarşılıqlı etimadın və iqtisadi əlaqələrin inkişafını zəruri edir. Bu gün Azərbaycan beynəlxalq investisiyalar üçün əlverişli mühit, regional əməkdaşlıq üçün etibarlı tərəfdaşlıq platforması və qlobal iqtisadi əlaqələr üçün mühüm bağlantı məkanı təqdim edir. Qarşıdakı dövrdə əsas hədəf bu üstünlüklərdən səmərəli istifadə etmək, yeni investisiyalar cəlb etmək və iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Ölkəmizin möhkəm iqtisadi təməli, strateji mövqeyi və uzunmüddətli inkişaf hədəfləri Azərbaycanın gələcəkdə də beynəlxalq iqtisadi əməkdaşlığın mühüm iştirakçılarından biri olacağını göstərir. Millət vəkili Tamam Cəfərova belə deyib. Geri dön |