Ana Sayfa > Dünya > Ermənilər referenduma getməyə

Ermənilər referenduma getməyə


Bu gün, 14:29. Yazar: vasif
Ermənilər referenduma getməyə


ABŞ-da yerləşən nüfuzlu “Gallup” təşkilatı Ermənistanda sorğu keçirib. Musavat.com-un verdiyi xəbərə görə, respondentlərin təqribən 60 faizi Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa Birliyi (AB) arasında seçim edilməsini, referendumun zəruri olduğunu dəstəkləyiblər.

Respondentlərin 38,5%-i mütləq bəli, 20,3%-i çox güman ki, bəli, 9,3%-i çox güman ki, xeyr, 25,1%-i xeyr və 6,9%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib”, - deyə “Gallup”un Ermənistan ofisinin rəhbəri Aram Navasardyan bildirib. O, bildirib ki, respondentlərin 29,4%-i Ermənistanın AİB-də qalmasına, 35,1%-i isə Ermənistanın AİB-dən çıxmasına və Aİ üzvlüyünə doğru irəliləməsinə səs verəcəklərini deyib.

Navasardyanın sözlərinə görə, vətəndaşların 24,7%-i səsvermədə iştirak etməyəcəklərini, 10,9%-i isə cavab verməkdə çətinlik çəkdiyin söyləyib. Qeyd edək ki, 22-24 sentyabr tarixlərində keçirilən telefon sorğusunda 1001 nəfər iştirak edib.

Bu nəticələrdən iki fakt üzə çıxır: birincisi, ermənilərin əksəriyyəti referenduma getməyin tərəfdarıdır. Elə Rusiya lideri Putin də erməni baş naziri Paşinyanı ümumxalq səsverməsinə getməyə tələsdirir. İkinci vacib nüans isə 30 faizə yaxın insanın Aİİ-də qalmağı seçməsidir. Həmçinin 35 faizdən bir qədər çox erməni avrointeqrasiyanı dəstəkləyir.

Ən əsası isə 24 faiz insan referendumda iştirak etmək istəmir. Bu göstəricilər Paşinyan hökuməti üçün mühüm siqnaldır. Üstəlik, “Gallup”un nüfuzlu bir sorğu mərkəzi olduğunu nəzərə alsaq, nəticələr şübhə doğurmur. O baxımdan, referendum keçirilərsə, indiki reallıqda sürpriz baş verməyə bilər, yaxud minimal fərqlə avrointeqrasiya tərəfdarlarının qələbəsi mümkündür.

Necə ki Moldovada çox cüzi fərqlə Aİ tərəfdarları referendumdan üstün çıxdılar. Erməni cəmiyyətində isə nəticələr 4-5 faiz fərqlə Avroatlantik məkana inteqrasiyanı dəstəkləyənlərin xeyrinədir. Amma söhbət bir sorğudan gedir, referendumun nəticələri gözlənilməz də ola bilər. Odur ki, nə Paşinyan Rusiyanın çağırışlarını yerinə yetirir, nə də riskə gedir. Amma sorğunun nəticələrinin obyektivliyinə inansaq, o zaman Rusiya prezidenti referendumda arzuolunmaz mənzərə ilə qarşılaşacaq və Ermənistan AİB-dən çıxacaq. Lakin bu təşkilatı tərk etməsi o demək deyil ki, erməniləri dərhal Aİ-yə üzv qəbul edəcəklər. Əksinə, Ermənistan üçün çətin iqtisadi dövr başlana bilər.

Doğrudur, hazırkı iqtisadi basqılar qarşısında Aİ Ermənistan mallarına ciddi güzəşt tətbiq etdi. Belə ki, erməni mallarının 80 faizi Avropa bazarına qəbul olunacaq və vergi güzəşti tətbiq ediləcək. Bu qərar iki il qüvvədə olacaq. Bu da Rusiyanın erməni məhsullarına qoyduğu embarqo fonunda Qərbdən İrəvana ciddi dəstək və kompensasiyadır. Yəni Rusiyanın Ermənistana iqtisadi təzyiqləri nəticəsiz qala bilər. Necə ki, “Qarabağın Azərbaycana aid olduğunu sizin hökumətin başçısı tanıyıb” deyə Kremldən ermənilərə təhrik xarakterli xitab olunanda, xalqın küçələrə axışıb Paşinyan hakimiyyətini dəyişəcəyini gözləyirdi, amma hədəfinə çatmadı, eləcə də indi referenduma getməyə çağırmaqla, Rusiyanın istədiyi planlar baş tutmaya bilər.
Geri dön