Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur

Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur


Bu gün, 11:32. Yazar: azer
Anar Nəbiyev: Azərbaycan investisiya cəlbediciliyini qoruyur

Sentyabrın 26-da dövlət başçısı İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olundu.  Prezident İlham Əliyev tədbirdə iştirak etdi. Forum ölkəmizin qeyri-neft sektoru, yaşıl enerji və regional logistika sahələrindəki geniş investisiya imkanlarını növbəti dəfə qlobal müstəviyə çıxardı. Azərbaycanın artan iqtisadi potensialından və investorlar üçün təklif etdiyi strateji üstünlüklərindən geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, böyük potensiala malik sahələrdən biri də  mədənçilikdir. Cəmi bir neçə gün bundan əvvəl mədənçiliklə əlaqədar Dövlət Proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Dövlətimizin başçısı onu da vurğuladı ki, biz bir amili - neft və qazı unutmamalıyıq. Xüsusilə nəzərə alsaq ki, bu il çox sayda müqavilələr imzalanıb və bu gün də imzalanacaq. Yəni neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsinin yol açdığı uğurlar göz qabağındadır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan zaman-zaman qaz, elektrik enerjisi ixracatçısına çevrildi. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Hər zaman qeyd edildiyi kimi, bu, son rəqəm deyil. Ölkəmizin malik olduğu ehtiyatlar ölkələrin coğrafiyasını genişləndirməyə, yəni qaz ixracını artırmağa geniş imkanlar yaradır. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını üstünlüklərimizdən biri kimi önə çəkən Prezident İlham Əliyev bildirdi ki, görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır. Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik.

Bərpaolunan enerji sahəsində  çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda  157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.

Prezident İlham Əliyev onu da qeyd etdi ki,  biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq: “İlk növbədə, biz ev tapşırığımızı yerinə yetirməli idik. Yəni fiziki infrastruktur qurulmalı idi… Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur. Beləliklə, bu, mühüm bir mərhələ idi. Tranzit ölkəyə çevrilmək üçün bizim, sözsüz ki, qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacımız var idi. Əks halda, dənizə çıxışı olmayan bir ölkə olaraq, nə qədər çox çalışsanız da, uğur qazana bilməzsiniz. Bu da həyata keçirildi. Bu gün bütün qonşularla münasibətlər çox aydın, ən əsası isə proqnozlaşdırıla biləndir”.

Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu gün istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Azərbaycan  bu iki mühüm qovşaq üzərində yerləşir. Azərbaycan  hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biridir. Hədəf 2030-cu ilədək  hər iki istiqamətdə,  həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Ölkəmiz bu məqsədlə  qonşularla fəal əməkdaşlıq prosesindədir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön