Ana Sayfa > Dünya > Hələ də ağıllanmadılar - "Artsax" adından sarsaq açıqlamalar

Hələ də ağıllanmadılar - "Artsax" adından sarsaq açıqlamalar


Bu gün, 18:11. Yazar: vasif
Hələ də ağıllanmadılar - "Artsax" adından sarsaq açıqlamalar


Şahramanyan vaxtilə qondarma “DQR”ın buraxılması barədə sənəd imzalayıb, indi isə yenə dili uzanıb

aia.az xəbər verir ki, özünü hələ də “Artsax prezidenti” adlandıran Samvel Şahramanyan yenidən Qarabağ mövzusunda iddialı açıqlamalarla çıxış edib.

Halbuki məhz Şahramanyanın imzaladığı 28 sentyabr 2023-cü il tarixli fərmanda qondarma “DQR”ın bütün "dövlət qurumlarının" buraxılması və qondarma qurumun 2024-cü il yanvarın 1-dən mövcudluğuna xitam verilməsi nəzərdə tutulmuşdu. Fərmanda bu qərarın 19 sentyabr hadisələrindən sonra yaranmış hərbi-siyasi vəziyyət və əhalinin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə bağlı olduğu göstərilirdi.

İndi isə həmin Şahramanyan yenidən “Artsax”ın mövcudluğundan, onun “kollektiv hüquqlarından” və Qarabağ ermənilərinin geri qayıdışından danışır. Şahramanyan 44 günlük müharibənin altıncı ildönümü ilə bağlı İrəvandakı “Yerablur” hərbi panteonunda jurnalistlərin suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin siyasi kursunun “Artsaxın mövcudluğu ilə uyğun olmadığını” bildirib.“Mənə elə gəlir ki, Ermənistan hakimiyyətinin seçdiyi yol və bu hakimiyyəti seçən xalq Artsaxın mövcudluğu ilə uyğun gəlmir”, – Şahramanyan deyib.Beləliklə, vaxtilə rəhbərlik etdiyi separatçı qurumun buraxılması ilə bağlı fərmana imza atan Şahramanyan indi həmin qurumun siyasi gündəmini yenidən dirçəltməyə çalışır. Üstəlik, Şahramanyan hazırda Qarabağ ermənilərinin bölgəyə qayıtması üçün real imkan görmədiyini də etiraf edib. Onun sözlərinə görə, buna baxmayaraq, məsələ beynəlxalq gündəmdə saxlanılmalıdır.

Şahramanyan 2023-cü il sentyabr hadisələrindən sonra silahlı müqavimətin davam etdirilməli olduğu barədə ona ünvanlanan ittihamları isə yenidən ətraflı cavablandırmayıb. O, bu suala əvvəllər də cavab verdiyini bildirib. 44 günlük müharibə barədə danışan Şahramanyan isə Ermənistan tərəfinin həmin nəticəyə yol verməmək üçün mümkün olan hər şeyi etməli olduğunu söyləyib. Onun fikrincə, “Artsaxın ləğvinin başlanğıcı” məhz 44 günlük müharibənin nəticələri ilə qoyulub.

Azərbaycanla sülh məsələsinə toxunan Şahramanyan “sülhə can atdığını” desə də, əsas sualın “hansı sülhün istənildiyi və onun üçün hansı qiymətin ödənildiyi” olduğunu bildirib. O, Bakıda saxlanılan separatçı rejimin keçmiş rəhbərlərinin məsələsini də gündəmə gətirib və onların həbsdə qalmasını sülh prosesi ilə bağlamağa çalışıb. Şahramanyan həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Bakı ilə İrəvan arasında iş aparılmasının vacibliyini deyib.

Şahramanyan “Artsax”ın siyasi institutlarının fəaliyyətini davam etdirməsini dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin bu istiqamətdə siyasətinin olmaması həmin fəaliyyətə mane olur.

Qondarma qurumun "parlamentinin sədri " kimi özünü təqdim edən Qagik Baqunts da eyni gündə “Artsax xalqının kollektiv hüquqlarından” imtina etmədiyini bildirib. O, “güc tətbiqinin nəticələrinin legitimləşdirilməsini” qəbuledilməz sayıb və Qarabağ ermənilərinin “tarixi vətənlərinə təhlükəsiz və kollektiv qayıdışı” üçün beynəlxalq təminatlar tələb edib.

Ancaq Azərbaycan reallığı baxımından məsələ tamam başqadır. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda separatçı rejimin silahlı və siyasi strukturları fəaliyyətini dayandırıb, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu reallıq fonunda Şahramanyanın “Artsax dövlət institutları”, “kollektiv hüquqlar” və “geri qayıdış” barədə açıqlamaları artıq mövcud olmayan separatçı qurumun siyasi gündəmini yenidən gündəmə gətirmək cəhdi kimi görünür.

Deməli, Qarabağda separatçı rejimin süqutundan üç il keçsə də, onun keçmiş rəhbərləri siyasi ritorikadan əl çəkmək niyyətində deyillər. Lakin siyasi bəyanatlar dəyişə bilər, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı reallıq isə dəyişmir.musavat.com
Geri dön