Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi:"3 oktyabr 1993-cü il – Azərbaycanın müstəqil inkişaf yolunun təməlinin qoyulduğu tarixi gün"

Adəm İsmayıl Bakuvi:"3 oktyabr 1993-cü il – Azərbaycanın müstəqil inkişaf yolunun təməlinin qoyulduğu tarixi gün"


Bu gün, 18:47. Yazar: azer
Adəm İsmayıl Bakuvi:"3 oktyabr 1993-cü il – Azərbaycanın müstəqil inkişaf yolunun təməlinin qoyulduğu tarixi gün"

3 oktyabr 1993-cü il Azərbaycan tarixində xalqın ölkənin gələcəyi ilə bağlı mühüm siyasi seçim etdiyi, dövlətçiliyin taleyinə birbaşa təsir göstərən tarixi günlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi sadəcə ölkə rəhbərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmırdı. Bu seçim Azərbaycanın üzləşdiyi mürəkkəb problemlərin aradan qaldırılması, dövlət müstəqilliyinin qorunması və ölkənin sabit inkişaf yoluna çıxarılması baxımından mühüm dönüş mərhələsi idi.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri qeyd edib ki,1993-cü ildə Azərbaycan son dərəcə ağır siyasi, iqtisadi və hərbi vəziyyətlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyindəki böhran, ictimai-siyasi qarşıdurmalar, separatizm təhlükəsi, iqtisadi çətinliklər və müharibənin yaratdığı ağır nəticələr cəmiyyətdə ciddi narahatlıq doğurur, insanların gələcəyə olan inamını sarsıdırdı. Belə bir mürəkkəb şəraitdə Azərbaycan cəmiyyətinin böyük hissəsi ölkəni böhrandan çıxara biləcək, dövlətçiliyi qoruyacaq və sabitliyi təmin edəcək güclü siyasi liderə ehtiyac duyurdu. Müxtəlif bölgələrdən səslənən çağırışlar, xalqın tələbləri və siyasi proseslərin gedişi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını şərtləndirən əsas amillərdən oldu.

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Heydər Əliyev ilk növbədə dövlət idarəçiliyinin möhkəmləndirilməsinə, qanunun aliliyinin təmin edilməsinə, ictimai-siyasi sabitliyin yaradılmasına və vətəndaşların dövlətə inamının bərpa olunmasına diqqət yetirdi. Onun siyasi iradəsi və strateji baxışı nəticəsində ölkənin parçalanması təhlükəsinin qarşısı alındı, dövlət institutlarının fəaliyyəti gücləndirildi və Azərbaycanın gələcək inkişafı üçün möhkəm siyasi və institusional əsaslar formalaşdırıldı.

3 oktyabr seçkilərinin tarixi əhəmiyyəti də məhz bununla bağlı idi. Xalq həmin gün yalnız bir şəxsi dövlət başçısı seçmədi, eyni zamanda ölkənin gələcək inkişaf istiqaməti ilə bağlı strateji qərar verdi. Bu seçim dövlətçilik ənənələrinin qorunmasına, milli maraqların əsas götürülməsinə və Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsinə əsaslanan siyasi xəttin dəstəklənməsi anlamına gəlirdi.

Heydər Əliyevin prezidentliyi dövründə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsinə mühüm təsir göstərdi. Ölkənin beynəlxalq əlaqələri genişləndi, dünya dövlətləri ilə münasibətlər yeni məzmun qazandı və Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. “Əsrin müqaviləsi” kimi strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar yaratdı və gələcək enerji strategiyasının əsas istiqamətlərini müəyyənləşdirdi. Bununla yanaşı, ordu quruculuğu, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndərin siyasi irsinin əsas xüsusiyyətlərindən biri də onun yalnız mövcud problemlərin həllinə deyil, Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanması idi. Heydər Əliyev müstəqil dövlətin dayanıqlı inkişafı üçün möhkəm siyasi, iqtisadi və hüquqi təməllərin yaradılmasının vacibliyini dərindən anlayırdı. Məhz buna görə onun müəyyən etdiyi strateji inkişaf xətti sonrakı dövrdə də Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildi.

Bu gün həmin siyasi strategiyanın nəticələrini Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdə müşahidə etmək mümkündür. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji siyasi xətti müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirərək onu yeni məzmunla zənginləşdirib. İqtisadi potensialın artırılması, geniş sosial layihələrin həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və müdafiə imkanlarının gücləndirilməsi bu siyasətin ardıcıllığını nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional proseslərdə və beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib. 2020-ci ildə ərazi bütövlüyünün bərpa olunması və sonrakı mərhələdə ölkənin suverenliyinin tam təmin edilməsi isə Ulu Öndərin müəyyən etdiyi siyasi strategiyanın uzunmüddətli mahiyyətini bir daha ortaya qoydu.

Müsahibimiz daha sonra bildirib ki, bu baxımdan 3 oktyabr 1993-cü il yalnız Azərbaycanın siyasi tarixində qalan mühüm hadisə deyil, həm də ölkənin bugünkü inkişaf reallıqlarının formalaşmasında mühüm başlanğıc mərhələlərindən biridir. Həmin gün xalqın verdiyi qərar dövlətçilik naminə mühüm siyasi seçim kimi tarixə düşdü. Bu seçim Azərbaycanın gələcək inkişaf istiqamətini müəyyənləşdirdi və zaman keçdikcə həmin strateji xətt daha da möhkəmləndi.

3 oktyabr tarixini xatırlayarkən nəzərə almaq lazımdır ki, dövlətlərin tarixində elə dönüş anları mövcuddur ki, həmin məqamlarda qəbul edilən qərarlar uzun illər ərzində ölkənin siyasi və ictimai inkişafına təsir göstərir. 1993-cü il 3 oktyabr da Azərbaycan üçün belə tarixi mərhələlərdən biri oldu. Xalqın seçimi ilə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ölkənin dövlətçilik tarixində yeni səhifə açdı. Həmin siyasi xətt sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək Azərbaycanın inkişafında yeni mərhələlərin formalaşmasına zəmin yaratdı- deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Geri dön