Ana Sayfa > Manşet / Siyasət > 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı

27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı


Bu gün, 10:20. Yazar: azer
27 Sentyabr – Zəfərə aparan  yolun başlanğıcı

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə keçmişimizi deyil, milli kimliyimizi, iradəmizi və gələcəyə baxışımızı da müəyyənləşdirir. 27 Sentyabr – Anım Günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqı vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərinin ruhu qarşısında baş əyərək onları böyük ehtiramla yad edir. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi Azərbaycanın müasir tarixinin ən qürurverici səhifələrini təşkil edir. Bu tarix həmçinin, Azərbaycan xalqının 30 il ərzində işğalla barışmadığını, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzmini heç vaxt itirmədiyini nümayiş etdirən mühüm tarixi mərhələdir. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının əsrlər boyu formalaşan azadlıq iradəsinin, milli ləyaqətinin və Vətən sevgisinin ən parlaq təzahürlərindən biri kimi tarixə yazıldı.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili fikirlərinin davamı olaraq bildirib ki, Anım Günü xalqımızın yaddaşında yalnız hüzn və kədər deyil, həm də milli qürur, sarsılmaz iradə və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. 44 gün davam edən İkinci Qarabağ-Vətən müharibəsində əldə olunan şanlı Zəfərimiz Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı, Azərbaycan Ordusunun qəhrəmanlığını tarixə həkk etdi, dövlətimizin gücünü bütün dünyaya göstərdi. ” Dəmir yumruq” işğala son qoydu, Zəfər yeni reallıq yaratdı, yeni reallıq isə əməkdaşlıq üçün qapılar açdı.
Vətən müharibəsi göstərdi ki, dövlətin gücü təkcə silahlanma və hərbi texnika ilə ölçülmür. Dövlətin əsl qüdrəti xalqın öz dövlətinə olan inamında, milli məqsədlər uğrunda səfərbər olmaq bacarığında və çətin məqamda vahid mövqedən çıxış etməsində özünü göstərir. 44 gün ərzində Azərbaycan xalqı dünyaya məhz belə bir birlik nümunəsi nümayiş etdirdi. Döyüş meydanında isə qəhrəman əsgər və zabitlərimiz öz adlarını müasir tariximizin ən şərəfli səhifələrinə yazdılar. 

Deputat qeyd edib ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün uzun müddət diplomatik səylər göstərdi. Lakin beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasına nail olunmaması, Ermənistanın destruktiv mövqeyi və işğal siyasətini davam etdirməsi sülh prosesini nəticəsiz qoydu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər uzun illər icra olunmadı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar isə münaqişənin həllinə deyil, onun uzanmasına və dondurulmasına gətirib çıxardı.

Beynəlxalq hüququn norma və prinsiplərinin selektiv şəkildə tətbiqi, işğalçı ilə işğala məruz qalan tərəfə eyni münasibətin göstərilməsi və qəbul edilmiş qərarların icrasına təsirli mexanizmlərin tətbiq edilməməsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaratdı. Azərbaycan isə bütün bu müddət ərzində beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışdı. Lakin Ermənistanın davamlı təxribatları, atəşkəs rejimini pozması və işğal olunmuş ərazilərdə möhkəmlənmək cəhdləri müharibəni qaçılmaz etdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhəboyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirdi. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Dinc əhali arasında itkilər baş verdi, mülki infrastruktur dağıntılara məruz qaldı. Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.

Beləliklə, xalqımızın 30 ilə yaxın davam edən işğala son qoymaq, doğma torpaqlarını azad etmək və ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəsinin həlledici mərhələsi başlandı. Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək düşmənin müdafiə xətlərini yarıb keçdi, strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa şəhəri və yüzlərlə kənd düşmən işğalından azad olundu.

Noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm hadisələrdən biri oldu. Bu tarixi Qələbə Azərbaycan xalqının iradəsinin, ordumuzun döyüş qabiliyyətinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsi idi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan hərbi-siyasi müstəvidə əldə etdiyi Qələbəni davam etdirərək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytardı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
Bütün bunlar Azərbaycanın tarixi torpaqlarının azadlığı, ərazi bütövlüyünün təmin edilməsi və xalqımızın uzun illər davam edən həsrətinə son qoyulması istiqamətində mühüm mərhələlər oldu.
Vətən müharibəsində qazanılan Qələbə böyük qəhrəmanlıq və fədakarlıq bahasına əldə edildi. Minlərlə Azərbaycan övladı Vətən torpağının azadlığı uğrunda canından keçdi, minlərlə hərbçimiz yaralandı. Onların hər biri xalqımızın yaddaşında qəhrəmanlıq nümunəsi, gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olaraq yaşayacaq.

Lakin 2020-ci il Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifə qalırdı. Ölkəmizin suverenliyinin bütün ərazimizdə tam bərpa edilməsi təmin edilməli idi. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və dövlətimizin konstitusiya quruluşu bütün ərazidə bərpa edildi. Bununla Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, suverenliyini də tam təmin etdi. Bu hadisə 2020-ci ildə qazanılmış Zəfərin məntiqi davamı və dövlətçilik tariximizin mühüm mərhələsi oldu.
Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına dərin ehtiramımızı və minnətdarlığımızı ifadə edirik. Onların bizə əmanət etdiyi azad torpaqları qorumaq, Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək hər birimizin mənəvi borcudur. Şəhidlərimizin qəhrəmanlığı yalnız döyüş meydanında göstərdikləri şücaətlə məhdudlaşmır. Onların Vətən sevgisi, torpağa bağlılığı, xalqına sədaqəti və müqəddəs amal uğrunda həyatlarını fəda etmələri gələcək nəsillər üçün əbədi örnəkdir.

Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya dair siyasəti dövlətimizin bu müqəddəs borca sadiqliyinin təzahürüdür. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin sağlamlığının bərpası, onların cəmiyyətə inteqrasiyası və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu tarix Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
Hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükut elan edilir. Bu sükut xalqımızın şəhidlərimizin xatirəsinə ehtiramını, onların qəhrəmanlığı qarşısında minnətdarlığını və Vətənə olan sonsuz sevgisini ifadə edir.

Bu gün hər bir azərbaycanlı şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların bizə əmanət etdiyi Vətənə sahib çıxmağın məsuliyyətini daha dərindən dərk edir. Çünki müstəqil, suveren və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi ilə ucalıb.

27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, Vətən sevgisi ən ali mənəvi dəyər, torpaq uğrunda canından keçmək isə ən böyük qəhrəmanlıq nümunəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq, Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillərə örnək olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa, şəhid ailələrinə səbir və dözüm versin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Geri dön