Ana Sayfa > Gündəm > 27 Sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir

27 Sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir


Bu gün, 14:35. Yazar: azer
27 Sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində 27 Sentyabr – Anım Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

aia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin altıncı ildönümündə Hərbi Memorial Məzarlıqda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, Zəfər parkında Zəfər abidəsini ziyarət etmişlər.

Anım tədbirlərinin davamında Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətindən danışılmış, hərbçilərin döyüş meydanında nümayiş etdirdikləri şücaət, mərdlik və fədakarlığın xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biri olduğu bildirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyi, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu xüsusi qeyd edilmişdir.

Bildirilmişdir ki, Vətən müharibəsində sərhədçilər üzərlərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişlər.

Şəhidlərimizin əziz xatirəsinin Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən daim uca tutulduğu və onların döyüş yolunun gənc sərhədçilər üçün Vətənə sədaqət nümunəsi olduğu vurğulanmışdır.

Tədbirin sonunda şəxsi heyətə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Geri dön