Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Yaşıl enerji siyaszəti Azərbaycanın yeni inkişaf üfüqlərini müəyyənləşdirir”

Azər Kərimli: “Yaşıl enerji siyaszəti Azərbaycanın yeni inkişaf üfüqlərini müəyyənləşdirir”


Bu gün, 15:23. Yazar: azer
Azər Kərimli: “Yaşıl enerji siyaszəti Azərbaycanın yeni inkişaf üfüqlərini müəyyənləşdirir”

“Dünya iqtisadiyyatında baş verən dəyişikliklər enerji təhlükəsizliyi ilə dayanıqlı inkişaf arasındakı əlaqəni daha da gücləndirir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, enerji mənbələrinin şaxələndirilməsi və təmiz enerji istehsalının genişləndirilməsi dövlətlərin iqtisadi strategiyalarında mühüm yer tutur. Azərbaycan da malik olduğu zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi və formalaşmış enerji infrastrukturu ilə bu prosesdə fəal iştirak edir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi fikirlər ölkəmizin enerji siyasətində yeni mərhələnin prioritetlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı çıxışında bərpaolunan enerjini Azərbaycanın əsas inkişaf istiqamətlərindən biri kimi səciyyələndirib. Günəş və külək enerjisinin istehsalı üçün mövcud olan geniş imkanlar ölkəmizin enerji balansını yeniləməyə, iqtisadi potensialını daha səmərəli reallaşdırmağa şərait yaradır. Bu yanaşma yalnız yeni elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Söhbət gələcək nəsillərin maraqlarını nəzərə alan, təbii sərvətlərdən rasional istifadəyə və iqtisadi dayanıqlılığın gücləndirilməsinə əsaslanan inkişaf modelindən gedir.”

Milli Məclisin deputatı Azər Kərimli bunları aia.az-a açıqlamasında deyib.

Parlament üzvü qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji sahəsində qarşıya qoyduğu məqsədlər enerji istehsalının strukturunda mühüm dəyişikliklər vəd edir: “Prezident İlham Əliyevin qarşıdakı beş ildə yaşıl enerjinin ölkənin bütün ərazilərində geniş yayılacağına dair fikirləri bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərin miqyasını göstərir. Günəşli günlərin və külək enerjisi imkanlarının genişliyi alternativ enerji layihələrinin inkişafı üçün əlverişli zəmin yaradır. Bu potensialın reallaşdırılması isə həm yerli istehsalın artmasına, həm də beynəlxalq investorların Azərbaycan bazarına marağının genişlənməsinə xidmət edə bilər. Yaşıl enerjiyə keçidin mühüm iqtisadi tərəflərindən biri təbii qaz ehtiyatlarından istifadənin daha səmərəli təşkilidir. Azərbaycanın strateji yanaşması qazdan daxili enerji istehsalında istifadənin mümkün qədər azaldılması, bunun əvəzində isə ixrac imkanlarının genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji mənbələrinin inkişafı bir tərəfdən ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsində yeni imkanlar yaradır, digər tərəfdən isə təbii sərvətlərin iqtisadi dəyərinin artırılmasına şərait formalaşdırır. Bu, enerji siyasətinin həm ekoloji, həm də iqtisadi məqsədlərini uzlaşdıran yanaşmadır. Məsələnin digər mühüm tərəfi investisiyaların cəlb edilməsidir. Bərpaolunan enerji layihələri böyük maliyyə vəsaitləri, müasir texnologiyalar və uzunmüddətli əməkdaşlıq tələb edir. Azərbaycanın bu sahədə qarşıya qoyduğu hədəflər beynəlxalq şirkətlər üçün yeni fəaliyyət istiqamətləri açır. Xarici tərəfdaşların texnoloji təcrübəsi ilə ölkəmizin təbii potensialının birləşdirilməsi enerji infrastrukturunun inkişafına, yeni istehsal imkanlarının yaradılmasına və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verə bilər. Eyni zamanda, bu layihələr yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün də imkanlar yaradır. Enerji keçidi Azərbaycanın beynəlxalq bazarlardakı mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Ənənəvi enerji resurslarının ixracında uzun illər ərzində formalaşmış təcrübə ölkəmizə yeni enerji istiqamətlərini inkişaf etdirmək üçün mühüm baza verir. Bərpaolunan mənbələr hesabına istehsal olunan elektrik enerjisinin gələcəkdə ixrac imkanlarının genişləndirilməsi Azərbaycanın enerji tərəfdaşı kimi rolunu daha da artırmaq potensialına malikdir. Bu prosesdə müasir ötürücü infrastrukturun yaradılması və regional enerji əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan prioritetlər göstərir ki, Azərbaycan enerji siyasətini dəyişən qlobal reallıqlara uyğunlaşdırır. Ənənəvi enerji sektorunun imkanlarını qorumaqla yanaşı, yaşıl enerjiyə sərmayə qoyuluşunun artırılması ölkənin gələcək inkişafına hesablanmış strateji seçimdir. Bu siyasət iqtisadiyyatın şaxələndirilməsinə, ixrac potensialının genişlənməsinə və beynəlxalq investisiya əməkdaşlığının dərinləşməsinə xidmət edir” – deyə, Azər Kərimli açıqlamasını sona çatdırıb.
Geri dön