Ana Sayfa > Siyasət > II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və Azərbaycanın geoiqtisadi baxışı

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və Azərbaycanın geoiqtisadi baxışı


Bu gün, 15:39. Yazar: azer
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və Azərbaycanın geoiqtisadi baxışı

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin qlobal iqtisadi müstəvidəki mövqeyini, habelə Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən geoiqtisadi baxışını nümayiş etdirən mühüm platformaya çevrildi. Forum çərçivəsində təşkil olunmuş “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusundakı xüsusi paneldə dövlət başçısı İlham Əliyevin iştirakı, aparıcı beynəlxalq maliyyə təsisatlarının rəhbərləri və investorlarla aparılan dialoq Azərbaycanın yaxın onillik üçün müəyyənləşdirdiyi strateji hədəfləri aydın şəkildə ortaya qoydu.

Tədbirin moderatoru — “Global Infrastructure Partners” şirkətinin sədri, baş icraçı direktoru və OpenAI İdarə Heyətinin üzvü Adebayo Ogunlesi panelin açılışında Azərbaycanın son 20 ildən artıq müddət ərzində qət etdiyi inkişaf yolunu misilsiz bir transformasiya kimi xarakterizə etdi. Zalda ümumilikdə 30 trilyon dollar dəyərində aktivləri idarə edən beynəlxalq investorların əyləşdiyini vurğulayan A.Ogunlesi, ölkənin əldə etdiyi makroiqtisadi göstəriciləri ətraflı şəkildə diqqətə çatdırdı.

Son iki onillik ərzində həyata keçirilən məqsədyönlü iqtisadi siyasi kurs Azərbaycanın maliyyə dayanıqlığını və suverenliyini tam təmin etmişdir. Moderasiya zamanı təqdim olunan rəqəmlər ölkənin iqtisadi sıçrayışını əyani şəkildə sübut edir. Azərbaycanın Ümumi Daxili Məhsulu 10 dəfə artaraq 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlmiş, adambaşına düşən ÜDM göstəricisi isə 8 dəfədən çox artımla 900 dollardan 7500 dollara çatmışdır. Həyata keçirilən sosial yönümlü layihələr nəticəsində ölkədə yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə endirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 840 milyon dollardan 75 milyard dollara çatdırılmaqla 90 dəfə böyümüşdür. Dövlət başçısı tərəfindən Fondun aktivlərinin yaxın gələcəkdə 100 milyard dollar həddinə çatdırılması əsas hədəf kimi qoyulmuşdur.

İqtisadiyyatın şaxələndirilməsi sahəsində də mühüm uğurlar əldə edilmişdir. Qeyri-neft-qaz sektoru dörd dəfə yarım böyümüş və 2025-ci ilin yekunlarına əsasən qeyri-neft sektoru ümumi ÜDM-in 71 faizini təşkil etmişdir. Neft hasilatının təbii azalması fonunda, 2003-cü ildə 5 milyard kubmetr olan təbii qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə çatdırılmışdır. Azərbaycan Avropa və Türkiyənin enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşa çevrilmiş, bp, TotalEnergies, ADNOC və Exxon kimi nəhəng şirkətlərlə əməkdaşlığı daha da genişləndirmişdir. Bütün böyükmiqyaslı infrastruktura, sosial proqramlara və müdafiə sahəsinə yatırılan sərmayələrə baxmayaraq, xarici dövlət borcunun ÜDM-ə nisbəti 22 faizdən 20 faizə endirilmişdir ki, bu göstərici inkişaf etmiş bir çox aparıcı dövlətlərin borc nisbətindən qat-qat aşağıdır. Paralel olaraq, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etmiş, Ağ Evdə sülh sazişinin imzalanması ilə regional sabitliyə zəmin yaratmış, habelə COP29 kimi möhtəşəm qlobal tədbirə ev sahibliyi edərək beynəlxalq nüfuzunu zirvəyə qaldırmışdır.

Cənab Prezident İlham Əliyev çıxışında əldə olunmuş iqtisadi və maliyyə müstəqilliyinin gələcək inkişaf üçün möhkəm bünövrə təşkil etdiyini bildirmişdir. Son 20 ildə ölkəyə 350 milyard dollardan çox investisiyanın yatırıldığını, bunun yarısının birbaşa xarici investisiyalar olduğunu vurğulayan dövlət başçısı, Azərbaycanın növbəti onillikdə diqqət yetirəcəyi strateji prioritetləri açıqlamışdır.

Bu prioritetlərin başında yaşıl enerji və bərpaolunan resursların inkişafı dayanır. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunun külək energiyası potensialı 157 giqavat təşkil edir. Strateji hədəf daxili elektrik enerjisi istehsalında təbii qazdan istifadəni minimuma endirmək, qənaət olunan qazı ixraca yönəltmək və qarşıdakı beş il ərzində ölkənin bütün regionlarında bərpaolunan enerji mənbələrini istismara verməkdir. Əldə olunacaq əlavə yaşıl enerji potensialı həm regional elektrik şəbəkələri vasitəsilə enerjinin ixracına, həm də daxili rəqəmsallaşmaya yönəldiləcəkdir. Yaranan enerji artıqlığı süni intellekt data mərkəzlərinin yüksək elektrik tələbatını qarşılamaq üçün istifadə olunacaq ki, bu da ölkəni regionun rəqəmsal qovşağına çevirəcəkdir. İqtisadiyyatın digər yeni drayveri isə dağ-mədən sənayesidir. Tədbirdən bir neçə gün əvvəl qəbul edilmiş 4 illik Dövlət Proqramı bu sahəyə böyük həcmdə xarici və yerli investisiyaların cəlb edilməsinə, yeni yataqların istismarına və emal sənayesinin canlanmasına təkan verəcəkdir.

Qlobal təchizat zəncirlərinin qırıldığı və geosiyasi risklərin artdığı müasir dövrdə Azərbaycanın tranzit-logistika imkanları müstəsna əhəmiyyət kəsb edir. Ölkənin dənizə birbaşa çıxışı olmasa da, vaxtında atılmış infrastruktur addımları və proqnozlaşdırılan xarici siyasət sayəsində Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat koridorlarının kəsişməsində yerləşən əsas haba çevrilmişdir. Dəmir yolu şəbəkəsinin 60 faizi elektrikləşdirilib, müasir limanlar, avtomobil yolları və yük aviasiyası infrastrukturu qurulub. Ölkə ərazisindən keçən tranzit yükdaşımalarının həcminin bu il 16 milyon tona çatacağı gözlənilir, 2030-cu ilə qədər servesə bu göstəricini 25 milyon tona və daha yuxarı səviyyəyə qaldırmaq hədəflənir.

Mərkəzi Asiya regionu ilə inteqrasiya da bu strategiyanın vacib hissəsidir. Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi tarixi hadisə olmuşdur. Coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi, nəqliyyat və rəqəmsal tənzimləmələr baxımından böyük Mərkəzi Asiya regionunun ayrılmaz hissəsi kimi çıxış edir. Yekun olaraq, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu göstərdi ki, Azərbaycan yalnız neft-qaz resursları ilə deyil, həm də bərpaolunan enerjisi, inkişaf etmiş logistika şəbəkəsi, şəffaf biznes mühiti və regional inteqrasiya təşəbbüsləri ilə qlobal investisiyalar üçün sabitlik və etimad adası rolunu oynamaqda davam edir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Geri dön