Ana Sayfa > Özəl > Heyvan dişləməsini yüngül saymayın: Quduzluğa qarşı ilk saatlar vacibdir

Heyvan dişləməsini yüngül saymayın: Quduzluğa qarşı ilk saatlar vacibdir


Bu gün, 18:13. Yazar: vasif
Heyvan dişləməsini yüngül saymayın: Quduzluğa qarşı ilk saatlar vacibdir




Heyvan tərəfindən dişlənən və ya zədələnən şəxslər vaxt itirmədən tibb müəssisəsinə müraciət etməlidirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Aytəkin Qurbanova bildirib ki, quduzluq riskinə qarşı antirabik vaksinasiyaya həkim göstərişi əsasında mümkün qədər tez başlanmalıdır.

Mütəxəssisin sözlərinə görə, uşaqlara və böyüklərə eyni dozada antirabik vaksin tətbiq edilir. Dişləyən heyvan məlumdursa və 10 günlük müşahidə müddətində sağ qalırsa, hazırda istifadə edilən vaksin sxeminə uyğun olaraq 0, 3 və 7-ci günlərdə peyvənd vurula bilər. Heyvan naməlumdursa və ya müşahidə müddətində ölürsə, kurs 0, 3, 7, 14 və 28-ci günlər üzrə davam etdirilir.

Zədənin yeri və risk səviyyəsindən asılı olaraq vaksinlə yanaşı antirabik immunoqlobulinin, həmçinin tetanusdan qorunmaq məqsədilə müvafiq preparatın tətbiqinə də ehtiyac yarana bilər. Müalicə sxemini konkret hadisəyə uyğun olaraq həkim müəyyənləşdirməlidir.

Açıqlanan statistikaya görə, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycanda 35 105 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Onların 17 492-si məlum, 16 799-u isə naməlum heyvanlarla əlaqəli olub. Həmin dövrdə insanlar arasında bir quduzluq hadisəsinin qeydə alındığı bildirilib.

Quduzluq əlamətləri başladıqdan sonra son dərəcə təhlükəli olduğundan, heyvan dişləməsindən sonra simptomların yaranmasını gözləmək olmaz. Ən doğru addım yaranı dərhal sabun və bol su ilə yaxşıca yumaq və mümkün qədər tez tibbi yardım almaqdır.
Geri dön