Ana Sayfa > Ölkə > Deputat və qarpızkəsən kişinin nağılı

Deputat və qarpızkəsən kişinin nağılı


Bu gün, 14:30. Yazar: vasif
Deputat və qarpızkəsən kişinin nağılı


Düzünə qalsa, deputatla qarpızsatanın qovğasında mən də xalqımız kimi ikincinin tərəfindəyəm. Bizdə qaydadır, həmişə mütləq zəhmətkeş xalqın, proletariatın tərəfində olmalısan, yoxsa adına “burjuyların trolu” deyərlər.

Onsuz da belə qovğalarda əksəriyyət həmişə kasıbı haqlı sayır. Məsələnin təfərrüatının əhəmiyyəti yoxdur. İki dalaşanın biri kasıbdırsa, kasıb haqlıdır. Bəs dalaşanın ikisi də kasıbdırsa? O zaman digər nüanslara, dini, siyasi mənsubiyyətə, həmyerliliyə baxırlar. İki varlının davasında isə kimin haqlı olduğunu pul həll edir.

Yadınızdadırsa, o vaxt sevimli sənətkarımız Ağadadaş Ağayev klinika mühafizəçisinə gendən balta tolazlayanda əksəriyyət kasıb mühafizəçinin tərəfini tutmuşdu. Startda belə rəy çaşqınlığını klinika rəhbərliyi yaratmışdı, çünki hadisənin xəbərini saytlara “Ağadadaş Ağayev adam baltaladı” kimi servis etmişdilər. Təbii ki, öz vəzifəsini yerinə yetirərkən baltalanmış kasıbı qoyub, “burjuy” sənətkarı dəstəkləmək düzgün olmazdı.

Sonra təfərrüatlar aydın oldu, videogörüntülər yayıldı. O videoların birində cantaraq mühafizəçinin xalqın 70 yaşlı sənətkarını cüdodakı ippon fəndi ilə yerə çırpdığı görünürdü. Ancaq belə detallardan sonra da xalqımız fəhlə-kəndli sinfinin tərəfini tutaraq nazir mahnısı oxuyan, təntənəli konsertlərdə səhnəyə çıxan müğənnini qınamaqda davam etdi.

O üzdən eyni durumun qarpızsatanla (qarpızkəsən də demək olar) deputatın qovğasında yarandığını sezmək mümkündür.

Təcrübə isə deyir, tələsmə, hər iki tərəf öz sözünün göyçəyini söyləyir, həqiqət isə ortalarda bir yerdədir.

Qarpızkəsən qardaşın dediyinə görə, o deputata ağır söz deməyib, amma ola bilər kobud danışıb.

“Kobud danışıb” deyəndə, satıcı Xəyal bəy baxmayıb ki, qarşısındakı yaşlı adamdır, təhər-tövründən universitet professoruna oxşayır (deputatlığını qırağa qoyaq), deyib, sən kimsən, əə.

Razılaşaq ki, bir yaşdan sonra (45+ götürək) gənc biri hörmətsiz müraciət edəndə adamın xətrinə dəyir. Bəhmən Vətənoğlunun dediyi situasiya yaranır: “Qəlbi kövrək bir uşağa dönmuşəm, eh də dəyir, beh də dəyir xətrimə”.

Bildiyiniz kimi, bizim ölkədə küçə-bazar satıcıları ilə supermarket satıcılarının ritorikası fərqlidir. İkincilərin müdirləri hər gün onlara deyirlər ki, müştəri hər zaman haqlıdır, yola verin. Ancaq birincilərin müdirləri özləridir, ona görə də düşünürlər ki, müştəri qələt eləyir, hər zaman haqlı olan məhz satıcıdır.
Ola bilər, Xəyal deputatın iki qarpızı kəsdirib zay etməsindən hirslənib və kobudluq edib. Çünki o, qarpızları kimsə alıb aparacaq, ağ çıxsa da, geri qaytarmayacaqdı və Xəyal 7-8 manat ziyana düşməyəcəkdi, deputat isə dirəşib ki, mütləq qırmızı qarpız almalıdır.

Bizim camaatın mübahisə aparmaq mədəniyyəti mükəmməl olmadığından söhbət zamanı iki cümlədən çox istifadə edir: “Sən kimsən ki, nə edəsən?”; “Get, əlindən gələni beş qaba çək” (bu, sonuncu ifadənin başqa variantları da var: “Əlin, hara qəlbidir, apar, ora qoy”; “Get, kimə deyirsən, de”).

Hər il N qədər adam bu replikaların əziyyətini çəkir. Çünki “sən kimsən” sualı ilə qarşılaşan milli Kim Çen In kimliyini sübut etmək, “əlindən gələni beş qaba çəkmək” üçün müəyyən tədbirlər görür, harasa zəng edir, nəticədə ya adamı gəlib aparırlar, ya da başqa problem yaradırlar.

Deputat da elə edib, amma o, gərək “satıcı məni bıçaqla hədələyirdi” deyə yazığı şərləməyəydi. Çünki müşahidə kamerasına baxanda məlum olub ki, polemika zamanı qarpızkəsən zəhmətkeşin əlində bıçaq olmayıb, “yortaram”, “doğrayaram” kimi fellərdən istifadə etməyib. Ola bilər ki, o, sadəcə, söhbət əsnasında bıçaq tərəfə gözucu baxıb, amma bunu “bıçaqla hədələdi” kimi qələmə vermək olmaz.
Yaxşı ki, hörmətli deputatın şikayət etdiyi satıcı cələkəsən adam əlinə düşməyib. Yoxsa kameraya-filana da baxmazdılar, torbasını tikər, basardılar türməyə, 4 uşağı ac qalardı.

Siz siz olun, dükanda-bazarda heç kimə “heç bilirsənmi, mən kiməm” deməyin və “kimsən ki” cavabı eşitməyin. Gərək satıcılar da heç kimə “sən kimsən ki” deməsinlər. Şəhər prokurorlarla, rəislərlə, sədrlərlə, müdirlərlə, nə bilim, hər cür vəzifəli şəxslərlə doludur, bəziləri də, türkün sözü, alınqandır, kasıba gücləri həmişə çatır.
Samir SARI
Geri dön