Ana Sayfa > Siyasət > Bakıdan dünyaya verilən investisiya mesajı
Bakıdan dünyaya verilən investisiya mesajıBu gün, 12:00. Yazar: azer |
![]() 26 sentyabr 2026-cı ildə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirə yalnız növbəti beynəlxalq iqtisadi toplantı kimi yanaşmaq düzgün olmazdı. Bu tədbir Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunun nəticələrinin təqdim edilməsi ilə yanaşı, ölkənin qarşıdakı mərhələdə özünü hansı iqtisadi və geoiqtisadi mövqedə görmək istədiyini nümayiş etdirən mühüm platforma təsiri bağışladı. Prezidentin investorların qarşısında səsləndirdiyi fikirlərdə diqqəti çəkən əsas məqam Azərbaycanın artıq yalnız təbii sərvətlərinə əsaslanan investisiya məkanı kimi təqdim edilməməsidir. Əlbəttə, enerji sektoru ölkə iqtisadiyyatında mühüm rol oynamaqda davam edir. Lakin bugünkü Azərbaycanın qarşısında duran məsələ əldə olunmuş enerji imkanlarından istifadə etməklə daha çoxşaxəli, texnoloji və dayanıqlı iqtisadi model formalaşdırmaqdır. Məhz bu baxımdan Prezidentin qeyri-neft sektorunun inkişafı ilə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadiyyatında qeyri-neft-qaz sektorunun payının əhəmiyyətli dərəcədə artması artıq ölkənin inkişaf modelində struktur dəyişikliklərinin baş verdiyini göstərir. Bununla belə, ixracın strukturunda enerji resurslarının hələ də üstünlük təşkil etməsi qarşıdakı dövr üçün əsas çağırışlardan birinin məhz qeyri-neft ixracının genişləndirilməsi olduğunu göstərir. Prezidentin öz çıxışında bu məsələyə diqqət yetirməsi də problemin mövcudluğunun və onun həlli istiqamətində məqsədyönlü siyasətin davam etdiriləcəyinin göstəricisidir. Forumun ən mühüm mesajlarından biri də investisiyaya münasibətin dəyişən məzmunudur. Müasir dünyada investor üçün yalnız maliyyə qoyuluşunun təhlükəsizliyi deyil, həmin investisiyanın hansı texnologiyanı, hansı idarəetmə təcrübəsini və hansı yeni bazar imkanlarını gətirəcəyi də böyük əhəmiyyət daşıyır. Azərbaycanın xarici tərəfdaşlardan yalnız kapital deyil, eyni zamanda texnologiya, bilik və təcrübə gözləməsi bu baxımdan tamamilə yeni mərhələnin göstəricisi kimi qəbul edilə bilər. Prezidentin çıxışında Azərbaycanın siyasi və iqtisadi sabitliyinin investorlar üçün əsas üstünlüklərdən biri kimi təqdim edilməsi də təsadüfi deyil. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artdığı, müxtəlif regionlarda siyasi və hərbi risklərin yüksəldiyi bir vaxtda investisiya qərarlarında sabitlik və proqnozlaşdırıla bilənlik daha böyük əhəmiyyət qazanır. Azərbaycanın son illərdə özünü məhz belə bir mühitə malik ölkə kimi təqdim etməsi onun investisiya strategiyasının mühüm elementidir. Burada Azərbaycanın coğrafi mövqeyinin yaratdığı imkanları da ayrıca qeyd etmək lazımdır. Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin mühüm istiqamətlərindən birində yerləşir. Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturunun genişləndirilməsi və regional bağlantıların gücləndirilməsi ölkənin yalnız tranzit imkanlarını artırmır, eyni zamanda Azərbaycanı müxtəlif iqtisadi layihələrin kəsişmə nöqtəsinə çevirə bilər. Bu məsələ xüsusilə indiki qlobal şəraitdə aktualdır. Dünyanın müxtəlif bölgələrində yaranan siyasi və iqtisadi gərginliklər ənənəvi təchizat zəncirlərinin və nəqliyyat marşrutlarının yenidən nəzərdən keçirilməsinə səbəb olur. Belə bir şəraitdə alternativ və təhlükəsiz bağlantı imkanlarına malik ölkələrin əhəmiyyəti artır. Azərbaycanın qarşısında duran vəzifə isə bu coğrafi üstünlüyü real iqtisadi dəyərə çevirməkdir. Prezident İlham Əliyevin xarici şirkətlərin Azərbaycanda ofislər açması və ölkədə daha fəal iştirak etməsi ilə bağlı fikirləri də bu baxımdan diqqət çəkir. İnvestorun Azərbaycanda sadəcə layihəyə maliyyə yatırması ilə onun burada uzunmüddətli tərəfdaş kimi fəaliyyət göstərməsi arasında ciddi fərq var. Yerli iqtisadi mühitə inteqrasiya edən şirkət texnologiya, idarəetmə təcrübəsi və insan kapitalının inkişafı baxımından daha böyük təsir yarada bilər. II Bakı Beynəlxalq İnvestisiya Forumunun ən mühüm siyasi-iqtisadi nəticəsi məhz budur: Azərbaycan özünü artıq yalnız sərmayəyə ehtiyacı olan ölkə kimi deyil, beynəlxalq kapital üçün konkret imkanlar və tərəfdaşlıq təklif edən ölkə kimi təqdim edir. Bu yanaşmanın arxasında son otuz ildə formalaşmış iqtisadi potensial, maliyyə imkanları, infrastruktur və regional mövqenin yaratdığı imkanlar dayanır. Eyni zamanda, forum Azərbaycanın öz inkişaf hekayəsini beynəlxalq investorların qarşısında təqdim etməsi üçün mühüm imkan yaratdı. Prezidentin də qeyd etdiyi kimi, ölkə haqqında ən obyektiv təsəvvürü formalaşdırmağın yolu yalnız rəsmi məlumatlarla tanış olmaq deyil, Azərbaycanı yerində görmək, burada fəaliyyət göstərən insanlarla və şirkətlərlə ünsiyyət qurmaqdır. Əminə Ağazadə Milli Məclisin deputatı Geri dön |